Qlobal enerji bazarı geosiyasi gərginliyin təsiri altında

15.10.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünyada enerji təhlükəsizliyi məsələsi beynəlxalq iqtisadi gündəmin ən həssas istiqamətlərindən biri olaraq qalır. Yaxın Şərqdə davam edən gərginlik, strateji dəniz yollarında gəmiçiliyə yaranan təhlükələr və neft tədarükünün sabitliyi ilə bağlı narahatlıqlar dünya bazarlarında qiymət dəyişikliklərinə təsir göstərir. 

Reuters agentliyinin bu gün yaydığı məlumata görə, neftin qiyməti əvvəlki sessiyada qeydə alınan artımdan sonra yenidən aşağı düşüb.

Agentliyin məlumatına əsasən, ticarət sessiyasının ilkin mərhələsində “Brent” markalı neftin bir barelinin qiyməti 1,6 faiz azalaraq 104,42 dollara, ABŞ-ın WTI markalı neftinin qiyməti isə 1 faiz geriləyərək 94,11 dollara enib. Qiymətlərdəki bu dəyişiklik investorların, bir tərəfdən, Yaxın Şərqdə tədarükə yarana biləcək təhlükələri, digər tərəfdən isə dünya bazarına neft çıxarılmasının davamlılığını və daşınma xərclərini azaltmaq imkanlarını nəzərə aldıqlarını göstərir.

Mənbənin məlumatında bildirilir ki, Hörmüz boğazı yaxınlığında son 24 saat ərzində iki gəminin ayrı-ayrı insidentlər zamanı mərmi zərbələrinə məruz qalaraq batdığı barədə dənizçilik rəsmiləri məlumat veriblər. Bu hadisələr beynəlxalq ticarət üçün strateji əhəmiyyət daşıyan dəniz marşrutlarının təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb. Həmin boğazda gəmiçiliyin pozulması enerji daşıyıcılarının daşınmasına, sığorta və yükdaşıma xərclərinə, nəticə etibarilə isə dünya iqtisadiyyatına təsir göstərə bilər.

Bununla yanaşı, neft hasilatının artması qiymətlərə təsir edən digər mühüm amil kimi diqqət çəkir. Beynəlxalq Enerji Agentliyinin məlumatına istinad edən Reuters yazır ki, Rusiyada xam neft hasilatı sentyabr ayında gündəlik 65 min barel artaraq 8,43 milyon barelə çatıb. Bununla belə, göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə gündəlik 870 min barel aşağı olub. Fars körfəzi ölkələrinin xam neft ixracı da sentyabrda artaraq müharibədən əvvəlki səviyyənin təxminən 75 faizinə yüksəlib.

ABŞ-da neft ehtiyatları ilə bağlı göstəricilər də bazarın diqqət mərkəzindədir. Reuters-in Amerika Neft İnstitutunun məlumatlarına istinadən yaydığı xəbərə görə, oktyabrın 9-da başa çatan həftə ərzində ölkənin xam neft ehtiyatları 11,1 milyon barel azalıb. Lakin ehtiyatların azalması qiymətlərdə mütənasib artıma səbəb olmayıb. Bu vəziyyət bazar iştirakçılarının geosiyasi riskləri və mümkün tədarük dəyişikliklərini ehtiyatla qiymətləndirdiyini göstərir.

ABŞ administrasiyasının əvvəllər sanksiyalara məruz qalmış bəzi neftdaşıyan gəmilərlə bağlı məhdudiyyətlərin yumşaldılması imkanlarını nəzərdən keçirməsi də xəbərdə qeyd olunan məsələlərdəndir. Məqsəd daşınma xərclərinin azaldılmasına və enerji tədarükünün asanlaşdırılmasına şərait yaratmaqdır. Bununla belə, bu istiqamətdə mümkün qərarların bazara real təsiri onların tətbiqindən və regional vəziyyətin inkişafından asılı olacaq.

Mövcud mənzərə göstərir ki, dünya enerji bazarında qiymətlərin formalaşması yalnız hasilat və istehlak arasındakı nisbətlə məhdudlaşmır. Geosiyasi risklər, dəniz yollarının təhlükəsizliyi, beynəlxalq sanksiyalar və alternativ nəqliyyat imkanları da bu prosesə ciddi təsir edir. Strateji marşrutlarda sabitliyin qorunması və enerji təchizatının fasiləsizliyinin təmin edilməsi bu baxımdan qlobal iqtisadiyyat üçün mühüm əhəmiyyət daşıyır.

N.Adilqızı
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью