Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hələ 2026-cı ilin yanvarında Dünya Bankının “Qlobal iqtisadi perspektivlər” hesabatında qeyd edilirdi ki, beynəlxalq ticarətdə gərginliyin davam etməsinə və iqtisadi siyasətdə qeyri-müəyyənliyə baxmayaraq, dünya iqtisadiyyatı gözləniləndən daha böyük dayanıqlılıq nümayiş etdirəcək. Artımın növbəti iki il ərzində ümumilikdə sabit qalacağı, 2026-cı ildə 2,6 faizə qədər azalacağı və daha sonra 2027-ci ildə 2,7 faizə qədər yüksələcəyi proqnozlaşdırılırdı.
İqtisadçı ekspertlər bildirirdilər ki, bu proqnozlar gerçəkləşərsə, 2020-ci illər 1960-cı illərdən bəri qlobal iqtisadi artımın ən zəif onilliyi olacaq. Hesabata görə, ləng iqtisadi artım dünyada həyat səviyyəsindəki fərqi artıracaq. Doğrudur, 2025-ci ilin sonunda demək olar ki, bütün inkişaf etmiş ölkələrdə adambaşına düşən gəlir 2019-cu il səviyyəsini keçmişdi, lakin inkişaf etməkdə olan ölkələrin təxminən dörddə birində adambaşına düşən gəlir azalmışdı.
Beynəlxalq Valyuta Fondu (BVF) isə ABŞ və İsrailin İranla müharibəsi genişlənərsə və uzanarsa, qlobal iqtisadiyyatın 2026-cı ildə “tənəzzülün tükdən asılı olacağını” proqnozlaşdırırdı. Qlobal iqtisadiyyat üçün ciddi risklər barədə xəbərdarlıq edən təşkilat qeyd edirdi ki, regional böhran inflyasiya təzyiqinin artmasına və təchizat zəncirlərinin uzunmüddətli pozulmasına səbəb ola bilər. Bu fonda BVF həmçinin qlobal ÜDM artımının 2026-cı ildə 3 faizə qədər yavaşlayacağını gözləyir.
2025-ci ildə qlobal iqtisadiyyat həqiqətən çoxsaylı çətinliklərlə üzləşdi və bu, 2026-cı ilin iqtisadi inkişafına təsir etməyə bilməzdi. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) proqnozlarında da qeyd edilirdi ki, qlobal iqtisadi artım ötənilki 3,2 faizdən bu il 2,9 faizə düşəcək. Lakin qlobal iqtisadiyyat son dərəcə həssas olaraq qalacaq.
2026-cı ilin avqust ayında proqnozların özünü necə doğrultduğunu və qlobal iqtisadiyyatın hazırkı vəziyyətini öyrənmək üçün bir çox mənbələrə müraciət etdik. Məsələn, Alman Sənaye Assosiasiyasının (BDI) analitikləri 2026-cı il üçün qlobal iqtisadi artım proqnozlarını aşağı salıblar. Təşkilatın veb-saytında dərc olunmuş hesabatda ekspertlər qlobal iqtisadi artımın bu il təxminən 0,5 faiz azalacağını qeyd edirlər. 2026-cı ilin sonuna qədər onlar qlobal ÜDM artımının 3 faizə çatacağına inanırlar.
BDI analitikləri də dəyişmiş qiymətləndirmənin əsas səbəbi kimi ABŞ-İran müharibəsinin Yaxın Şərqdəki mənfi təsirini göstərirlər. Qurumun baş direktoru Tanya Genner izah edir ki, regional enerji təchizatında geniş yayılmış fasilələr fonunda qlobal risklər və biznes üçün qeyri-müəyyənlik yüksək olaraq qalır.
Təşkilat onu da qeyd edir ki, süni intellektə investisiyalar sayəsində artımın daha dərin yavaşlamasının qarşısı alınacaq. Ekspertlər vurğulayırlar ki, Yaxın Şərqdəki münaqişə olmasaydı, tələbatın canlanması və bu sektorda bum qlobal ÜDM artımını 2025-ci ildəki 3,2 faizlə müqayisədə təxminən 3,3–3,4 faizə qədər sürətləndirə bilərdi.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının iyun ayında dərc edilmiş yenilənmiş baza proqnozuna görə, qlobal iqtisadiyyat 2025-ci ildəki 3,4 faizdən sonra 2026-cı ildə 2,8 faiz artacaq. Yaxın Şərqdəki münaqişə və Hörmüz boğazı vasitəsilə enerji təchizatı zəncirində yaranan fasilələr səbəbindən proqnoz aşağı salınıb. Təşkilatın analitikləri münaqişə davam edərsə, qlobal ÜDM artımının bu il 2,1 faizə düşəcəyini və bəzi ölkələrin, çox güman ki, tənəzzüllə üzləşəcəyini gözləyirlər. İyun ayı icmalında ən böyük iqtisadiyyatlar üçün əhəmiyyətli proqnoz düzəlişləri olmasa da, onlar yüksək enerji qiymətlərinin artıq inflyasiya təzyiqini gücləndirdiyinə, istehlakçı tələbini məhdudlaşdırdığına və biznes gözləntilərini zəiflətdiyinə inanırlar.
OECD qlobal iqtisadi artımın 2026-cı ildə yavaşlayacağını bildirsə də, 2027-ci ildə onun 3,1 faizə qədər sürətlənəcəyini gözləyir. Bu baza proqnozu təşkilatın iyun ayı icmalında yer alıb. Yazda OECD 2026-cı ildə ÜDM-in 2,9 faiz, 2027-ci ildə isə 3 faiz artımını gözləyirdi. Qlobal ticarət 2025-ci ildəki 5 faiz artımdan sonra bu il 3,1 faiz, gələn il isə 2,9 faiz artacaq.
Aydın görünür ki, Yaxın Şərqdəki münaqişə qeyri-müəyyənliyin əsas amili kimi proqnozlaşdırılır. OECD-nin hesablamalarına görə, ilin əvvəlində qlobal iqtisadi artım süni intellektə investisiya qoyuluşu, inkişaf etmiş ölkələrdə daha yumşaq pul siyasəti və ticarət gərginliyinin azalması ilə dəstəklənib. Lakin Hörmüz boğazından keçən təchizat zəncirində fasilələr və enerji infrastrukturuna dəyən ziyan inflyasiya təzyiqlərinin artmasına, biznes və istehlakçı gözləntilərinin pisləşməsinə səbəb olub. Sülh yolu ilə həll olunsa belə, trendin tez bir zamanda geri dönməsi gözlənilmir: infrastrukturun bərpası, enerji və digər məhsulların fasiləsiz daşınması aylar çəkəcək.
Ekspertlər bildirirlər ki, danışıqlar 2027-ci ilə qədər uzanarsa, qlobal ÜDM artımı daha əhəmiyyətli dərəcədə yavaşlayacaq: 2026-cı ildə 2,1 faizə və 2027-ci ildə isə 1,8 faizə düşəcək. Bəzi ölkələr tənəzzüllə üzləşə bilər.
Dünyanın ən güclü iqtisadiyyatlarından olan ABŞ-a gəldikdə isə OECD-yə görə, bu ölkədə ÜDM artımının 2025-ci ildəki 2,1 faizdən sonra 2026-cı ildə 2 faiz, 2027-ci ildə isə 1,8 faiz olacağı proqnozlaşdırılır. Mart ayından bəri gözləntilər əsasən dəyişməz qalıb, yalnız 2027-ci il üçün proqnoz bir qədər tənzimlənib. Əsasən süni intellektin inkişafı ilə bağlı investisiyalar iqtisadiyyatı dəstəkləməyə davam edəcək. Əsas narahatlıq isə inflyasiyadır.
İqtisadçı ekspertlər onu da vurğulayırlar ki, Vaşinqtonun ticarət siyasəti inflyasiya təzyiqi və qeyri-müəyyənliyin əlavə mənbəyinə çevrilə bilər. ABŞ hakimiyyəti 60 ölkədən idxal edilən məhsullara əlavə tariflər tətbiq etməyi təklif edir. Ağ Evin fikrincə, bu ölkələr məcburi əməyə qarşı mübarizəyə kifayət qədər diqqət yetirmirlər. Bu cür malların idxalını qadağan etməyənlər, məsələn, Çin, Böyük Britaniya və Hindistan üçün 12,5 faiz tarif, mövcud öhdəliklərini yerinə yetirməyən ölkələr, xüsusən də Aİ, Kanada və Meksika üçün isə 10 faiz tarif nəzərdə tutulur.
OECD proqnozlarda Avropa iqtisadiyyatının 2025-ci ildə 1,4 faiz və növbəti il 1,2 faiz artdıqdan sonra 2026-cı ildə 0,8 faiz artacağını bildirir. Bu proqnozlar mart ayındakı proqnozlarla uyğun gəlir. Növbəti il üçün əsas təzyiq mənbələri yüksək enerji qiymətləri, pisləşən biznes əhval-ruhiyyəsi və zəif xarici tələbatdır. Sabit əmək bazarı ÜDM artımını dəstəkləyə bilər.
Çin daha yüksək artım tempini qoruyub saxlayacaq, lakin bu temp də tədricən yavaşlayacaq. ÜDM bu il 4,5 faiz, 2027-ci ildə isə 4,3 faiz artacaq ki, bu da 2025-ci ildəki 5 faiz artımdan sonra baş verəcək. Mart ayı proqnozu ilə müqayisədə 2026-cı il üçün proqnoz bir qədər yaxşılaşdırılıb, 2027-ci il üçün proqnoz isə dəyişməz olaraq qalır. Analitiklərə görə, daxili tələbat zəif qalacaq: istehlak xərcləri əvvəlki ildəki 3 faizdən sonra 2026-cı ildə 2,9 faiz artacaq.
Əlbəttə, kifayət qədər nüfuzlu beynəlxalq maliyyə-iqtisadi qurumların bu proqnozları, bir çox media vasitələrinin yazdığı və insanları təşvişə salan “qlobal tənəzzüllə” əsla uyğun gəlmir. Doğrudur, lokal münaqişələr və hegemon dövlətlərin maraqlarının toqquşması zəminində meydana çıxan və qlobal iqtisadi inkişafı ləngidən, yavaşıdan problemlər var. Amma bu pessimizmə heç bir əsas vermir.
Almaniyanın “Focus” jurnalının köşə yazarı Qabor Ştaynqart da bunu əsas tutaraq yazır ki, “media qlobal tənəzzülün mənzərəsini çəkir, lakin statistika bunun əksini deyir. Böhranlar, müharibələr, həyat şəraitinin pisləşməsi qorxuları. Bunları oxuduqca dünya əvvəlkindən daha qaranlıq görünür. Lakin iqtisadiyyatın əsas göstəricilərinə əsasən, mənzərə tamamilə fərqli görünür və bu, gələcəyə dair baxışlarımızı kökündən dəyişdirə bilər”.
Müəllif qeyd edir ki, “medianın hadisələri işıqlandırması getdikcə reallıqla daha çox ziddiyyət təşkil edir. Qəzetlərdə və televiziyada tutqun bir atmosfer hökm sürür. Başlıqlarda üç mövzu üstünlük təşkil edir: müharibə, iqlim fəlakəti və miqrasiya. Cənubi koreyalı-alman filosofu Han Byen-Çhol “yorğun cəmiyyət”dən danışır, Britaniyanın Kollinz lüğəti hələ 2022-ci ildə “permacrisis”i ilin sözü elan etmişdi və müəlliflər triosu - Mixael Hyüter, Matias Dirmayer və Henry Gyoke birləşərək “Tükənən qloballaşma” əsərində “gücsüzlük hissi” və “inam itkisi” haqqında danışmaq istəyirlər”.
Qabor Ştaynqart yazır: “Bir siyasətçi “gələcəyə inam”dan danışmağa cəsarət edirsə, bu, o qədər məcburi səslənir ki, sanki o qadağan olunmuş bir taktikadan istifadə edir. Axı, o bilir ki, ona güləcəklər, çünki ictimaiyyət ondan nikbin və hətta realist olmasını da deyil, növbəti bir dönüş nöqtəsini elan etməsini gözləyir”.
Beynəlxalq maliyyə qurumlarının hesabatları və statistika isə göstərir ki, həqiqət tamamilə fərqlidir: dünya birmənalı şəkildə və çox sürətlə əks istiqamətdə hərəkət edir. Daha çox ticarət, daha çox artım və daha çox rifah.
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Asiya və Sakit Okean üzrə baş iqtisadçısı və Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun keçmiş iqtisadçısı Filip Şellekens “Gəlirlərin böyük dönüşü” adlı faktlarla zəngin təhlillərində çiçəklənən bir dünyanı təsvir edir. Müəllif yazır: “1990-cı ildə hər 10 nəfərdən 7-si Dünya Bankının yoxsulluq həddindən aşağı səviyyədə yaşayırdı. 2050-ci ilə qədər hər 10 nəfərdən 7-si bu həddən yuxarıda yaşayacaq”.
Bu ifadə sadəcə fərziyyə deyil, mövcud tendensiyaların ekstrapolyasiyasıdır. Bizdemək olar ki, yalnız yoxsulluq dünyasını görən kilsələr və siyasi partiyalar tərəfindən fərq edilmədən, qlobal gəlir bölgüsünün tərsinə çevrildiyinin şahidi oluruq. Müəllif vəziyyətin necə inkişaf etdiyini ətraflı şəkildə göstərir.
1990-cı ildə dünya əhalisinin 70 faizdən çoxu aşağı və orta gəlirli ölkələrdə yaşayırdı, lakin bu gün uzunmüddətli proqnozlar bu tarazlığın tamamilə tərsinə çevrildiyini göstərir.
2050-ci ilə qədər dünya əhalisinin 70 faizi planetin daha varlı yarısında, yəni yuxarı orta gəlirli və ya yüksək gəlirli ölkələrdə yaşayacaq. Beləliklə, ölkələr arasında gəlir bölgüsü tamamilə tərsinə gedir və ya Filip Şellekensin yazdığı kimi: “Bu, zəmanəmizin ən diqqətəlayiq hadisələrindən biridir”.
İqtisadçının təhlillərində göstərilir ki, dünya əhalisinin üçdəbirindən çoxunu təşkil edən Çin və Hindistan, sürətli artımları sayəsində milyonlarla insanı daha yüksək gəlirli qruplara çeviriblər.
1999-cu ildə Asiya nəhəngi hələ də aşağı orta gəlirli ölkə hesab olunurdu. Onun yuxarı orta gəlirli statusuna keçidi cəmi 11 il çəkdi. 2026-cı ildə Çinin yüksək gəlirli kateqoriyaya keçməsi gözlənilir. Şellekensin sözlərinə görə, Dünya Bankı yeni təsnifatı 2027-ci ilin iyul ayında açıqlayacaq.
Hindistanın yüksəlişi nisbətən daha yavaş olub və eyni səviyyəyə çatmaq üçün 29 il gözləmək lazım gələcək.
İqtisadi artımı proqnozlaşdıran iqtisadçılar qlobal əhali artımını da diqqətdə saxlayır və qeyd edirlər ki, planetimizdə qlobal əhali artımı sıçrayışlı deyil, sabitdir. 2050-ci ilə qədər dünya əhalisi 9,7 milyard nəfərə çatacaq ki, bu da 1990-cı ildəkindən sonra 83 faiz artım deməkdir. Davamlı əhali artımı qlobal ticarət və fond bazarı qiymətləndirmələrinin əhəmiyyətli bir hərəkətverici qüvvəsidir. Daha çox insan daha çox dövriyyə və mənfəət deməkdir və nəticədə daha çox rifah deməkdir.
Filip Şellekens aviasiya ilə səyahəti qloballaşmanın sürətlənməsinin vacib göstəricisi hesab edir. Həm sərnişin, həm də yük daşımaları artmağa davam edir. Donald Trampa və onun proteksionizminə baxmayaraq, dünya qarşılıqlı mübadilə üçün səy göstərir. “Airbus” və “Boeing”, inkişaf etməkdə olan iqtisadiyyatların böyüməsi ilə əlaqədar olaraq, növbəti 20 ildə hava yüklərinin həcminin ikiqat artacağını gözləyirlər. Bundan əlavə, “Airbus” 2044-cü ilə qədər qlobal yük donanmasında təxminən 50 faiz artım proqnozlaşdırır.
Təcrübəli iqtisadçı süni intellektin sosial duruma təsirini də proqnozlaşdırır və onu rifahın mühərriki hesab edir. “Texnoloji inqilab, mahiyyəti etibarilə, səmərəlilik sahəsində inqilabdır. İnsanlar zehni işi maşınlara ötürməklə təkcə imkanlarını genişləndirmir, həm də istehsal edilən məhsulun həcmini artırırlar”.
İlon Musk və digər investorlar cəmiyyətin bütün təbəqələrində istehlakın artacağı maddi bolluq dünyasından danışırlar. Bu xəyal deyil, gələcəyin mənzərəsidir. Əlbəttə, gözlərimizin önündə formalaşan dünya cənnət deyil, amma biz artıq yolun yarısındayıq. Qiyamət gününü proqnozlaşdıran peşəkarlara anlayışla yanaşmaq lazımdır. Onların qorxduğu itkilər onlar üçün reallığa çevriləcək. Pessimistlərin bazarı ciddi təhlükə altındadır! Çünki qlobal iqtisadiyyat tənəzzülə deyil, inkişafa gedir.
Hazırladı:
İlqar RÜSTƏMOV
XQ