Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qlobal demokratiya göstəriciləri 2025-ci ildə cüzi yaxşılaşsa da, bir sıra ölkələrdə demokratik institutların fəaliyyəti ilə bağlı problemlər davam edib.
Yeniavaz.com xəbər verir ki, “The Economist Intelligence Unit” (EIU) tərəfindən hazırlanan Demokratiya İndeksi 167 ölkəni əhatə edib.
Qeyd edək ki, 2025-ci il üzrə Demokratiya İndeksinin nəticələrinə əsasən, Azərbaycanın göstəricisi 10 mümkün baldan 2,80 olub və ölkəmiz 127-ci yerdə qərarlaşıb.
Region ölkələrindən Ermənistan 84-cü, Gürcüstan 99-cu, Türkiyə 103-cü, Qırğızıstan 116-cı, Qazaxıstan 123-cü, Özbəkistan 146-cı, Rusiya 148-ci, Belarus 149-cu, İran 152-ci, Tacikistan 155-ci, Türkmənistan isə 160-cı yerdə göstərilib.
EIU-nun Demokratiya İndeksi ölkələri beş əsas meyar üzrə qiymətləndirir: seçki prosesi və plüralizm, hökumətin fəaliyyəti, siyasi iştirak, siyasi mədəniyyət və vətəndaş azadlıqları.
2025-ci ildə qlobal demokratiya indeksinin orta göstəricisi 5,17 baldan 5,19 bala yüksəlib. Bununla da səkkiz il davam edən geriləmədən sonra cüzi artım qeydə alınıb. Lakin bu yüksəliş bütün ölkələrdə demokratik göstəricilərin yaxşılaşması demək deyil.
Reytinqin ilk pilləsində 9,81 balla Norveç qərarlaşıb. Yeni Zelandiya 9,62 balla ikinci, Danimarka 9,42 balla üçüncü, İslandiya 9,38 balla dördüncü, Finlandiya 9,37 balla beşinci, İsveç isə 9,35 balla altıncı yerdədir.
İlk 10-luqda, həmçinin İrlandiya, İsveçrə, Kanada və Lüksemburq yer alıb. Bu ölkələrin hamısı tam demokratiya kateqoriyasına daxil edilib.
Reytinqin sonuncu pilləsində isə 0,25 balla Əfqanıstan qərarlaşıb. Ondan əvvəl Myanma (166-cı yer), Şimali Koreya (165-ci yer), Mərkəzi Afrika Respublikası (164-cü yer) və Suriya (163-cü yer) gəlir.
Ümumilikdə, 167 ölkə və ərazidən 26-sı tam demokratiya, 48-i qüsurlu demokratiya, 32-si hibrid rejim, 61-i isə avtoritar rejim kimi təsnif edilib. Beləliklə, ölkələrin 36,5 faizi avtoritar rejimlər kateqoriyasında yer alıb.
Demokratiya göstəriciləri ən çox hansı ölkələrdə dəyişib?
2024-cü illə müqayisədə demokratiya göstəricilərində ən böyük geriləmə Qvineya-Bisauda qeydə alınıb. Ölkənin indeksi 2,03 baldan 1,37 bala düşüb. Nepalda 0,59, Pakistanda 0,40, Gürcüstanda 0,34, Hindistanda isə 0,33 bal azalma olub.
Əksinə, ən böyük irəliləyiş Qabonda müşahidə edilib. Bu ölkənin göstəricisi 2,18 baldan 3,49 bala yüksəlib. Boliviyada 1,12, Kanadada 0,39, Argentinada və Şri-Lankada isə 0,38 bal artım qeydə alınıb.
Qeyd edək ki, Qabonun göstəricisi əhəmiyyətli dərəcədə yaxşılaşsa da, ölkə hələ də avtoritar rejimlər kateqoriyasında qalır.
ABŞ də demokratiya indeksində geriləyib
ABŞ-nin demokratiya göstəricisi 2024-cü ildəki 7,85 baldan 2025-ci ildə 7,65 bala düşüb. EIU-nun məlumatına görə, ölkə qlobal reytinqdə 34-cü yerdə qərarlaşıb. Bununla da ABŞ-də indeksin 2006-cı ildən hesablanmağa başlanmasından bəri ən aşağı göstəricilərdən biri qeydə alınıb.
Müqayisə üçün bildirək ki, Kanada 9,08 balla 9-cu yerdə qərarlaşıb və tam demokratiya kateqoriyasına daxil edilib. ABŞ isə qüsurlu demokratiya kimi təsnif olunub.
EIU ABŞ-dəki geriləməni icra hakimiyyətinin fəaliyyətinin genişlənməsi, institusional nəzarət mexanizmlərinin zəifləməsi və vətəndaş azadlıqları ilə bağlı narahatlıqlarla əlaqələndirir.
Murad Məmmədov