Qlobal çağırışlara cavab verən konsepsiya

24.06.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Müstəqillik illərində Azərbaycan xalqının mənəvi potensialı daha da zənginləşmiş, milli mədəniyyət və incəsənət azərbaycançılıq məfkurəsi əsasında inkişaf etmişdir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Mədəniyyət hər bir xalqın tarixi yaddaşını, milli kimliyini və mənəvi dəyərlər sistemini özündə təcəssüm etdirən ən əhəmiyyətli ictimai institutlardan biridir. Müasir dövrdə qloballaşma prosesinin sürətlənməsi, rəqəmsal transformasiya, informasiya texnologiyalarının geniş yayılması və beynəlxalq mədəni inteqrasiyanın güclənməsi dövlətlərin mədəniyyət sahəsində yürütdükləri siyasətə yeni yanaşmalar formalaşdırmağı zəruri etmişdir.

Məlum olduğu kimi, 1993-cü ildə xalqın təkidi ilə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ölkəmizin tarixində yeni inkişaf erasının başlanığıcı olmuşdur. Elmin, təhsilin, mədəniyyətin böyük himayəçisi, əvəzsiz maarifpərvər liderin xilaskar missiyalı qayıdışı ilə bütün sahələrdə olduğu kimi, elm, təhsil və mədəniyyət sahəsində də tənəzzülün, böhranın qarşısı alındı. Heydər Əliyev tərəfindən belə bir konsepsiya, strateji xətt hazırlanıb həyata keçirilməyə başlandı ki, dövlətin, dövlətçiliyin təməl prinsipləri içərisində milli təhsil, bəşəri elm və milli mədəniyyət müstəsna yer tutur.

Prezident Heydər Əliyevin milli dövlət quruculuğu strategiyasında belə bir ideya əsaslandırıldı ki, dövlət müstəqilliyinin əbədiliyinin, vətəndaş cəmiyyətinin demokratik inkişafının əsas yolu mütləq və mütləq milli təhsildən keçir, təhsil dövlətin təməl ünsürü, millətin gələcəyidir. Buna görə də prioritet sahə olan təhsilə, elmə, mədəniyyətə qayğı dövlətin əsas strateji xətti kimi ön plana çəkildi. Qeyd etmək lazımdır ki, təhsilə, elmə, mədəniyyətə böyük qayğı Heydər Əliyev şəxsiyyətinin daxili ziyalılığının, maarifpərvərliyinin təzahürü olub, xalqını, millətini sivil dünyanın inkişaf etmiş xalqlarından biri kimi görmək istəyinin parlaq ifadəsi idi.

2003-cü ildən etibarən ulu öndər Heydər Əliyevin alternativi olmayan daxili və xarici siyasətini müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyatın bütün sahələrində qazanılmış uğur və nailiyyətlər sübut edir ki, respublikamız strateji cəhətdən düzgün müəyyənləşdirilmiş və parlaq gələcəyə aparan Heydər Əliyev yolu ilə irəliləyir. Dövlət başçısı mədəniyyət sahəsinə də böyük əhəmiyyət verir və bu sahəni daim diqqətdə saxlayır. Ölkəmizdə mədəniyyət sahəsinin zəruri normativ-hüquqi bazası yaradılmış, institusional islahatlar uğurla həyata keçirilmişdir. Azərbaycan Respublikasında milli-mədəni inkişafın uzunmüddətli strateji əsaslarının müəyyənləşdirilməsi məqsədilə 2026-cı il yanvarın 14-də təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası bu baxımdan xüsusi önəm kəsb edir.

2014-cü ildə Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası təsdiq edilmişdir. Sənəddə göstərilir ki, mədəniyyət sahəsində dövlət siyasəti mədəni irsin qorunması və təbliği, mədəni sərvətlərin yaradılması və inkişafı istiqamətində dövlətin rəhbər tutduğu prinsiplərlə səciyyələnir. Konsepsiyanın əsas məqsədi Azərbaycan xalqının bütövlüyünün qorunması şərti ilə, mədəniyyət siyasətinin təminat mexanizmlərinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, mədəni irsin qorunması, yaradıcılığın dəstəklənməsi və inkişafının təmin olunması idi. Sənədin əsas vəzifələri isə mədəniyyətin bütün sahələrinin, o cümlədən mədəni siyasətin idarəetmə, hüquqi, maliyyə, informasiya, insan resursları, maddi-texniki infrastruktur və beynəlxalq əməkdaşlıq kimi təminat mexanizmlərinin inkişafını, bu sahədə göstəricilərin yüksək səviyyəyə çatdırılmasını və mədəni irsin təhlükəsizliyi üçün islahatların həyata keçirilməsini təmin etmək idi. Milli mədəniyyətin inkişafına xidmət edən bu sənəd uğurla icra olunmuşdur. Ötən müddət ərzində kinematoqrafiyanın və kino sənayesinin inkişafına dövlət dəstəyi göstərilmiş, akademik, milli və aparıcı teatrların sayı artmış, ölkə ərazisində 100-dən artıq beynəlxalq festival, yubiley və mədəniyyət tədbirləri, xarici ölkələrdə isə 60-dan çox Azərbaycan mədəniyyəti günləri keçirilmişdir. Ölkədə fəaliyyət göstərən muzey və qalereyalarda 42 min 700-dən artıq sərgi təşkil olunmuş, ölkə üçün xüsusi əhəmiyyət kəsb edən 36 eksponat xaricdən geri qaytarılmış, 20085 eksponat bərpa olunmuşdur. Azərbaycan mədəniyyətinin sahələr üzrə inkişafı və mahiyyətcə zənginləşdirilməsi ilə bərabər, mədəniyyət infrastrukturu da inkişaf etdirilmişdir.

2003–2024-cü illərdə Azərbaycanda mədəniyyət sahəsində 14 qlobal və 100-dən artıq regional tədbir keçirilmişdir. Mədəniyyətlərarası dialoqu genişləndirmək məqsədilə “Bakı prosesi”, ümumdünya mədəniyyətlərarası dialoq forumlarının da daxil olduğu tədbirlər nəticəsində Azərbaycan Respublikası beynəlxalq müstəvidə mədəni-siyasi nüfuz qazanmışdır. Beynəlxalq əməkdaşlığın inkişafı məqsədilə 6 xarici ölkədə (Almaniya, Avstriya, Fransa, İtaliya, Özbəkistan, Türkiyə) Azərbaycan mədəniyyət mərkəzi yaradılmışdır. Müxtəlif illərdə Azərbaycan Respublikasının 3 şəhəri İslam Dünyasının, (Bakı – 2009-cu il üçün, Naxçıvan – 2018-ci il üçün, Şuşa – 2024-cü il üçün), 2 şəhəri Türk Dünyasının Mədəniyyət Paytaxtı (Şəki – 2016-cı il üçün, Şuşa – 2023-cü il üçün) elan edilmişdir.

Bir neçə ay əvvəl təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası qlobal və ölkədaxili çağırışlar nəzərə alınmaqla, Azərbaycanın milli kimliyinə əsaslanan müasir mədəniyyət modelinin yaradılması, inkişafı və 2040-cı ilədək digər mədəniyyətlərlə qarşılıqlı əlaqələrinin genişləndirilməsi üçün mədəniyyət siyasətinin istiqamətlərini müəyyən edən və bu sahə ilə bağlı fəaliyyətə vahid, sistemli və dayanıqlı yanaşmanı təmin edən strateji planlaşdırma sənədidir. 15 illik dövrü əhatə edən konsepsiyanın üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Birinci mərhələ 2026–2030-cu, ikinci mərhələ 2031–2035-ci, üçüncü mərhələ isə 2036–2040-cı illəri əhatə edəcək.

Hesab edirik ki, konsepsiya yalnız mədəniyyət sahəsində inkişaf istiqamətlərini müəyyən edən sənəd deyil, eyni zamanda dövlətçilik ideologiyasının, milli-mənəvi dəyərlərin qorunmasının və müasir dövrdə milli identikliyin möhkəmləndirilməsinin strateji proqramıdır. Sənəddə Azərbaycan mədəniyyətinin qlobal mədəni proseslərdə layiqli yer tutması, milli irsin qorunması, yaradıcı sənayelərin inkişaf etdirilməsi, mədəniyyətin iqtisadi və sosial inkişaf amilinə çevrilməsi kimi mühüm məsələlər öz əksini tapmışdır.

Konsepsiyanın ilk hissəsində sağlam mədəni və yaradıcı həyatın hər hansı fərdin, bütövlükdə cəmiyyətin, xalqın və dövlətin inkişafına həmişə əhəmiyyətli təsir göstərdiyi vurğulanır: “Mədəniyyətin həyat tərzinin tərkib hissəsi olması bu inkişafın əsas amillərindəndir. Azərbaycan mədəniyyətinin müasir modeli fərdin mədəni həyatda daha geniş və yaradıcı iştirakına şərait yaratmaqla, dövlətin sosial, siyasi, iqtisadi və digər sahələrdə qarşısına qoyduğu strateji məqsəd və hədəflərə daha sürətlə çatmasına imkanlar açır. Bu model Azərbaycan Respublikasında dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin bərqərar olması, ölkənin rəqabətli insan kapitalı və innovasiyalar məkanına çevrilməsi üçün əsas vasitələrdən biri kimi çıxış edir”.

Konsepsiyanın əsas üstünlüklərindən biri onun kompleks xarakter daşımasıdır. Sənəddə mədəniyyətin yalnız incəsənət və irs məsələləri ilə məhdudlaşmadığı, həmçinin dil siyasəti, kommunikasiya, təhsil, hüquq, iqtisadiyyat, regional inkişaf və beynəlxalq əməkdaşlıqla sıx əlaqəli olduğu göstərilir. Bu isə müasir dövrdə mədəniyyətin çoxşaxəli sosial institut kimi qəbul edilməsinin göstəricisidir.

Konsepsiyanın ümumi mahiyyəti və strateji məqsədlərini təhlil edərkən göstərmək lazımdır ki, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası dövlətin uzunmüddətli mədəni siyasətinin əsas prioritetlərini müəyyən edən strateji sənəd kimi xüsusi əhəmiyyətə malikdir. Sənədin hazırlanmasında müasir beynəlxalq təcrübə, milli maraqlar, qlobal çağırışlar və sosial-iqtisadi inkişaf prioritetləri nəzərə alınmışdır.

Konsepsiyanın əsas məqsədi Azərbaycan mədəniyyətinin davamlı inkişafını təmin etmək, milli-mənəvi dəyərləri qorumaq, mədəni irsi gələcək nəsillərə ötürmək və mədəniyyətin beynəlxalq rəqabət qabiliyyətini artırmaqdır. Burada diqqəti cəlb edən əsas məqamlardan biri məhz mədəniyyətin dövlət təhlükəsizliyi və milli identikliklə birbaşa əlaqələndirilməsindir.

Sənəddə vurğulanır ki, milli mədəniyyətin qorunması yalnız mənəvi məsələ deyil, həm də dövlətçilik məsələsidir. Xüsusilə qloballaşma şəraitində milli dillərin, ənənələrin və mədəni özəlliklərin qorunub saxlanması strateji prioritetə çevrilmişdir. Buna görə də fikrimizcə, konsepsiya azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Konsepsiyanın məqsədlərindən biri də mədəniyyətin ÜDM-də payının artırılmasıdır. Adıçəkilən sənəddə mədəni və yaradıcı sənayenin inkişafına ayrıca toxunulmuşdur. Bu da onunla əsaslandırılır ki, ölkəmizdə bu sahənin iqtisadiyyatda rolu genişlənməkdədir. Məlum olduğu kimi, ölkəmizdə mədəni və yaradıcı sənayelərin (MYS) inkişafı ilə bağlı dövlət proqramlarının həyata keçirilməsi nəzərdə tutulur. Hazırda Azərbaycanda bu sahədə fəaliyyət göstərən 25 minə yaxın sahibkarlıq subyekti var. Statistik məlumatlara əsasən, 2025-ci ildə mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1 faizə çatıb. Ümumiyyətlə, bu sektorun ölkə iqtisadiyyatında çəkisinin getdikcə artması tendensiyası müşahidə olunur. Bu sahədə xidmət ixracı da çoxalıb. 2025-ci ildə 265 milyon 487 min ABŞ dolları məbləğində MYS xidmət ixracı olub, bu da 2024-cü illə müqayisədə 23,3 faiz çoxdur. Bütün bunlar həm də yeni iş yerləri və yaradıcı məşğulluğun artması deməkdir.

Bu gün yeni mədəniyyət modelində mədəniyyətin funksionallığının artırılmasına xidmət edən ən vacib, ən önəmli alət məhz mədəni və yaradıcı sənayelərdir. Bu istiqamətdə Mədəniyyət Nazirliyinin uğurlarından biri Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin təşkil edilməsi idi. Həmin mərkəz 2024-cü ilin dekabr ayından etibarən fəaliyyətə başladı.

Konsepsiyaya əsasən, 2040-cı ilədək MYS-nin dinamik inkişafı istiqamətində qanunvericilik bazası yaradılacaq və institusional islahatlar gerçəkləşdiriləcək. Bundan başqa, MYS-in maliyyələşdirilmə mənbələri diversifikasiya ediləcək, bu sahəyə investisiya qoyuluşu genişləndiriləcək.

Bir məqamı da xüsusi olaraq vurğulamaq lazımdır ki, konsepsiyanın mühüm xüsusiyyətlərindən biri onun dayanıqlı inkişaf prinsiplərinə əsaslanmasıdır. Sənəddə mədəniyyətin iqtisadi, sosial və humanitar inkişafın ayrılmaz hissəsi olduğu göstərilir. Bu yanaşma beynəlxalq təşkilatların, xüsusilə UNESCO-nun mədəni inkişaf konsepsiyaları ilə uyğunluq təşkil edir.

Bundan başqa, konsepsiyada rəqəmsallaşma və innovasiya məsələlərinə də xüsusi diqqət yetirilmişdir. Müasir texnologiyaların mədəniyyət sahəsində tətbiqi, rəqəmsal arxivlərin yaradılması, virtual muzeylərin təşkili və elektron kitabxana sistemlərinin inkişaf etdirilməsi gələcək inkişaf istiqamətləri kimi müəyyən edilmişdir.

Sənədin məqsədləri sırasında mədəniyyət sahəsində vahid informasiya və kommunikasiya siyasətinin formalaşdırılması; Azərbaycan mədəniyyətinin beynəlxalq mədəni mübadilədə səmərəli iştirakı, mədəni dəyərlərin geniş təbliği, ölkəmizin beynəlxalq imicinin yüksəldilməsi; mədəniyyət nümunələrinin beynəlxalq siyahılara daxil edilməsinin və mədəniyyət sahəsində beynəlxalq öhdəliklərin icrasının əlaqələndirilmiş şəkildə həyata keçirilməsi kimi məsələlər də yer alır. Yeri gəlmişkən, qeyd edək ki, “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 21 dekabr 2012-ci il tarixli Qanununda da bu mühüm məsələlər beynəlxalq əməkdaşlıq sahəsində dövlət mədəniyyət siyasətinin prioritetləri (maddə 50) olaraq təsbit edilib.

Mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın prioritetlərindən bir neçəsini xatırlatmaq məqsədəuyğun olardı: beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə milli mədəniyyətin xarici ölkələrdə təbliği; mədəni sərvətlərin birgə istehsalının stimullaşdırılması; mədəniyyətlərarası dialoqun dəstəklənməsi; beynəlxalq informasiya sistemlərinin tətbiqi və s.

Konsepsiyada prioritet istiqamətlər sırasında mədəniyyət sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə görüləcək tədbirlər öz əksini tapıb. Bunlardan biri də müasir mədəniyyət kommunikasiyası modellərinin tətbiqidir.

Mədəniyyətlərarası kommunikasiya qlobal dünyanın üzləşdiyi çətinliklərdən biridir. Effektiv mədəniyyətlərarası kommunikasiyanın qurulmasında əsas məqsəd identifikasiya və özünüdərk prosesi, kommunikasiyanı model kimi strukturlaşdırılmış şəkildə ifadə etməli olan müvafiq dəyər sistemlərinin qurulmasıdır. Bir və ya fərqli mədəniyyətlər daxilində anlaşma problemi ilə yanaşı, insanlar arasında yadlaşmanın aradan qaldırılması, dəyərlərin və mənaların ötürülməsi, mənimsənilməsi məsələsi getdikcə daha da aktuallaşır. Müasir elm ünsiyyəti ya məlumatötürmə və qəbuletmə prosesi, ya da başqalarını və onların daxili dünyasını anlama prosesi kimi müəyyən etmişdir. Mədəniyyətlərarası kommunikasiya ünsiyyət prosesində bir-birinin adekvat anlaşılması, fərqli mədəniyyətlərə və ya fərqli diskursiv təcrübələrə, dəyərlərə, mənalara və simvollara mənsub insanların qarşılıqlı təsiridir.

Müasir elm çoxsaylı kommunikasiya metodlarını və növlərini tanıyır. Bunları iki növ modelə bölmək olar: xətti və dəyər əsaslı.

Xətti modellər istənilən kommunikasiyanın əsas funksiyasını - informasiya ötürülməsini yerinə yetirmək üçün nəzərdə tutulub. Dəyər əsaslı modellər mənaların təfsirini və dəyərlərin formalaşmasını asanlaşdırır. Müasir dünyada mədəniyyətlərarası kommunikasiyanın xətti və dəyər əsaslı modellərinin üstünlüklərini birləşdirən effektiv mədəniyyətlərarası kommunikasiya modeli yaratmaq lazımdır. Fikrimizcə, bu yeni kommunikasiya modelləri müxtəlif mədəniyyətlərə və etnik qruplara mənsub insanlar arasında anlaşılmazlıq kimi problemin aradan qaldırılmasına kömək edə bilər.

Müəyyən edilmişdir ki, inkişaf etmiş bütün mədəniyyətlərarası kommunikasiya modellərinin müsbət tərəfi onların tətbiq oluna bilməsi və tətbiqə yönəlməsidir. Mövcud mədəniyyətlərarası kommunikasiya modellərinin çatışmazlığı fərdin mədəniləşməsi, sosiallaşması və şəxsiyyətin inkişafı üçün zəruri olan vacib aspekti nəzərə almayan effektiv dəyər əsaslı və ya xətti informasiya əsaslı kommunikasiyaya yönəlməsidir.

Konsepsiyada mədəniyyət sahəsində idarəetmə ilə bağlı çağırışlar da təsbit edilmişdir. Qeyd etmək lazımdır ki, 2018-ci il aprelin 20-də mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı imzalanıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılıb. Məlum olduğu kimi, hazırkı konsepsiyanın hədəf göstəricilərindən biri də mədəni turizmin inkişafıdır. Yeni yaradılmış Dövlət Turizm Agentliyi turizm sahəsində vahid dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, normayaratma fəaliyyətinin icrası, dövlət tənzimləməsi, dövlət nəzarəti və əlaqələndirmə, turizmin inkişafı məqsədilə digər dövlət orqanları, müəssisələri və təşkilatları, habelə fiziki və hüquqi şəxslər, beynəlxalq və qeyri-hökumət təşkilatları arasında əlaqəli fəaliyyəti təmin etmək, tabeliyindəki dövlət qoruqlarının ərazilərindən məqsədyönlü istifadəni təşkili və onların qorunub saxlanılması, milli kulinariya nümunələrinin qorunması və təbliği istiqamətində uğurlu fəaliyyət göstərir.

Sənəddə Azərbaycan dili məsələsinə xüsusi əhəmiyyət verilir, milli mədəniyyətimizin formalaşmasında və xalqımızın milli özünütəsdiqindəki rolu aydın şəkildə göstərilir. Azərbaycan dilinin milli identikliyin əsas sütunlarından biri olduğu xüsusi vurğulanır. Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də milli yaddaşın, tarixi təcrübənin və mədəni irsin daşıyıcısıdır. Bu baxımdan, dövlət dilinin qorunması və inkişaf etdirilməsi milli təhlükəsizlik məsələsi kimi qiymətləndirilir.

(ardı var)

İradə HÜSEYNOVA,
Bakı Dövlət Universiteti Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью