Qızlar futbolda: “İnkişaf gözlə görünəcək qədərdir”

27.04.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda qadın futbolu hələ istənilən səviyyədə deyil. Əsas milli komanda dünya çempionatının seçmə mərhələsində uğurlu çıxış etsə də, heyətdə yer alan əksər oyunçular milliləşdirilənlərdir. Aşağı yaş qruplarında isə vəziyyət ürəkaçan deyil. U-17, U-19 komandaları beynəlxalq arenada böyükhesablı məğlubiyyətlərlə yadda qalır.

Azərbaycanda qadın futbolunun mövcud durumu ilə bağlı “Sabah”ın komandasının çalışdırıcısı Mehdi İbrahimovla danışdıq:

“AFFA-nın Qadın Futbol Departamentinə yeni rəhbər təyin edilib – Zümrüd Ağayeva. Bundan sonra çempionatda komanda sayı artırılıb. Əvvəl 6 klub idisə, indi 12 kollektiv yarışır. Lakin kəmiyyət artsa da, keyfiyyət artmır. Bu da normaldır. Tək qadın deyil, kişilərin futbolunda da belə problemləri görürük. Bunlar normal görünməlidir. Azərbaycanda qadın futbolçuların sayı çox deyil. Seçim azdır və burdan keyfiyyətli oyunçu çıxarmaq da çətindir. Liqanın qalibi Çempionlar Liqasına gedir. Məcburuq ki, həm oyunçu, həm klub sayını artıraq. Beş-altı komandalı çempionatın birincisi beynəlxalq arenaya çıxanda nəticə də ürəkaçan olmur. Ona görə artıq yeni rəhbərlik diqqəti artırıb. Daha çox turnirlər təşkil olunur, liqalarda say artırılır. Proses artıq başlayıb və məncə, bunun bəhrəsi də görüləcək”.

Mütəxəssis bu sahənin inkişafda olduğunu bildirdi:

“İnkişaf gözlə görünəcək qədərdir. Liqaların sayı artıb, məktəblərdə futbol layihələri keçirilir, turnirlər təşkil olunur. Eyni zamanda, peşəkar klubların da sayı artır. “Sabah” da artıq Yüksək Liqaya komanda çıxarır. Çempionatın ən gənc komandasıdır. Növbəti mövsümdən “İmişli”, “Zirə” kimi kollektivlər də yarışa qatılacaq. Keyfiyyət arzulanan səviyyədə olmasa da, bu istiqamətdə işlər görülməkdədir”.

İbrahimov qızların futbola marağına da toxundu:

“Bu məsələdə də irəliləyiş var. Əvvəl məktəblərdən axtarış edirdiksə, indi qızlar özləri bu sahəyə gəlir. Keyfiyyətli uşaqların da sayı artmaqdadır. Ümumi götürəndə, bəlkə də, qızların futbola gəlişi 5-6 qat çoxalıb.

Kişilərdə olduğu kimi qızlarda da futbol bədəni formaya salır. Bəzən valideynlər bundan narahat olur. Məsələn, “qızım futbol oynayacaq, kişi kimi olacaq”. Amma onlara qızlarımızı göstəririk ki, belə deyil. Valideynlərin ən çox çəkindiyi məsələ də məhz budur. Güləşə, boksa, cüdoya gedən qızların fiziki durumları daha qabardılasıdır, nəinki futbola”.

Mütəxəssis aşağı yaş qrupları üzrə milli komandaların böyükhesablı məğlubiyyətlərindən də söz açdı. O, qadın futbolunun inkişaf mərhələsində olduğunu qeyd etdi və bu sahədə sistemli işlərin görüldüyünü bildirdi:

“Keyfiyyət artmaqdadır. U-19 yığmasında məğlubiyyətlər gündəm oldu. Amma nəzərə alaq ki, bu komandanı yığmaq uzun vaxt aparıb və çətin proses olub. Yeni departament rəhbərliyi qadın futboluna çox diqqət edir. Oyunçuların, liqaların, komandaların sayının artması buna nümunədir. Əsas milli komandanın uğurlarını da misal çəkmək olar. Yığma dünya çempionatının seçmə mərhələsində 4 oyunda 3 qələbə qazanıb, FIFA reytinqində irəliləyib. Bunlar uzunmüddətli işin nəticəsidir. 10-12 il əvvəl Siyasət Əsgərov komandanı yığmağa başladı və indi görülən işlərin hardasa bəhrəsi görünür. Ancaq həmin qadınların yaşları artır, bəziləri də karyeralarını bitirmək üzrədir. Ona görə, indi yetişdirəcəyimiz qızlar millinin heyətini formalaşdıracaq”.  

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью