Qızım qulaqlarımdan yapışıb məni döydü

19.06.2026

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cəlilabad rayonunda 37 yaşlı qadın anasına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Cəlilabad şəhəri, Mehdi Hüseyn küçəsində olan fərdi evlərdən birində bu ilin yanvarın 27-də baş verib. 
1989-cu il təvəllüdlü Lerik rayon sakini Rəhilə Cəlilabad şəhərində kirayədə yaşadığı nömrəsiz fərdi yaşayış evinin mətbəx otağında anası Sahilə (adlar şərtidir – red.) ilə mübahisə edib. 
Ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı Rəhilə əlləri ilə anasının qulaqlarından yapışaraq ona fiziki xəsarətlər yetirib. 
İş üzrə izahat verən Rəhilə bildirib ki, Sahilə onun doğma anasıdır:
“13 il müddətdir ki, ərim Ayazdan boşanıb, himayəmdə olan iki azyaşlı övladlarım ilə birgə Cəlilabad şəhərində kirayədə yaşayıram. Məlum hadisədən əvvəl anam Sahilə ilə birgə yaşadığımız evdə aramızda mübahisə yarandı. Mübahisənin baş verməsinə səbəb isə müvəqqəti kirayədə yaşadığımız evin təbii qazın istifadəsinə görə kommunal borcun yaranması olub. Həmin kommunal borca görə anam məni təhqir etdi və bu səbəbdən də əvvəlcə Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verdi. Daha sonra bizdən ayrı müvəqqəti işləmək üçün Bakı şəhər ərazisində yaşayan atama Rəhmana anamın hərəkətləri barədə məlumat verdim. Həmin tarixdə atam gec saatlarda evə gəldi. Bu səbəblə də həmin tarixdə heç bir münaqişə baş vermədi”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, məlum hadisə günü, səhər saat 10 radələrində yuxudan oyanıb və nahar yeməyi qəbul etmək üçün atası ilə birgə söhbət edib:
“Bu zaman anamın otağa daxil olduğunu gördüm. O, mənə irad bildirdi, nə səbəblə onu təhqir etdiyimi deyərək, üzərimə hücum çəkdi. Həmin vaxt atam yan otağa getdi. Özümü müdafiə etmək niyyəti ilə anamın iki qulaq nahiyəsindən yapışaraq dırnaq nahiyəm ilə onun qulaq nahiyəsinə xəsarət yetirdim. Daha sonra isə öyrəndim ki, anam aldığı bədən xəsarətinə görə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına gedib və ilkin tibbi yardım alıb”. 
İş üzrə zərərçəkmiş Sahilənin sözlərinə görə, qızı Rəhilə ilə birgə yaşadıqları evdə kommunal borc olan qaz pulu üstündə münaqişə yaranıb:
“Həmin münaqişə zamanı qızım tərəfindən təhqir olundum, evdən qovuldum. Bununla bağlı polisə məlumat vermək məcburiyyətində qaldım. Həmin tarixdə qızımla baş vermiş münaqişə ilə bağlı polisə məlumat verdim, sonra isə bir qrup polis əməkdaşları yaşadığımız ünvana gələrək, məni kirayədə yaşadığım evə daxil olmağıma köməklik etdi”. 
Zərərçəkmiş deyib ki, qızı Rəhilə onun barəsində böhtan xarakterli məlumatlarla həmin tarixdə evdə olmayan əri Rəhmana məlumat verdi. Ərim də həmin tarixdə gecə saatlarında kirayədə yaşadığımız evə gəlsə də, lakin heç bir mübahisəmiz baş vermədi”. 
Sahilənin sözlərinə görə, yanvarın 27-də, səhər saat 10 radələrində yuxudan oyanıb və qızı Rəhilənin qaldığı otağa daxil olub:
“Orada ərim Rəhmanla eşidə bilməyəcəyim şəkildə söhbət apardığını gördüm. Buna görə də Rəhmanın yanında qızıma irad bildirdim ki, nə səbəblə məni təhqir edir. Həmin vaxt qızım üzərimə hücum çəkdiyini gördüm. Buna görə də əllərim ilə onun saçından tutaraq özümü müdafiə etmək istəsəm də, lakin qızım hər iki qulaq nahiyəmdən yapışdı, qəsdən dırnağı ilə sol qulaq nahiyəmə xəsarət yetirdi”. 
Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə Rəhilə aylıq qazancının 10 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 ay müddətə islah işləri cəzasına məhkum edilib. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью