Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dünya bazarlarında qiymətli metallar, xüsusilə qızıl durmadan bahalaşır. Bu səhər üçün qızılın 1 unsiyası üçün birja qiymətləri 5600 dolları ötüb və bu hələ son deyil.
Bahalaşma fonunda Azərbaycanın zərgərlik bazarında yaranmış vəziyyət diqqət çəkir. Evlilik, nişan və s. əlamətdar hadisələrlə bağlı qızıla tələbat artdığını nəzərə aldıqda, dünya bazarlarındakı bahalaşmanın qızıla necə təsir edəcəyi maraq doğurur.
Modern.az-a danışan Azərbaycan Zərgərlər Assosasiyasının sədr müavin Rövşən Əmircanov qiymətli metalın bahalaşması fonunda pərakəndə bazarda saxtakarlıq hallarının ola biləcəyini istisna etməyib.
"Ayrı-ayrı hallarla bağlı müraciətlər olduqda isə məsələlər aidiyyəti qurumlara yönləndirilir. Bununla belə, qiymət artımı fonunda bazarda saxtakarlıq risklərinin nəzəri olaraq artması istisna edilmir. Qeyd edirik ki, bu kimi risklər yalnız yerli bazara xas deyil və ümumilikdə qlobal bazarlarda da müşahidə oluna bilən hallar sırasındadır".
Azərbaycan Zərgərlər Assosiasiyasından həmçinin bildirilib ki, 2025-ci il üzrə bazar müşahidələri göstəricisinə görə alıcılar tərəfindən daha çox 585 və 750 əyarlı qızıl məmulatlarına üstünlük verildiyini bildirib:
“Son dövrlərdə qlobal qızıl qiymətlərinin artımı fonunda xüsusilə 585 əyarlı qızıl məmulatlarına marağın daha da artdığı müşahidə olunur. Bu əyar, qiymət və istifadə balansı baxımından alıcılar üçün daha əlçatan hesab edilir. Eyni zamanda qeyd etmək lazımdır ki, ümumilikdə 999.9 əyarlı qızıl (külçə və sikkə formasında) məhsullara da tələbat artmışdır. Bu artım əsasən investisiya yönümlü alışlarla əlaqədardır".
Azərbaycan 2025-ci ilin ilk on ayında 4 milyard 515,06 milyon ABŞ dolları həcmində qızıl alıb.
Yeni rəqəmlərə əsasən, Azərbaycanın qızıl idxalında ən böyük pay Avstraliya (7 104 kq; 760,1 mln $), Rusiya (6 783 kq; 656,7 mln $), ABŞ (4 453 kq; 458,8 mln $), Böyük Britaniya (4 860 kq; 481,2 mln $) və İsveçrə (3 453 kq; 396,3 mln $) kimi ölkələrin payına düşür. Qazaxıstan, Özbəkistan, Cənubi Afrika Respublikası və Kanada da əsas tədarükçülər sırasındadır.
Bu gün - yanvarın 29-da Azərbaycanda 1 unsiya qızılın qiyməti 8 918.1150 manat, 1 qram qızıl isə 286.72 manat təşkil edir. Qızıl növləri üzrə qiymətlərə görə, 999 əyyar təmiz qızılın 1 qramı 286.72 manat, 750 əyyar İtalyan qızılı 215.26 manat, 585 əyyar Türk qızılı 167.90 manat, 582 əyyar Rus qızılı isə 167.04 manat olub.
Qeyd etdiyimiz kimi, qiymət artımı dünya bazarlarında qızılın bahalaşması fonunda baş verir.