Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
6 ayda Avrasiyada yük axınının 16 milyon tonu Azərbaycandan keçib
Dövlət Statistika Komitəsinin 2026-cı ilin ilk yarısında nəqliyyat dəhlizlərində yük daşımalarına dair açıqladığı göstəricilər Azərbaycanın Avrasiya məkanında mühüm nəqliyyat və logistika qovşaqlarından birinə çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin növbəti uğurlu nəticələrini ifadə edir. Hesabat dövründə respublika ərazisində nəqliyyat dəhlizlərində dəmir yolu ilə 7 milyon 588 min ton, dəniz nəqliyyatı ilə 3 milyon 365 min ton, avtomobillə 5 milyon 699 min ton yük daşınıb. Bu 3 əsas nəqliyyat növü üzrə yüklərin ümumi həcminin isə 16 milyon 65 min tona yaxındır.
Bu müddətdə nəqliyyat dəhlizlərinin strukturunda polad magistralla yük daşımaları 45,6 faiz, dəniz nəqliyyatı ilə 20,2 faiz, avtomobillə isə bu göstərici 34,2 faiz paya malik olması, ilk növbədə, ölkəmizdə ayrı-ayrı nəqliyyat növlərinin getdikcə bir-birini tamamlayan vahid logistika zəncirinə çevrildiyini göstərir. Dəmir yolu böyük həcmli yüklərin uzun məsafələrə daşınmasında, avtomobil nəqliyyatı çevik və “qapıdan-qapıya” xidmətlərin göstərilməsində, dəniz nəqliyyatı isə Xəzər üzərindən Mərkəzi Asiya ilə Qafqaz arasında əlaqənin gerçəkləşməsində mühüm rol oynayır.
Uğurlu göstəricilər, strateji hədəflər
Nəqliyyat dəhlizlərində yük həcminin artmasını təkcə ayrı-ayrı nəqliyyat vasitələrinin fəaliyyəti ilə izah etmək düzgün olmazdı. Burada uzun illər ərzində həyata keçirilən infrastruktur siyasətinin nəticəsi özünü qabarıq büruzə verir. Azərbaycan son iki onillikdə polad magistralın yenilənməsinə, avtomobil yollarının beynəlxalq standartlara uyğunlaşdırılmasına, yeni liman infrastrukturunun yaradılmasına, logistika mərkəzlərinin formalaşdırılmasına və sərhəd-keçid imkanlarının genişləndirilməsinə böyük həcmdə investisiyalar yönəldib.
İqtisadçı-ekspert Samir Heydərovun sözlərinə görə, bu siyasətin mahiyyəti strateji xarakter daşıyır. Bu, o deməkdir ki, Azərbaycan təkcə öz daxili yükdaşımalarının ehtiyaclarını ödəyən nəqliyyat sistemi yaratmır, eyni zamanda, ərazisindən keçən beynəlxalq yük axınlarının təhlükəsiz, sürətli və etibarlı şəkildə hərəkətini gerçəkləşdirən regional platforma formalaşdırır. Ölkəmizin coğrafi mövqeyi bu baxımdan mühüm üstünlüyə malikdir. Azərbaycan Xəzər dənizinin qərb sahilində yerləşməklə Mərkəzi Asiyadan gələn yüklərin Qafqaz, Türkiyə və Avropa istiqamətində daşınmasında təbii körpü rolunu oynayır.
Ölkəmizin şimal-cənub istiqamətində mövcud olması isə onu Rusiya və Şimali Avropa ilə İran, Körfəz ölkələri və Hindistan arasında formalaşan yük marşrutlarında da əhəmiyyətli coğrafiyaya çevirir. Bu iki istiqamətin, yəni Şərq – Qərb və Şimal – Cənub əlaqələrinin Azərbaycan ərazisində kəsişməsi respublikanın tranzit imkanlarının strateji önəmini daha da artırır.
Cari ilin ilk yarısında dəhlizlər üzrə daşımaların strukturunda 45,6 faizlə ən böyük payın dəmir yolunun üzərinə düşməsi təsadüfi deyil. Çünki polad magistral iri həcmli və uzun məsafəli yüklərin daşınması baxımından həm iqtisadi, həm də ekoloji üstünlüklərə malikdir. Hesabat dövründə dəmir yolu ilə daşınan 7 milyon 588 min ton yük ötən ilin eyni dövründəki 7 milyon 120 min tonla müqayisədə 468 min ton çoxdur. Başqa sözlə, artım 6,6 faiz təşkil edir. Bu dinamika dəmir yolunun beynəlxalq tranzit sistemində rolunun getdikcə yüksəldiyini göstərir.
Samir Heydərov daha sonra qeyd etdi ki, Azərbaycan dəmir yolu infrastrukturunun yenilənməsi də bu artımı şərtləndirən əsas amillərdən biridir. Bakı – Tbilisi – Qars dəmir yolu xəttinin imkanlarının genişləndirilməsi, Azərbaycan ərazisində dəmir yolu şəbəkəsinin modernləşdirilməsi və yükdaşıma proseslərinin rəqəmsallaşdırılması Orta Dəhlizin səmərəliliyini yüksəldən mühüm addımlardır. Müasir tranzit sistemində dəmir yolunun, sadəcə, yükü bir məntəqədən digərinə aparan nəqliyyat vasitəsi olmadığı da aydındır. Polad magistral liman, terminal, anbar, gömrük, avtomobil nəqliyyatı və logistika xidmətləri ilə birləşən vahid zəncirin əsas elementlərindən biridir.
Hesabat dövründə nəqliyyat dəhlizlərinin fəaliyyətində dəniz nəqliyyatının xüsusi çəkisi isə 20,2 faiz təşkil edib. Belə ki, cari ilin ilk altı ayında respublika ərazisində dəhlizlər üzrə dəniz nəqliyyatı ilə 3 milyon 365 min ton yük daşınıb. Xəzər dənizi burada xüsusi strateji əhəmiyyəti ilə xüsusi diqqət çəkib. Başqa sözlə, Orta Dəhlizin Mərkəzi Asiya ilə Azərbaycan arasında ən mühüm həlqələrindən birinin məhz Xəzər üzərindən keçən multimodal daşımalar sistemi olması bu sahədə uğurun əldə edilməsini şərtləndirib.
Qazaxıstan, Türkmənistan və digər Mərkəzi Asiya ölkələrindən gələn yüklərin Xəzər dənizi vasitəsilə Ələt limanına çatdırılması, daha sonra bu yüklərin dəmir yolu və avtomobil magistralları ilə Gürcüstan, Türkiyə və Avropa istiqamətində daşınması Orta Dəhlizin əsas önəmini təsdiq edir. Bu səbəbdən Xəzərdə bərə və Ro-Ro imkanlarının genişləndirilməsi, limanların yük qəbul etmək qabiliyyətinin artırılması, gəmilərin dövriyyəsinin sürətləndirilməsi və rəqəmsal idarəetmənin tətbiqinin diqqətdə saxlanılması marşrutun rəqabət qabiliyyəti üçün xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, Azərbaycanın tranzit strategiyasının ən mühüm istiqamətlərindən biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci inkişaf mərhələsi 2019-cu ildə başa çatdırılıb və infrastrukturun ümumi yükaşırma imkanları 15 milyon tona, konteyner emalı imkanları isə 100 min TEU-ya qədər yüksəldilib. Limanın ikinci inkişaf mərhələsinin tamamlanmasından sonra isə ümumi yükaşırma gücünün 25 milyon tona, konteyner imkanlarının isə 500 min TEU-ya çatdırılması nəzərdə tutulub.
Bakı Limanının illik yük aşırmasının 7,6 milyon tona çatdırılması yük axınlarının potensialının artdığını göstərən amillərdən biridir. Rəsmi məlumata görə, infrastrukturun gələcək inkişafı nəticəsində 25 milyon ton yük və 500 min TEU konteyner tutumuna çatdırılması hədəflənir. Bu perspektivdə liman artıq təkcə yüklərin bir nəqliyyat vasitəsindən digərinə keçirildiyi məntəqə kimi deyil, logistika, anbar, gömrük, istehsal və xidmət funksiyalarını birləşdirən kompleks iqtisadi platforma kimi nəzərdən keçirilir.
Rəqəmsallaşma və yük axını
İqtisadçı-ekspert Arif Qədirovun fikrincə, müasir dövrdə beynəlxalq yükdaşımalarda rəqabət təkcə kim daha çox yük daşıyır sualına verilən cavaba əsaslanmır. Bu, kim yükü daha sürətli, təhlükəsiz, şəffaf və proqnozlaşdırılan şəkildə çatdırır sualının cavabından asılı olur. Hazırda bu məsələdə Orta Dəhlizin qarşısında duran böyük imkanlar nəzərə alınır, eləcə də həllini gözləyən prioritetlər diqqətdə saxlanılır.
Yeri gəlmişkən, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının Baş katibi Umberto de Pretto mətbuata açıqlamasında 2026-cı ildə Orta Dəhliz üzrə yük axınlarının artacağının və 2030-cu ilədək onun həcminin 3 dəfə çoxalacağının gözlənildiyini vurğulayıb. Baş katib, eyni zamanda, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, koordinasiyanın gücləndirilməsi və infrastruktur imkanlarının tələbatın artımına uyğunlaşdırılması kimi məsələlərin zəruriliyini xatırladıb.
Arif Qədirov söhbətində bildirdi ki, belə bir yanaşma Azərbaycanın qarşısında duran vəzifənin təkcə yeni yollar və terminallar tikməkdən ibarət olmadığını göstərir. Çünki infrastruktur nə qədər müasir olsa da, sərhəddə yük maşınlarının uzun müddət gözləməsi, sənədləşmə prosedurunun çox olması və bununla bağlı müxtəlif ölkələrdə fərqli tələblərin tətbiq edilməsi marşrutun ümumi səmərəliyini azalda bilər. Deməli, növbəti mərhələnin əsas hədəflərindən biri “fiziki dəhliz” anlayışından “rəqəmsal və inteqrasiya olunmuş dəhliz” düşüncəsinə sahiblənməkdir.
Nəqliyyat və logistika sahəsində rəqəmsallaşma artıq əlavə üstünlük deyil, eyni zamanda, rəqabət qabiliyyətinin əsas şərtlərindən biridir. Başqa sözlə, yükün harada olması, hansı terminala nə vaxt çatacağı, gömrük rəsmiləşdirilməsinin hansı mərhələdə yerləşməsi, dəmir yolu və avtomobil nəqliyyatının necə koordinasiya olunması real vaxt rejimində izlənildikdə bütün zəncirin səmərəliliyi yüksəlir. Azərbaycanın Orta Dəhlizin inkişafı çərçivəsində sərhəd prosedurlarının sadələşdirilməsi və rəqəmsallaşdırma istiqamətində gördüyü işlər də məhz bu məqsədə xidmət edir.
Beynəlxalq təcrübə göstərir ki, tranzit marşrutunun uzunluğu qədər onun idarə olunma sürəti də mühüm önəm daşıyır. Bu baxımdan respublikamızın üstünlüyü ondan ibarətdir ki, Azərbaycan son illərdə həm fiziki infrastrukturu, həm də rəqəmsal idarəetmə imkanlarını paralel şəkildə inkişaf etdirməyə çalışır.
Azərbaycanın logistika strategiyasının mühüm xüsusiyyətlərindən biri də tranzit daşımalarını yalnız tranzit gəlirlərinin mənbəyi kimi nəzərdən keçirməməsidir. Ələt Azad İqtisadi Zonası bu strategiyanın ən mühüm nümunələrindən biridir. Adı çəkilən iqtisadi zona Xəzər hövzəsində Şərq – Qərb və Şimal – Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən istehsal-logistika platforması kimi formalaşdırılır. Bu zaman zona üçün xüsusi hüquqi rejim, sənaye infrastrukturu və logistika imkanlarının yaradılması, investorlar üçün maliyyə və qeyri-maliyyə təşviqlərinin diqqətdə saxlanılması kimi məsələlərə də daha çox üstünlük verilir.
Bu yanaşmanın iqtisadi mahiyyəti olduqca əhəmiyyətlidir. Çünki əgər Azərbaycan təkcə yükün öz ərazisindən keçməsinə xidmət edərsə, tranzit haqqı və əlaqəli xidmətlərdən gəlir əldə edəcək. Eyni zamanda, həmin yükün müəyyən hissəsinin emalı, qablaşdırılması, çeşidlənməsi, istehsalı və yenidən ixracı ölkə daxilində həyata keçirilərsə, yaranan əlavə dəyər də Azərbaycanın iqtisadiyyatında qalacaq. Beləliklə, logistika infrastrukturu qeyri-neft sektorunun inkişafına, eləcə də yüksək əlavə dəyər yaradan, ixracyönümlü sənaye müəssisələrinin qurulmasına birbaşa xidmət edən mexanizmə çevrilir.
Tranzit ölkədən logistika mərkəzinə
Burada mühüm bir məsələyə də diqqət yetirmək zəruridir. Belə ki, tranzit ölkəsindən yük keçir, logistika mərkəzində isə yükün ətrafında iqtisadi fəaliyyət yaranır. Anbarlar qurulur, yük çeşidlənir, qablaşdırılır, sığortalanır, gömrük rəsmiləşdirilir, texniki xidmət göstərilir, maliyyə və rəqəmsal xidmətlər təqdim edilir. Daha sonra həmin yük başqa istiqamətə göndərilir və bütün bu mərhələlər əlavə iqtisadi dəyər yaradır. Azərbaycanın son illərdə qurduğu logistika infrastrukturu da ölkəni məhz ikinci modelə yaxınlaşdırır.
Bu baxımdan Bakı Limanı, Ələt Azad İqtisadi Zonası, logistika mərkəzləri, dəmir yolu və avtomobil magistralları bir-birindən kənar layihələr deyil. Onlar vahid iqtisadi sistemin elementləridir. Bu sistemin məqsədi Azərbaycan ərazisindən daha çox yük keçirməklə bərabər, eyni zamanda, həmin yükün yaratdığı iqtisadi imkanlardan ölkə iqtisadiyyatının daha geniş şəkildə faydalanmasını təmin etməkdir.
Beləliklə, 2026-cı ilin ilk yarısında nəqliyyat dəhlizləri üzrə yükdaşımaların həcminə dair rəqəmlər Azərbaycanın Avrasiya nəqliyyat sistemində artan rolunu nümayiş etdirir, eləcə də ölkəmizin dəhlizlər qovşağında artıq ciddi həcmə malik olduğunu göstərir. Lakin yanvar-iyun ayları üzrə hesabat göstəricilərinin mühüm əhəmiyyəti təkcə tonlarla ölçülmür. Onların arxasında Azərbaycanın illər ərzində formalaşdırdığı nəqliyyat infrastrukturu, Bakı Limanı, Bakı –Tbilisi – Qars dəmir yolu xətti, avtomobil magistralları, logistika mərkəzləri, Ələt Azad İqtisadi Zonası və rəqəmsal nəqliyyat sistemləri dayanır.
Bakı Limanının ikinci inkişaf mərhələsindən sonra 25 milyon ton yük və 500 min TEU konteyner emal etmək imkanına malik olması Azərbaycanın artan tranzit tələbatına ciddi hazırlaşdığını göstərir. Orta Dəhliz üzrə qlobal yük axınlarının artması isə bu infrastruktura əlavə imkanlar yaradır. Eyni zamanda, bu imkanlardan maksimum faydalanmaq üçün sərhəd prosedurlarının sürətləndirilməsi, rəqəmsallaşdırmanın genişləndirilməsi, multimodal daşımaların inkişaf etdirilməsi və nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi kimi məsələlər də qarşıda duran prioritet vəzifələrdir.
Bu baxımdan cari ilin ilk yarısının statistikası yalnız keçmiş dövrün nəticəsi deyil. Həm də Azərbaycanın qarşıdakı illərdə Avrasiya logistikasında daha böyük rol oynamaq üçün formalaşdırdığı imkanların göstəricisidir. Ölkəmizin qarşısında duran əsas vəzifə isə həmin imkanları maksimum dərəcədə iqtisadi dividendlərə çevirmək, tranzit üstünlüyünü davamlı inkişaf və yüksək əlavə dəyər yaradan istehsalla birləşdirməkdir. Belə bir model reallaşdıqca Azərbaycan coğrafi baxımdan Avropa ilə Asiya arasında körpü olmaqla kifayətlənməyəcək, eyni zamanda iqtisadi baxımdan bu iki böyük məkan arasındakı ticarət və təchizat zəncirlərinin mühüm mərkəzlərindən birinə çevriləcək.
Göründüyü kimi, qlobal nəqliyyat dəhlizləri ölkəmizin milli sərvətinə çevrilib.
Vaqif BAYRAMOV
XQ