Qlobal əməkdaşlıq strategiyası ANALİZ

30.10.2026

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Yaxud, Azərbaycan Şərq və Qərb arasında geosiyasi körpü rolunda

Azərbaycan Respublikasının xarici siyasət kursu müstəqilliyin bərpasından bu günə qədər dinamik, milli maraqlara söykənən və çoxvektorlu balanslaşdırma strategiyası üzərində qurulmuşdur. Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan və Prezident İlham Əliyev tərəfindən müasir dövrün qlobal çağırışlarına uyğun olaraq strateji Zəfər mərhələsinə çatdırılan bu siyasət Azərbaycanı regional oyunçudan mərkəzi geosiyasi və geoiqtisadi subyektə çevirmişdir.

Torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam bərpa olunması ilə Azərbaycan təkcə Cənubi Qafqazın təhlükəsizlik arxitekturasını yenidən şəkilləndirməyib, həm də dünya birliyinə inteqrasiyada keyfiyyətcə yeni, təşəbbüskar və nizamlayıcı dövlət statusuna yüksəlib.
Azərbaycan Respublikası qlobal və regional təşkilatlarla münasibətlərini təktərəfli asılılıq üzərində deyil, bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı maraqlar prinsipi üzərində qurur. BMT-yə üzv olduğu 1992-ci ildən Azərbaycan bu platformadan öz ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq hüququ qorumaq üçün istifadə etmişdir. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin 30 ildən sonra Azərbaycan tərəfindən təkbaşına icra edilməsi beynəlxalq hüququn tətbiqi baxımından qlobal presedent yaradıb.

Bakının COP29 (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı) kimi dünyanın ən böyük tədbirinə ev sahibliyi etməsi ölkəmizin planetar miqyaslı problemlərin həllində, "yaşıl keçid" və iqlim maliyyəşməsi mövzusunda liderliyini təsdiqləyir. Azərbaycan 120 ölkəni birləşdirən BMT-dən sonra ikinci ən böyük siyasi platformaya uğurla sədrlik etmişdir. Pandemiya dövründə "peyvənd millətçiliyi"nə karşı BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü Bakını Qlobal Cənubun əsas müdafiəçisinə çevirdi. Azərbaycanın sədriyi dövründə QH Parlament Şəbəkəsi və QH Gənclər Təşkilatı yaradılaraq platformaya yeni nəfəs verildi.

TDT - Azərbaycanın prioritet ailəsi

Prezident İlham Əliyevin "Bizim ailəmiz Türk dünyasıdır" bəyanatı Azərbaycanın xarici siyasətində TDT-nin aparıcı xətt olduğunu göstərir. Bakı TDT çərçivəsində ticarət, energetika, nəqliyyat (Orta Dəhliz), hərbi-sənaye və ortaq mədəniyyət (vahid əlifba, təhsil) sahələrində inteqrasiyanın əsas katalizatorudur.

Avropa İttifaqı (Aİ) ilə münasibətlər "Strateji Tərəfdaşlıq" müstəvisindədir. Aİ-yə üzv olan 10-a yaxın ölkə ilə Azərbaycanın strateji tərəfdaşlıq haqqında ikitərəfli bəyanatları var. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biridir. Azərbaycan ŞƏT ilə dialoq tərəfdaşı kimi Avrasiya coğrafiyasında təhlükəsizlik və nəqliyyat habı kimi fəal əməkdaşlıq edir.

Azərbaycanın xarici siyasətində yaxın qonşuluq münasibətləri və regional sabitlik prioritet təşkil edir. 15 iyun 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini rəsmi olaraq müttəfiqlik səviyyəsinə qaldırdı. "Bir millət, iki dövlət" formulası hərbi, siyasi, iqtisadi və diplomatik sahədə tam inteqrasiya olunmuş vahid güc mərkəzi yaradıb.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi strateji layihələrlə Gürcüstanla strateji tərəfdaşlıq və regional təhlükəsizlik zənciri qurulub. 22 fevral 2022-ci ildə imzalanmış "Müttəfiqlik Qarşılıqlı Əlaqəsi haqqında Bəyannamə" iki ölkə - Rusiya ilə Azərbaycan arasında regional sabitlik, ticarət və nəqliyyat dəhlizləri çərçivəsində müttəfiqlik prinsiplərini tənzimləyir.

Araz dəhlizi (İran ərazisi ilə Naxçıvana bağlantı) və Şimal-Cənub nəqliyyat marşrutu üzrə praqmatik iqtisadi-logistik əməkdaşlıq saxlanılır. Mərkəzi Asiya Dövlətləri (Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan) ilə münasibətlərdə sıçrayış baş verib. Xəzər üzərindən keçən geoiqtisadi layihələr Şərqi və Qərbi birləşdirən vahid Türk-Avrasiya oxu yaradır.

Ermənistan ilə sülh prosesi və Zəngəzur dəhlizi

Azərbaycan post-münaqişə dövründə regional sülhün memarı kimi 5 əsas prinsipə söykənən Sülh Müqaviləsini təklif edib. Zəngəzur Dəhlizi (Naxçıvana və Türkiyəyə birbaşa quru bağlantısı) təkcə Azərbaycanın daxili nəqliyyatını bərpa etməyəcək, həm də Çindən Avropaya qədər olan ticarət marşrutunu qısaldaraq regional inteqrasiyaya güclü təkan verəcək.

Azərbaycanın dünya birliyinə inteqrasiyasının ən real və toxunulan göstəricisi onun qlobal enerji və logistika şəbəkəsində oynadığı əvəzedilməz roldur. Cənub Qaz Dəhlizi və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan TANAP və TAP kəmərləri vasitəsilə Azərbaycan qazı İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya və digər Avropa ölkələrinə çatdırılır. Azərbaycan Aİ üçün güvenilir və alternativ enerji mənbəyidir.

Xəzər dənizinin külək və günəş potensialından istifadə edərək Gürcüstan, Rumıniya və Macarıstan üzərindən Avropaya "Yaşıl Enerji Dəhlizi"nin (sualtı kabel layihəsi) çəkilməsi ölkəmizi bərpaolunan enerji eksportçusuna çevirir. Geopolitik krizislər fonunda Çindən Avropaya yükdaşımalarda Şərq-Qərb Orta Dəhlizinin rolu kəskin artıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt Azad İqtisadi Zonası Azərbaycanı Avrasiyanın əsas logistika mərkəzinə çevirib.

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası passiv müşahidəçi kimi deyil, qlobal və regional prosesləri istiqamətləndirən fəal subyekt kimi həyata keçirilir. 44 günlük Vətən Müharibəsi və Lokal Anti-terror tədbirləri göstərdi ki, Azərbaycan öz gücünə və beynəlxalq hüquqa söykənərək milli maraqlarını qorumağa qadirdir. Bakı eyni vaxtda Aİ ilə enerji tərəfdaşlığı edir, TDT-ni gücləndirir, Qoşulmama Hərəkatında Qlobal Cənubun hüquqlarını qoruyur və Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin mərkəzində dayanır.

Nəticə etibarilə, müasir Azərbaycan Respublikası suverenliyi tam bərpa olunmuş, iqtisadi baxımdan müstəqil, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan və global interkultural dialoqun Məkkəsinə çevrilən müasir, güclü və inteqrasiya olunmuş dövlət modelidir.

V.VƏLİLİ

İstiqamət: 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə hazırlanmışdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью