​QLOBAL ENERJİ BÖHRANI QAPIDA... Azərbaycanda benzin qıtlığı təhlükəsi varmı?

05.11.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Azərbaycanda yanacaq qıtlığı yarana bilərmi?

Dünyada baş verən geosiyasi gərginliklər, münaqişələr və enerji bazarındakı qeyri-sabitlik bir çox ölkələrdə enerji təchizatının təhlükəsizliyini yenidən gündəmə gətirir. Neft və qaz qiymətlərindəki dəyişikliklər, alternativ enerji mənbələrinə keçid və təchizat marşrutlarında yarana biləcək problemlər qlobal enerji təhlükəsizliyinə təsir göstərir. Enerji ixracatçısı olan Azərbaycan da bu proseslərdən kənarda qalmır və daxili tələbatın fasiləsiz qarşılanması xüsusi əhəmiyyət daşıyır. 

Bəs ölkəmiz mümkün qlobal enerji böhranına və təchizat məhdudiyyətlərinə nə dərəcədə hazırdır? Qlobal enerji böhranı Azərbaycanın daxili enerji təminatına və ixrac imkanlarına necə təsir göstərə bilər? Mümkün enerji təchizatı problemlərinin qarşısını almaq üçün ölkənin hansı strateji addımları atmasına ehtiyac var?

Bu barədə Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban “AzPolitika”ya açıqlamasında bildirib ki, dünyada davam edən hərbi-siyasi gərginlik, xüsusilə ABŞ-İran qarşıdurmasının yeni mərhələyə keçməsi qlobal enerji bazarları üçün ciddi təhdidlər yaradır.

Onun sözlərinə görə, 28 fevral 2026-cı ildən etibarən ABŞ-İran müharibəsi yeni mərhələyə keçib. Son bir neçə ayda hərbi toqquşmalar qeydə alınmasa da, tərəflər arasında nisbi atəşkəs hökm sürsə də, Hörmüz boğazı və ətrafında baş verən hadisələr dünya enerji bazarlarına təsirsiz ötüşmür. Nəzərə almaq lazımdır ki, dünya üzrə neft tədarükünün təxminən beşdə biri bu boğaz vasitəsilə həyata keçirilir: “Bunun nəticəsində neftin bir barelinin qiyməti 115 dollar həddini keçib. Avropa və Asiya bazarlarında təbii qazın 1000 kubmetrinin qiyməti 1100 dollardan baha satılır. Bütün biznes sahələrində istifadə olunan dizel yanacağının qiyməti isə ilin əvvəli ilə müqayisədə bəzi ölkələrdə iki, hətta 2,5 dəfə artıb. Belə şəraitdə hər bir ölkə enerji təhlükəsizliyi məsələsini ön plana çıxarır. Çünki enerji təhlükəsizliyi birbaşa milli təhlükəsizliklə bağlıdır. Azərbaycan enerji ixracatçısı kimi mövcud qiymət artımından müəyyən mənada faydalanır. Ölkəmiz neft, neft məhsulları, təbii qaz və elektrik enerjisi ixrac edir. Xarici bazarlarda enerji daşıyıcılarının bahalaşması Azərbaycanın ixrac gəlirlərinin artması deməkdir”.

Ekspert Dövlət Gömrük Komitəsinin aylıq hesabatlarına istinad edərək bildirib ki, ötən illə müqayisədə bu istiqamətdə artım müşahidə olunur. Bununla belə, İlham Şaban Azərbaycanın enerji məhsullarının idxalından da asılı olduğunu diqqətə çatdırıb: “Ölkəmiz yüksək oktanlı avtomobil benzinlərini xaricdən alır. Azərbaycanda müstəqillik dövründə bu növ yanacağın sənaye miqyasında istehsalı heç vaxt tam təmin edilməyib. 2014-cü ilin aprelinədək Azərbaycanda Aİ-95 markalı benzin kimyəvi maddələrin qarışdırılması yolu ilə oktan ədədinin artırılması hesabına əldə edilirdi. Sonradan bu üsuldan imtina edilib. Həmin vaxt Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi və Aİ-95 markalı benzinin yerli istehsalının təşkili gözlənilirdi. Lakin uzun müddət keçməsinə baxmayaraq, bu hədəfə hələ də tam nail olunmayıb. Hazırda ölkədə Aİ-95 markalı benzinin məhdud həcmdə istehsalı həyata keçirilir, Aİ-98 markalı benzinin istehsalı isə ümumiyyətlə nəzərdə tutulmayıb.

Rəsmi statistikanın açıqlanan son göstəricilərinə əsasən, səkkiz ay ərzində Azərbaycan xaricdən 100 min ton yüksək oktanlı benzin idxal edib. Bu isə ölkənin həmin məhsullar üzrə xarici bazarlardan asılılığını göstərir”.

Enerji bazarlarında baş verən dəyişikliklərin mümkün təsirlərindən qorunmaq üçün enerji resurslarından daha səmərəli istifadə edilməsinin vacibliyini vurğulayan ekspert qeyd edib ki, bu məsələ yalnız yanacaq istehlakı ilə məhdudlaşmır: “Elektrik enerjisindən istifadədən avtomobil yanacağına, yaşayış evlərinin istilik izolyasiyasına qədər bir çox amil ümumi enerji sərfiyyatına təsir göstərir. Azərbaycanda son iki ildə bu istiqamətdə müəyyən qanunlar qəbul edilib. Lakin qanunların qəbulundan sonra onların real bazar təsirinin dərhal hiss olunması mümkün deyil. Bunun üçün vaxt, hökumətin hazırlığı və istehlakçı mədəniyyətinin formalaşması vacibdir.

Azərbaycan artıq enerji səmərəliliyinin artırılması istiqamətində yola çıxıb. Əsas məsələ qarşıya qoyulan hədəflərə çatmaqdır. Bunun nə vaxt baş verəcəyini isə zaman göstərəcək”.

Oğuz Ayvaz

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью