Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.
Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Atilla Taşın 34 yaşlı qızı Sezen Taş faciəvi şəkildə dünyasını dəyişib.
Axşam.az xəbər verir ki, Sezen Mersinin Erdemli rayonunda yerləşən yaşayış kompleksindəki binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirdiyi iddia edilib. Hadisə ilə bağlı araşdırma başlanılıb.
Xəbəri ictimaiyyətə çatdıran jurnalist Burhan Akdağ Aysu Molanın yutubda yayımlanan canlı proqramında hadisə ilə bağlı açıqlamalar verib. O, hadisənin səhər saat 06:30 radələrində baş verdiyi barədə məlumat aldığını bildirib.
Jurnalistin sözlərinə görə, hadisədən sonra Atilla Taşla əlaqə saxlamağa çalışsalar da, hələlik buna nail ola bilməyiblər.
Burhan Akdağ Sezen Taşın şəxsi həyatı ilə bağlı bəzi iddiaları da dilə gətirib. O, gənc qadının həyat yoldaşı ilə boşanma mərhələsində olduğu barədə məlumatlar aldığını, ərinin isə hadisədən bir gün əvvəl Trabzona getdiyinin iddia edildiyini söyləyib.
Jurnalist həmçinin Sezen Taşın yıxıldığı deyilən balkonun asanlıqla yıxılmağa imkan verən quruluşda olmadığı barədə məlumat aldığını qeyd edib.
Akdağ gənc qadının son dövrlərdə psixoloji çətinliklər yaşaya biləcəyinə dair iddiaların da səsləndiyini bildirib. Lakin bu məlumatları təsdiqləyən rəsmi açıqlama yoxdur.
Qeyd edək ki, Sezen Taşın meyiti tibbi ekspertiza üçün morqa aparılıb. Hadisənin səbəbləri araşdırılır.