Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Azərbaycan qanunvericiliyinə görə, miras əmlak vərəsələr arasında bərabər paylarla bölünür. Əgər miras qoyan şəxs evli olubsa və əmlak birgə nikah dövründə əldə edilibsə, həmin əmlakın yarısı sağ qalan həyat yoldaşının mülkiyyəti hesab olunur. Yəni evin 50 faizi həyat yoldaşına məxsusdur, digər 50 faizi isə miras əmlakına daxil edilir. Miras payı yalnız bu 50 faiz üzərində yaranır və həmin hissə digər vərəsələr arasında bölünür”.
Bunu “Yeni Sabah”a vəkil Cavid Cəfərov deyib. O bildirib ki, qanunvericiliyə görə, birinci dərəcəli vərəsələr miras qoyanın həyat yoldaşı, övladları və valideynləridir:
“Şəxs vəfat etdikdən sonra onun mülkiyyətində olmuş və dövlət reyestrində qeydiyyata alınmış əmlaklar miras kütləsinə daxil edilir. Həmin əmlaklar vərəsələr arasında qanunla müəyyən edilmiş qaydada bölünür. Məişət texnikası
Əgər şəxs sağlığında əmlakını övladlarından birinə, həyat yoldaşına və ya valideyninə vəsiyyət edibsə, vəsiyyətnamə üzrə həmin şəxsə pay düşə bilər. Bununla belə, digər birinci dərəcəli vərəsələrin də qanunla müəyyən edilmiş məcburi pay hüququ var. Bu səbəbdən, vəsiyyətnamə olsa belə, digər vərəsələr müəyyən hallarda mirasdan pay tələb edə bilərlər.
Qanunvericilikdə qız və oğlan övladları arasında miras hüququ baxımından heç bir fərq qoyulmur. Qız övladının mirasdan pay ala bilməməsi ilə bağlı fikirlər hüquqi əsasa malik deyil. Övladların cinsindən asılı olmayaraq, onlar mirasdan bərabər pay almaq hüququna malikdirlər”.
Vəkil qeyd edib ki, valideyn sağlığında əmlakını övladları arasında istədiyi qaydada bölüşdürə, bir hissəsini qızına, digər hissəsini oğluna bağışlaya və ya əmlakının hamısını övladlarından birinə verə bilər:
“Bu məsələdə qanunvericilik hər hansı məhdudiyyət müəyyən etmir. Lakin əmlakın yerləşdiyi ünvanda qeydiyyatda olan və qanunla razılığı tələb edilən şəxslər varsa, bağışlama zamanı onların razılığı alınmalıdır.
Əgər ailə üzvlərindən hər hansı biri mirasdan imtina ərizəsi yazıbsa, qanunvericiliyə görə, həmin imtinanın geri götürülməsi nəzərdə tutulmur. Bununla belə, valideyn vəfat etdikdən sonra qız övladı digər vərəsələrlə bərabər mirasdan pay almaq hüququna malikdir.
Bəzən ailə üzvləri qız övladını və ya digər vərəsələri mirasdan imtina etməyə məcbur edirlər. Belə hallarda vərəsələr imtina ərizəsi yazmaqdan çəkinməlidirlər. Əgər şəxs məhkəmədə imtinanın məcburiyyət və ya hədə-qorxu nəticəsində edildiyini sübut edə bilsə, həmin ərizə etibarsız hesab oluna bilər”.