Qızını məktəbə aparan şəhid

15.09.2026

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Səhər evdən çıxanda ətrafa ürkək baxışlarla necə boylandığını dedilər. Dedilər ki, Faidə məktəbə babasının, nənəsinin, anasının, əmisinin, bibisinin, qohumların, qonşuların əhatəsində getsə də, gözü elə hey yol çəkirmiş. Ayağını sürüyürmüş ki, atası da gəlsin…

Mələk qızım, bu gün səni birinci sinfə yola salanların arasında atan da vardı. Sən görməsən də, o, hamıdan əvvəl, dan yeri yenicə ağarmağa başlayanda gəlmişdi. Sənin yuxudan oyanmağını, yemək yeməyini gözlədi. Sonra sizinlə birlikdə məktəbə getdi. Sinif otağına daxil olana kimi səni gözündən kənar qoymadı…

Faidə, bu gün səni məktəbə aparanların hamısı geri qayıtsa da, atan hələ də oradadır. Allah babanın yanına çəkilib sənin dərsdən çıxmağını gözləyir.

Gözəl qızım, əmin ol ki, atanın ruhu daim səninlədir. Sabah məktəbə gedəndə atan yenə yanında olacaq. Küləkli payızda da, soyuq qışda da səni tək qoymayacaq. Biləsuvardakı Cəbrayıl qəsəbələrinə qar yağanda, 11-ci qəsəbənin yollarını buz bağlayanda, səninlə birlikdə atan da üşüyəcək. Balaca, zərif əllərini ovucuna alıb isidə bilmədiyi üçün qəlbi sızlayacaq.

Qızların sevinci ataların sevinci, kədəri ataların kədəridir...

Ağıllı qızım, bilirəm ki, sən heç vaxt atanı kədərləndirməyəcəksən. İnanıram ki, əla qiymətlər alıb həmişə atanın ruhunu şad edəcəksən. Şəhid baş leytenant Təhmasib Mustafayevin qızına bu yaraşır!

Faidə, bu gün səninlə birlikdə minlərlə uşaq məktəb həyatına qədəm qoydu. Ata yurdun Cəbrayılda, Füzulidə, Zəngilanda, Laçında, başından heç vaxt duman əskik olmayan Şuşada sənin kimi körpə fidanlar birinci sinfə getdilər. Atan Təhmasib Sərməst babanın, Kifayət nənənin torpaq həsrəti çəkməməsi, sənin kimi gül balaların doğma yurdda məktəbə getməsi üçün müharibəyə getdi. Atanın müqəddəs qanının axdığı o torpaqlarda indi güllər çiçək açır. Sən böyüyüb Vətən üçün layiqli övlad olanda isə atanın arzuları çiçək açacaq.

Uğur olsun, qızım!

Seymur Verdizadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью