Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Etibar RƏHİMOV
Bazar araşdırmaçısı
"Biz bu dünyaya yeyib doymaq üçün yox, dadmaq üçün gəlmişik. Çünki toxluq xəstəliyə yol açır".
Bir dietoloqun fikirlərindən
Avropa İttifaqı (Aİ) öz vətəndaşlarını zülalla təmin etmək üçün Çin təcrübəsinə əl atmalı oldu: marketlərdə unqurdu və digər həşərat tərkibli məhsulların satışına icazə verdi. 2025-ci ilin fevral ayından etibarən Aİ-də bəzi hallarda çörək və bulkalara, tortlara, makaron əsaslı məhsullara, emal olunmuş kartof və süd məhsullarına, meyvə-tərəvəz pürelərinə unqurdu sürfəsinin tozu əlavə edilə bilər. İlkin olaraq bu məhsulun Aİ bazarına çıxarılması barədə müraciət etmiş fransız şirkəti "Nutri'Earth" 10 fevral 2030-cu ilədək həmin tozu göstərilən qida məhsullarında istifadə üçün bazara çıxarmaqda xüsusi hüquqa malikdir. Bu məhsulların etiketlərində ultrabənövşəyi şüalanmaya məruz qalmış sarı unqurdu sürfələrinin tozunun xərçəngkimilərə və ev tozu gənələrinə qarşı həssas insanlarda allergik reaksiyalara səbəb ola biləcəyi də açıq şəkildə göstərilir. Çünki ultrabənövşəyi şüalara məruz qalmaq da elektromaqnit şüalanmanın bir növüdür.
Maraqlıdır ki, 2020-ci ildə İraq və Səudiyyə Ərəbistanına 1,8 milyon, 2021-ci ildə Səudiyyə Ərəbistanına və Qətərə 2,1 milyon, 2022-ci ildə İsrail və İraqa 1,9 milyon, 2023-cü ildə Qətər və Səudiyyə Ərəbistanına 2,3 milyon diri heyvan göndərən Aİ öz vətəndaşlarına həşərat tozu yedizdirir.
DİRİ HEYVAN İXRACATI ARTIR
...Yeni Zelandiyanın Oklend hava limanında gərgin iş günüdür. İxrac ediləcək qoyunları yük təyyarəsinə qaldırırlar. 5 milyon əhalisi olan adada qoyunların sayı təxminən 23 milyon başdır. Heyvanlara əzab verməmək üçün diri heyvanların dəniz yoluyla ixracı qadağan edildiyinə görə 2023-cü ildən bu daşımalar xüsusi yük təyyarələri ilə həyata keçirilir. Sifarişçi isə Türkiyə Ət və Süd Qurumudur. Qoyunları daşıyan təyyarə Türkiyənin Tekirdağ şəhərindəki heyvan karantini məntəqəsinə enəcək...
Braziliyanın Rio Qrande limanından 19 000 diri buğa ilə İraqa yol alan gəmi su və ot götürmək üçün Cənubi Afrika limanlarından birinə yaxınlaşır. 58 buğa istidən və susuzluqdan ölüb...
Tacikistanın Hisar vadisində kəsilən qoyunların bağırsaq, ürək, qaraciyər, dalaq, böyrək və quyruğu Türkiyənin Adana vilayətinə gedəcək soyuduculu yük maşınına yüklənir. Diri çəkisi 140-150 kq olan Hisar qoyunlarının quyruğu 30-40 kq ağırlığındadır...
Serbiyanın Şumadiya bölgəsinin yaşıl otlaqlarla zəngin Peşter ovalığında çobanlar yeni ixrac sifarişi üçün qoçları ayırırlar. Heyvanlar müvafiq sanitariya prosedurlarını keçdikdən sonra kəsiləcək və Türkiyənin Qaziantep vilayətinə yola salınacaq...
"Spiridon II" gəmisi Uruqvaydan 3 000 baş inəklə Bursanın Mudanya limanına doğru yola çıxdı...
1 həftə sonra yenə Uruqvaydan "Atlantic Rose" gəmisi 7 000 boğaz inəklə Mersinin Taşucu limanına doğru hərəkət edib. Səyahət zamanı 90 inək doğub, 60 buzov tələf olub...
2021-ci ildə Türkiyə Avropadan aldığı 22 000 baş qoyunu gəmi ilə Qətərə göndərdi. Ancaq səfər müddəti uzandı və heyvanların yarısı istidən və susuzluqdan tələf oldu.
İxracat mənbəyi olan ölkələr sırasında Macarıstan, Rumıniya, Almaniya, Niderland, ABŞ, Bosniya və Herseqovina, Bolqarıstan da var...
Bunlar, sadəcə, 1 ay ərzində oxuduğum xəbərlərdir. Dünyanı doyurmaq ildən-ilə çətinləşir. Ən çox canlı ətlik heyvan alan ölkələr isə əsasən Türkiyə və Orta Şərq ölkələridir. Coğrafi şərait və iqlim səbəbindən Ərəbistan yarımadası heyvandarlıq üçün əlverişli deyil. Ancaq Türkiyə geniş ovalıq ərazilərə və səfalı yaylaqlara sahib olsa da, ölkədə heyvandarlıq idxaldan asılıdır.
Türkiyəyə hər ay diri heyvan və ət idxalının səbəbləri sırasında bu amillər öndə gəlir: dövlət ət qiymətlərinə hər an müdaxilə etmək üçün canlı heyvan alıb ölkəyə daşıyır və ya ət cəmdəklərini anbarlarda saxlayır; idxal edilən diri heyvanlar Orta Şərq ölkələrinə satılır; ölkədə 40 yaşdan yuxarı əhali çox ət yeyir, turistlər kabab, dönər, lahmacun, pide kimi yerli mətbəxə xas ətli yeməkləri çox sevir; Ramazan ayı ərzində süfrələrdə ətli yeməklər mütləq olmalıdır, Qurban bayramında isə hər il orta hesabla 3 milyon heyvan kəsilir.
DÜNYA ÖLKƏLƏRİNİN AQRAR SİYASƏTİ
Dünya təcrübəsində aqrar sahəyə dövlət nəzarəti fərqli şəkildədir: sərt planlaşdırılmış idarəetmə, dövlət subsidiyaları, kvotalar və otlaqlardan istifadəyə nəzarət, liberal siyasət.
Məsələn, Belarusda aqrar-sənaye kompleksinin idarə olunması, qiymət siyasəti və iri kənd təsərrüfatı müəssisələrinin dəstəklənməsi sahəsində dövlətin rolu əhəmiyyətlidir. Çin ərzaq təhlükəsizliyini, torpaq siyasətini ciddi şəkildə nəzarətdə saxlayan, bunu bazar mexanizmləri və kənd təsərrüfatına dəstəklə birləşdirən bir dövlətdir. Vyetnam iqtisadi islahatlarını çəltik əkini və ərzaq siyasəti üzərində dövlət nəzarəti ilə birləşdirir. Rusiyada heyvandarlığın inkişafı özəl sektor tərəfindən həyata keçirilsə də, dövlət bu bazarı ixrac rüsumları, subsidiyalar və ərzaq təhlükəsizliyi proqramlarına nəzarət vasitəsilə fəal şəkildə tənzimləyir. Hindistanda dövlət minimum alış qiymətləri, gübrə və elektrik subsidiyaları, eləcə də ərzaq yardımı proqramları vasitəsilə kənd təsərrüfatı sahəsinə müdaxilə edir.
İllüstrasiya Sİ vasitəsilə hazırlanıb
Aİ ölkələrində nəzarət əvvəlcədən müəyyənləşdirilmiş hədəflərlə deyil, Ümumi Kənd Təsərrüfatı Siyasəti çərçivəsində ciddi standartlar, kvotalar, ətraf mühit tələbləri və genişmiqyaslı subsidiyalar vasitəsilə həyata keçirilir. Yaponiya daxili bazarı yüksək səviyyədə qoruyur. Çəltik yetişdirən fermerlərə dövlət dəstəyi mövcuddur.
Türkiyədə ət tədarükü siyasətini 1952-ci ildə Ticarət Nazirliyinin tabeliyində fəaliyyətə başlayan Ət və Balıq Qurumu (2013-cü ildən Ət və Süd Qurumu) həyata keçirir. Özəl sektorun, sənayenin, ticarətin inkişaf etmədiyi, sərmayənin və ixtisaslı kadrların olmadığı o dövrdə bu, çox cəsarətli addım idi. İndi həmin qurumun Ağrıdan Dənizliyə, Diyarbəkirdən Trabzona, Ərzincandan Sakaryaya qədər 14 heyvandarlıq, kökəltmə və kəsim müəssisəsi, eləcə də digər müvafiq obyektləri fəaliyyət göstərir. Ət və Süd Qurumunun mağazaları aztəminatlı ailələrə, minimum əməkhaqqı ilə dolanan vətəndaşlara ət, toyuq, yumurta və digər məhsullar təklif edir. Özəl sektor ət qiymətlərini çox qaldırdıqda bu qurum müdaxilə edir və mağazalarına böyük həcmdə ət göndərir. Müqayisə üçün qeyd edim ki, 2026-cı ilin avqustunda İstanbulda qəssablarda çəkilmiş dana əti orta hesabla 1 400 lirəyə, Ət və Süd Qurumunun mağazasında isə 800 lirəyə idi. Qurum həmçinin zəlzələ, sel və digər təbii fəlakətlərdən zərər çəkmiş insanlara yardım göstərir.
Fikrimcə, Azərbaycanda ayrıca Ət (quş əti də daxil olmaqla) Tədarükü Qurumunun yaradılması faydalı ola bilər.
ƏT SEKTORUNUN ÇƏTİN DÖVRÜ
İnsan yarandığı gündən çiy ətlə yanaşı, bitkilərlə də qidalanıb. Buzlarla əhatəli Sibirdə ibtidai insanlar mamont ətiylə birgə giləmeyvələrlə, Pataqoniyanın ilk insanları quanako, yabanı kartof, pinqvin və balıqlarla bərabər, dəniz yosunları, Avstraliyadakı qəbilələr balıq, meyvə və otlar, bugünkü Meksika ərazisində yaşamış aborigenlər hind toyuğu və tropik meyvələr, Çindəki insanlar isə vəhşi heyvanlar, bitki kökləri, yumurtalar, meyvələr ilə qidalanıblar. Yəni insanın genetik yaddaşında, ətlə yanaşı, bitki mənşəli zülallar da var.
Qırmızı ət, quş əti və balıq əti zülal, yağ və bədənin normal fəaliyyəti üçün lazım olan digər dəyərli qida maddələri ilə zəngin məhsullardır. Bəzi qidalanma tövsiyələrində insan üçün gündəlik ət istehlakının yuxarı həddinin 200-250 qram olması göstərilir. Ancaq bəzi ölkələrdə adamlar doyduqdan sonra da yeməyə davam edir. Bu səbəbdən də dünyada piylənmədən əziyyət çəkən insanların, başqa sözlə, qarnı doysa da, gözü doymayanların sayı aclıqdan əziyyət çəkənlərin sayına yaxınlaşmaqdadır. Piylənmənin geniş yayıldığı ölkələr sırasında Baham adaları 48 faiz, Qətər 42, ABŞ 41, Çili 41, Küveyt 40, Səudiyyə Ərəbistanı 40, İraq 39, Panama 37, Meksika 37, Fələstin 37, Argentina 37, Gürcüstan 35, İordaniya 35, Bəhreyn 34, Türkiyə 33 faizlə yer tutur.
Amma qidalanma sahəsində nümunə götürülə biləcək ölkələr siyahısında Vyetnamın xüsusi mövqeyi var. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı ilin noyabrında Vyetnama səfəri zamanı strateji tərəfdaşlığın elan edilməsi iki ölkə arasında dostluq münasibətlərinin inkişafında növbəti mühüm mərhələdir. Vyetnam həmçinin dəniz məhsullarından istifadə, sağlam qidalanma və digər məsələlərdə bizə örnək ola bilər. 50 ölkəyə qəhvə, düyü, qara istiot, dəniz məhsulları və kaju ixrac edən Vyetnamın gülərüz, istiqanlı, xeyirxah və zəhmətkeş xalqı ilə sıx münasibətlər Azərbaycan üçün yeni nəsillərə ötürüləcək dəyərli mirasdır.
Qırmızı ət dedikdə, adətən, inək, donuz, qoyun, keçi, dəvə, maral və digər heyvanların əti nəzərdə tutulur. Əvvəllər bir çox ölkələrdə ət təminatı problemi indiki qədər kəskin olmayıb. Ancaq bu gün dünyanın bir çox ölkələrində əhalinin ətlə təminatı strateji məsələdir. Qlobal ət sektoru son illərdə böyük problemlərlə üzləşib. İstehsalçılar yüksək yem xərcləri, iqlim dəyişiklikləri, azalan otlaqlar, eləcə də heyvan və quş epidemiyaları ilə üzləşirlər. Əlbəttə, heyvandarlığın və quşçuluğun ən böyük problemi yemdir.
Bir çox ölkələr indiyədək ət problemini həll etmək üçün ciddi dəstək paketləri, aqrar startap layihələri üzərində çalışsalar da, bunlar əhəmiyyətli uğur qazanmayıb. Çünki onların hamısının mərkəzində idxalın dəstəklənməsi dayanırdı. Qırmızı ət tədarükü məsələsi müzakirə olunsa da, quş və balıq əti sektoru diqqətdən kənarda qaldı.
Əslində quş əti dünyada ən çox istehsal edilən ət növüdür. "Broyler toyuqları hormonludur, insan sağlamlığı üçün təhlükəlidir" kimi vahimə doğuran, amma əsasən yanlış fikirlər insanları başqa zülal mənbələrinə yönəldir. Sanki həyət evlərində yetişdirilən kənd toyuqları xəstəliklərə qarşı dözümlüdür və 100 faiz təbiidir. Amma artıq əksər yerlərdə ətlik və yumurtalıq toyuqlara profilaktik peyvəndlər (taun, çiçək, pasterellyoza qarşı) vurulur. Dünyada quş qripi epidemiyasının və kütləvi tələfatın qarşısını almaq üçün bu vacibdir. Belə iynələrin zərərli təsirlərinin quşların orqanizmindən tam təmizlənməsi üçün ət və yumurtadan preparatın təlimatında göstərilən müddət ərzində istifadə olunmamalıdır. Bu qaydaların icrasına iri quşçuluq təsərrüfatlarında dövlət tərəfindən nəzarət edilsə də, gündəlik maddi ehtiyacını yumurta satışı ilə ödəməli olan vətəndaşlara nəzarət, təəssüf ki, çox çətindir. Bunun qarşısını almağın tək yolu dövlət lisenziyası əsasında fəaliyyət göstərən, baytarlıq nəzarəti altında olan fərdi quşçuluq təsərrüfatları ola bilər. Əvvəllər "kənd toyuğu" və "broyler toyuğu" ifadələri var idi. Artıq "qart toyuq", "təbii toyuq", "kənd çolpası" (Bakıda böyüsə də!), "gəzən toyuq" və "yumurta toyuğu" ifadələri də ortaya çıxıb. Ancaq satılan məhsul bunların dəqiq hansıdır və hansını alıb yeyirik? Bu suala qəti və dəqiq cavab vermək heç də asan deyil.
Balıq əti insan sağlamlığı üçün ən dəyərli zülal mənbəyi olsa da, bəzi ölkələrdə balığa əsasən xüsusi təam (delikates) kimi baxırlar. Çünki qırmızı ət yeməyə vərdiş etmiş insanlar balıqla doymurlar. Halbuki Vyetnam, İslandiya, Maldiv adaları, Honq Konq, Portuqaliya, Cənubi Koreya, Malayziya, Seyşel adaları, Norveç, Yaponiya vətəndaşlarının menyusunun yarısından çoxu balıq və digər dəniz məhsullarıdır.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2024-cü il məlumatlarına görə, dünyada ən çox istehsal edilən ət quş ətidir. Donuz əti isə ikinci yerdədir. Müsəlman ölkələrində, demək olar, donuz saxlanılmır. Lakin bu, həmin ölkələrdə donuz ətinin yeyilmədiyi demək deyil. Türkiyədə həm turizm məqsədilə, həm də xristian əhalisi üçün 2006-cı ildən donuz da qəssablıq ət statusu qazandı (07.06.2006, Türk Gıda Kodeksi-Çiğ Kırmızı Et ve Hazırlanmış Kırmızı Et Karışımları Tebliği No: 2006/31).
Uzun müddətdir ki, Türkiyədə donuz ətinə olan sərt mühafizəkar münasibətin əyani şahidiyəm. İnsanlar donuzun adını belə ehtiyatla tələffüz edirlər. Çünki donuz mövzusu Türkiyədə tabu (dini, əxlaqi, ictimai normalar əsasında müəyyən hərəkətlərə, sözlərə, mövzulara qoyulan qadağa) sayılır.
Türkiyədəki donuz fermalarının sayı da ayrı bir mövzudur. İstanbulda 5, Bursada 3 olmaqla, İzmir, Isparta, Kastamonu, Mersin, Ərzincan, Kayseri, Bilecik, Burdur, Adana və digər vilayətlərdə ümumilikdə 80-dən artıq donuz ferması var. İllik istehlak isə 3 000 ton təşkil edir ki, bunun da təqribən yarısı turizm sektorunun payına düşür. Turistik bölgələrdəki otellərdə və restoranlarda donuz ətindən hazırlanmış "ingilis səhər yeməyi" (English breakfast) təklif olunmasa, avropalılar istirahət və gəzmək üçün Türkiyəyə çətin indiki kimi kütləvi gələrlər. Türkiyə Kənd Təsərrüfatı Nazirliyinin 2025-ci il hesabatına görə, Konya, Bursa, Antalya, Muğla, Aydın vilayətlərində vəhşi donuzların qanunsuz şəkildə ovlanaraq restoranlara satılması müəyyən edilib.
Türkiyədəki qədər sərt mühafizəkar mühit olmayan və əhalisinin müəyyən qismini xristianlar təşkil edən Azərbaycanda donuz fermalarının sayını artırmaq sərfəli sayıla bilər. Çünki donuz əti həm xarici turistlər üçün cəlbedici qida mənbəyi, həm də yüksək gəlirli ixrac məhsuludur.
QIRMIZI ƏTƏ ALTERNATİV MƏHSULLAR DA VAR
Vegetarianlıq bütün dünyaya sübut etdi ki, ət yemək heç də sağlamlıq və uzunömürlülük üçün əsas şərt deyil. Hindistanda yaşı 90-ı ötmüş vegetarianlar az deyil. Əslində gənclər arasında vegetarianlığın əhəmiyyəti geniş təbliğ olunmalıdır. Dünyada 500 milyona yaxın vegetarian var və onların həyat tərzi bir çox insana örnək ola bilər.
Azərbaycanda da qırmızı ətin heç də həyati zərurət, birinci dərəcəli zülal mənbəyi olmadığı təbliğ edilərsə, qırmızı ətə indiki fantastik tələbat azalar. Mətbəximizdə qoyun və mal ətinə sağlam alternativ ola biləcək məhsulları düzgün, peşəkar şəkildə ortaya çıxarıb tanıtmaq lazımdır. Hətta bunun üçün dünya ölkələrinin mətbəxlərinə də müraciət etmək olar. Məsələn, Prezident İlham Əliyevin Vyetnama səfərindən sonra bu ölkə bizim üçün daha geniş maraq ünvanı oldusa, elə vyetnamlıların mətbəxi pəhriz üçün ideal mənbə kimi götürülə bilər. Bu istiqamətdə KİV, sosial media, həkimlər (dietoloqlar), vegetarianlar, tanınmış idmançılar və idman məşqçilərinin fəaliyyəti vacibdir.
Xarici təcrübə göstərir ki, bizdə xalq arasında populyar olmayan keçi və camış ətindən xörəklərin təbliği, dovşan, ördək, qaz, firəng və hind toyuqlarının ön plana çıxarılması, tərəvəz və paxlalı bitkilərdən istifadəyə həvəsləndirmə müəyyən vaxtdan sonra öz bəhrəsini verəcək. Məncə, Azərbaycanda hazırlanan hinduşka kababı turistlər üçün ən ləziz yeməklər sırasında yer almalıdır. Hinduşka ətindən hazırlanmış "lavaşda lülə-kabab" Azərbaycanın rəsmi sürətli yeməyi də ola bilər.
Qida rasionunun zənginləşdirilməsində balıq əti və dəniz məhsullarının əhəmiyyəti də xeyli böyükdür. Bir cəhət də mütləq nəzərə alınmalıdır ki, mütəxəssislərin fikrincə, gündəlik 50 qram emal olunmuş ət istehlakı yoğun bağırsaq xərçəngi riskini təxminən 18 faiz artıra bilər. Həmçinin keyfiyyətsiz sosis və kolbasalardakı nitritlər, konservantlar da xərçəng riski ilə əlaqələndirilir.
Mətbəximizə yol tapan xurafat, yəni doğru bildiyimiz səhv fikirlər üzündən bəzən qidalanmada yanlış qərar qəbul edirik. Məsələn, belə bir fikir var ki, yayda balıq, hinduşka yemək olmaz. Yaxud guya hinduşka qar yeməsə, ayağı qara dəyməsə (halbuki ən ləzzətli hinduşka əti çox qar düşməyən aran rayonlarındadır!), əti ləzzətli olmaz. Mütəxəssislərin fikrincə, hinduşka və balığın hansı mövsümdə istehlakının fərqi yoxdur. Əsas odur ki, saxlanma tələblərinə düzgün əməl edilsin.
Qeyd edim ki, xoruz hinduşka və dovşan əti yağsız olduğu üçün ideal pəhriz qidasıdır. Bu baxımdan xarici turistlərə pəhriz yeməkxanalarımızı mütləq ziyarət etmək tövsiyə oluna bilər. Azərbaycanda yeni bir istiqamət - "Pəhriz turizmi"ni inkişaf etdirmək sağlamlıq turizmi baxımından böyük fayda gətirər. Türkiyə 2025-ci ildə sağlamlıq turizmindən 3 milyard dollardan çox gəlir əldə edib. Ancaq təəssüf ki, hər üç vətəndaşından biri piylənmiş sayılan Türkiyədə pəhriz yeməkxanaları yoxdur. 1970-ci illərdə Azərbaycanda fəaliyyət göstərən pəhriz yeməkxanaları isə bu gün bir çox ölkəyə nümunə ola bilər.