Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2003-cü ilin dərslərini unudan “Qədim qitə” yenə anomal istilərin əsirinə çevrilib
2003-cü ilin qızmar yayında anomal istilər bəlkə də Avropaya müvafiq tədbirlər görmək üçün ilk ciddi xəbərdarlıq olmuşdu. O xəbərdarlığı yaddan çıxarmaq bu gün avropalılara çox baha başa gəlir. Budur ekstremal isti hava dalğaları Avropanı yenidən cənginə alıb.
Dəfələrlə edilən xəbərdarlıqlara və klimatoloqların artan məlumatlarına baxmayaraq, isti hava dalğaları qitənin böyük bir hissəsini diz çökdürməyə davam edir. İngiltərədəki bir neçə xəstəxana həddindən artıq isti hava nəticəsində kritik vəziyyət elan edib, soyuducu qurğular İT sistemləri sıradan çıxıb, məktəblər, iş yerləri və dəmir yolları xaosa qərq olub və meşə yanğınları dayanmaq bilmir. Bütün evlərin yarısının yüksək temperaturdan zəif izolyasiya olunduğu Fransada 55-dən çox insan anomal istidən qaçmaq üçün girdiyi açıq su hövzələrində sərinləməyə çalışarkən boğulub, 4 kiçik uşaq bağlı avtomobillərdə istidən ölüb və iki nüvə reaktorunu soyuducu suyun olmaması səbəbindən bağlanmağa məcbur olublar. Amma burada istidən ölən minlərlə adamı qeyd etməmişik.
Bu onu göstərir ki, Avropa keçmişindən dərs çıxarmayıb. Amma təbiət belə unutqanlığı çox ağır cəzalandırır.
Əvvəlcə istiləşmənin səbəbləri barədə. Mütəxəssislər bildirirlər ki, Arktikada istiləşmə Avropaya anomal istilik dalğalarının gəlməsinə güclü təsir göstərib. Kamerino Universitetinin fiziki coğrafiya və iqlim riskləri üzrə müəllimi Massimiliano Fazzini mətbuata açıqlamasında bu hadisələr arasındakı əlaqəni geniş şərh edib.
Ekspertin sözlərinə görə, Arktikada sürətli istiləşmə səbəbindən cənubdan gələn hava soyumağa macal tapmır və şimala doğru irəliləyir. “Dəniz istiləşməyə daha çox məruz qalır, xüsusilə də Arktika və Şimal dənizləri artıq dərəcədə qızır. Bu, okean-quru-atmosfer sistemində enerji miqdarını artırır. Nəticədə, subtropik hava axanı daha tez-tez şimala doğru gedir”, - deyə klimatoloq bildirib. O, əlavə edib ki, bu proseslərin nəticəsində yayda daha tez-tez istilik dalğalarının axınına səbəb olur. İyulun əvvəlində Fazzini Avropanın daha bir həddindən artıq isti dalğası ilə üzləşəcəyi barədə xəbərdarlıq etmişdi.
Budur, həqiqətən istilik dalğası Avropanı nəfəs dərməyə qoymur. Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib ki, Avropa yeni istilik dalğalarının “ölümcül həftələrinə” daha yaxşı hazırlaşmalıdır.
Mütəxəssislər bildirirlər ki, Atlantik okeanı üzərində artıq yeni bir istilik dalğası formalaşır. Portuqaliyada və İspaniyanın cənubunda bu həftə temperaturun müsbət 43°C-yə qədər yüksələcəyi gözlənilir. Mərkəzi Asiyanın bəzi yerlərində artıq temperatur 40°C-yə çatır.
Bu xəbərdarlıqlara baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüge çərşənbə axşamı verdiyi açıqlamada bildirib ki, Avropa bu amansız istilərə hazır deyil. ÜST rəsmisi əlavə edib ki, Avropa regionundakı ölkələrin hətta yarısının belə təşkilatın təklif etdiyi istilik dalğalarının sağlamlıq risklərini azaltmaq planları - Milli İstilik Fəaliyyət Planları yoxdur.
ÜST-ün Avropa üzrə regional ofisinin rəhbəri həmçinin vurğulayıb ki, hər bir ölkənin belə planları olmalıdır və bunlara erkən hava xəbərdarlıqları, yüksək riskli qruplarla əlaqə və səhiyyə xidmətləri, əməyin təhlükəsizliyi, sosial yardım, mənzil və şəhərsalma orqanları arasında koordinasiya daxil edilməlidir. “Bu cür planların yaxşı işlədiyi ölkələrdə kimin nəyə görə məsuliyyət daşıdığı, hansı əhali qruplarının ən çox risk altında olduğu və hər bir reaksiya səviyyəsinin hansı temperatur hədlərində aktivləşdirildiyi əvvəlcədən aydın olur”, - deyə Klüge bildirib və əlavə edib ki, istilik dalğası başlamazdan əvvəl belə aydınlıq yaxşı düşünülmüş reaksiyanı gecikmiş və xaotik reaksiyadan fərqləndirən xilasedici amildir.
Hans Klüge daha sonra deyib: “İndi iki cəbhədə çalışırıq. Növbəti istilik dalğası gəlməzdən əvvəl son həftələrdə işə yaramayanları düzəltmək və yalnız həddindən artıq istiyə cavab verməklə yanaşı, həm də əvvəlcədən buna hazır olan səhiyyə sistemləri qurmaq lazım gələcək”.
Qərbi Avropa ölkələrindən alınan ilkin məlumatlar göstərir ki, rekord qıran iyun istiliyi səhiyyə sistemlərini həddindən artıq yüklədiyi üçün əlavə 4 mindən çox ölüm hadisəsi baş vermişdir. ÜST rəsmisi belə bir ssenarinin təkrarlanmasının qarşısını almaq üçün əvvəlki istilik dalğasının nəticələrindən çıxarılan dərsləri nəzərdən keçirmək üçün 41 Avropa ölkəsinin, Avropa Komissiyasının və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə ekstrimal istilərlə bağlı təcili iclas çağırıb.
ÜST-ün Avropa Regional Ofisinin rəhbəri İtaliyanın ölüm monitorinq sistemi, İspaniyanın media kommunikasiya strategiyası və Avstriyada istilərlə bağlı yenilənmiş fəaliyyət planı kimi təşəbbüsləri yüksək qiymətləndirib. Klüge toplantıda deyib: “Bu nümunələr vacibdir, çünki onları təkrarlamaq mümkündür, lazımi vasitələr artıq mövcuddur. Planlar böhrandan əvvəl hazırlanıb sınaqdan keçirildikdə, onlar insanların həyatını xilas etməyə yarıyır”.
Amma Qərb mediası Avropanın bu yay isti hava dalğasına hazır olmaması ilə bağlı çox kəskin tənqidi məqalələrlə çıxış edib. Jurnalistlər xüsusilə Fransa hökumətinin bu məsələdə lazımi tədbirlər görməkdə yetərli səylər göstərmədiyini tənqid atəşinə tutublar. Məsələn, “Reuters” qeyd edir ki, rekord temperatur Fransadakı dəfn evlərinin yükünü görünməmiş dərəcədə ağırlaşdırıb. “EUObserver” yazır ki, isti hava Fransa, Belçika və Niderlandda uğursuz mənzil siyasəti səbəbindən minlərlə insanın həyatına son qoyub. “Fox News” Fransa və İspaniyadakı meşə yanğınlarının əsas səbəbi kimi idarəetmənin düzgün olmadığını göstərir.
Bəzi nəşrlər Avropada rekord həddə istiliklər, kütləvi meşə yanğınları zamanı əhalini qorumaq üçün tədbirlər görməyən Fransa rəhbərliyinin səhlənkarlığını xüsusi vurğulayırlar.
“Reuters” bildirir ki, 2026-cı ilin yayı Fransada “ölkəni yenidən formalaşdıran üç amilin kədərli birləşməsi” ilə yadda qalacaq: qlobal istiləşmə, əhalinin yaşlanması və dövlət vəsaitlərinin kəskin çatışmazlığı. “Bu il çox erkən başlayan rekord temperatur Paris ətrafında görünməmiş meşə yanğınlarına, məktəblərin bağlanmasına və zəif təchiz olunmuş xəstəxanaların həddən ziyadə yüklənməsinə səbəb olub. İstilik həmçinin darısqal evlərdə və ya qocalar evlərində yaşayan həssas yaşlı insanların ölümünü sürətləndirib. Fransız dəfn evləri anomal istilər səbəbindən artan insan ölümlərinin öhdəsindən çox çətinliklə gəlirlər”.
Agentlik yazır ki, iyun ayının sonlarında Fransada temperatur müsbət 43,8°C-yə çatanda istilik dalğası ölkə daxilində bir neçə min insanın həyatına son qoyub, Parisdə ölənlərin sayı isə təxminən 65 faiz artıb. “Bu, bütün ölümlərin 60 faizini təşkil edən ilkin rəqəmlərdir və daha dolğun məlumatlar əldə olunduqca artma ehtimalı yüksəkdir”, – deyə “Reuters” qeyd edir.
“EUObserver”in şərhçiləri isə belə hesab edirlər ki, Avropa ölkələrində anomal istilərdən artan ölümlər təbii fəlakət deyil, uğursuz mənzil siyasətinin nəticəsidir. “Təkcə Fransa, Belçika və Niderlandda iyun ayının istisindən 3 min 700 nəfər ölüb. Bu faciələr qaçılmaz deyildi. Bunlar evlərimizin tikintisi və təmiri ilə bağlı siyasi qərarların və ya onların olmamasının nəticəsidir”, - deyə müəlliflər vurğulayırlar.
Şərhlərdə göstərilir ki, avropalıların təxminən 1/3 kirayə mənzillərdə, çox zəif izolyasiyası edilmiş və aşağı enerji səmərəliliyi olan binalarda yaşayır. Nəticədə, həddindən artıq istilər zamanı qapalı sahə həddindən artıq qızır. Sosial siyasətin bərbad olduğunu yazan müxbirlər bildirirlər ki, vəziyyət milyonlarla avropalı kirayəçinin sadəcə şəraitlərini yaxşılaşdırmaq, məsələn, kondisioner quraşdırmaq hüququna malik olmaması ilə mürəkkəbləşir. “Temperatur artmağa davam etdikcə, buna uyğunlaşa bilməyənlər ən yüksək qiyməti ödəyirlər. Bu, təsadüf deyil, bu, sistemin uğursuzluğudur”, – deyə “EUObserver” şərhini yekunlaşdırır.
Faktların müqayisəli təhlilini aparan “Reuters” Fransanın anomal istilik dalğasına tamamilə hazır olmadığının sübut edildiyi 2003-cü ilin dərsindən nəticə çıxardığına şübhə ilə yanaşır. 2016-cı ildən 2019-cu ilə qədər Fransa ictimai səhiyyə agentliyinə rəhbərlik etmiş Fransua Burdilyon agentliyə açıqlamasında bildirib ki, hakimiyyət orqanları “şəhərlərdə, xəstəxanalarda, məktəblərdə və internat müəssisələrində strukturdakı boşluqların aradan qaldırılması zərurətini nəzərə almayıblar”.
Qocalar evinin işçisi bu fikri təsdiqləyirmiş kimi deyir: “İndiyə qədər heç nə dəyişməyib və əmin deyiləm ki, dəyişəcək. Yaşlı insanlar siyasətçilərimiz üçün əhəmiyyət kəsb etmir”. “Reuters” yazır ki, hökumətin bu cür müəssisələrin işçilərinə və avadanlıqlarına investisiya qoymaq qabiliyyəti “kəsiri azaltmaq və müdafiə kimi sahələrdə xərcləri qorumaq” istəyi ilə əngəllənir.
Bundan çox-çox əvvəl “Le Monde” qəzeti Fransa hökumətinin əhalini ekstremal hava şəraitindən qorumaqla bağlı uzun müddətdir davam edən bərbad siyasətinə diqqət çəkib yazmışdı: “Fransanın bu cür anomal istilər hazır olmaması getdikcə daha da aydın olur. Klassik nümunə mənzil qanunvericiliyinin uyğunlaşdırılmasıdır. İllərdir hökumət siyasəti seçki dövrlərindən və daşınmaz əmlak sənayesində lobbiçilik etməkdən asılı olaraq, iddialı normativ aktların qəbul edilməsi ilə aylar sonra onları yumşaltmaq arasında tərəddüd edir”.
Bu problemlər azmış kimi, rekord həddə çatan temperatur Avropada kütləvi meşə yanğınlarına yol açıb. “The Independent” xəbər verir ki, “son istilik dalğaları bitki örtüyünü quru və yüksək dərəcədə alovlanan hala gətirib”. Ötən cümə günü İspaniyada yanğınsöndürənlər San-Fransisko böyüklüyündə bir ərazini bürüyən və 1000-dən çox insanı evlərindən qaçmağa məcbur edən meşə yanğını ilə mübarizə aparmalı olublar. Qəzet yazır: “Meşə yanğınları, çox böyük dolu və ölümcül fırtınalar: Avropa barıt kimi quru, ekstremal hava şəraitindən əziyyət çəkir”.
Baş nazir Pedro Sançes bildirib ki, “bu il İspaniya artıq 22 böyük meşə yanğınından zərər çəkib. Meşə yanğınları ilə mübarizədə ilin ən kritik dövrü başlamamış, biz artıq bunun 100 min hektar həddinə çatmışıq”.
“Fox News” qeyd edir ki, ayın əvvəlindən bəri İspaniya və Fransanı bürüyən kütləvi meşə yanğınları “Armageddonu” xatırladır. Ötən həftə Paris yaxınlığındakı məşhur Fontenblu meşəsi alovlanıb və 2 min hektar meşə sahəsi məhv olub. Təxminən 1000 nəfər təxliyə edilib və 850 yanğınsöndürən cəlb edilib”.
“Fox News” jurnalistinin sözlərinə görə, Avropa İttifaqının bir çox yerində müşahidə olunan rekord istilik dalğası yanğınların yeganə səbəbi deyil. Fransa Kənd Təsərrüfatı Nazirliyinin son məlumatlarına görə, hər 10 meşə yanğınından doqquzu insanlar tərəfindən törədilir. “Fox News” məhz bu fikirləri ümumiləşdirən belə bir başlıqla çıxıb: “Avropadakı meşə yanğınlarını rekord istilik, insan səhvləri, yanğın törədənlər və təsərrüfatsız torpaq idarəçiliyi müəyyən edir”.
Məqalənin müəllifi Fransa və İspaniyada qorunan ərazilərdə kolların qırılmasına qoyulan hazırkı qadağaya işarə edərək yazır ki, quru kollar ən kiçik bir qığılcımla alovlanmağa hazırdır. Adicə bu faktın özü göstərir ki, bəzən hakimiyyət nümayəndələri mütəxəssislərin xəbərdarlıqlarına məhəl qoymur və nəticədə kiçik bir kolun alışması böyük bir meşə yanğınına çevrilir, insanların faciəsinə yol açır.
Güman edirik ki, Azərbaycanda müvafiq qurumlar “Qədim qitə”də baş verənlərdən nəticə çıxarıb ölkəmizdə baş verə biləcək anomal istilərə daha ciddi hazırlaşacaqlar.
İlqar RÜSTƏMOV
XQ