Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Postillüziya Avropasında qlobal duruma uyğunlaşma
Müasir beynəlxalq münasibətlər sistemi dərin struktur dəyişiklikləri mərhələsindən keçir. XX əsrin sonlarında formalaşmış liberal beynəlxalq nizam artıq əvvəlki funksionallığını qoruyub saxlaya bilmir. Qlobal güc balansı sürətlə dəyişir, böyük dövlətlərarası rəqabət intensivləşir, normativ arqumentlər isə getdikcə daha çox real güc faktorları ilə əvəzlənir. Bu kontekstdə Avropa İttifaqının özünü necə tənzimləyəcəyi həm nəzəri, həm də praktiki baxımdan diqqət çəkir. Bir neçə gün öncə Fridrix Mertsin Almaniya Bundestaqında səsləndirdiyi fikirlər də mövcud reallığı bir daha təsdiqləyir. Onun Avropa İttifaqını “imperializmə və avtoritarizmə alternativ” kimi təqdim etməsi “qoca qitə”nin uzun müddət davam edən normativ güc konsepsiyasını yeni geosiyasi reallıqlara uyğunlaşdırmaq cəhdinin ifadəsidir. Yəni Mertsin çıxışı bir növ Avropa strateji düşüncəsinin transformasiyasını əks etdirir deyə bilərik.
Məlumdur ki, Avropa İttifaqı “soyuq müharibə”dən sonrakı dövrdə öz beynəlxalq rolunu əsasən normativ güc anlayışı üzərində inşa etdi. Demokratiya, insan hüquqları, hüququn aliliyi və çoxtərəflilik İttifaqın xarici siyasət diskursunun mərkəzində dayanırdı. Sözügedən model müəyyən müddət ərzində uğurlu oldu və kontinentə hərbi gücə birbaşa müraciət etmədən təsir imkanları yaratdı. Lakin son onillikdə bu yanaşmanın struktur məhdudiyyətləri aydın şəkildə üzə çıxmağa başlayır. Rusiya–Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən qeyri-sabitlik, Çin faktorunun güclənməsi və ABŞ-ın qlobal prioritetlərini yenidən nəzərdən keçirməsi Avropanı normativ idealizmlə real təhlükəsizlik ehtiyacları arasında seçim etməyə məcbur etdi. Ona görə də Fridrix Mertsin “Avropa artıq güc siyasətinin dilini anlamalı və bu dildə danışmağı öyrənməlidir” fikirləri təbii qarşılanmalıdır.
Son zamanlar Avropa siyasi diskursunda ABŞ-a qarşı tənqidi yanaşmalara daha çox təsadüf olunur. Xüsusilə Donald Tramp administrasiyası dövründə bu yanaşma emosional xarakter alaraq müəyyən mərhələdə anti-Amerika isterikası səviyyəsinə yüksəldi. Ticarət mübahisələri, NATO çərçivəsində maliyyə öhdəlikləri ilə bağlı təzyiqlər, eləcə də Qrenlandiya məsələsi Avropada ABŞ-a qarşı dərin narazılıq yaratmışdı. Hazırkı mərhələdə isə bu isterik ritorikanın tədricən yumşaldığı müşahidə olunur. Bunun səbəbini ideoloji yaxınlaşma ilə izah etmək düzgün olmaz. Geosiyasi reallıqların diktə etdiyi rasional seçimlər də prosesdə rol oynayır. Avropa siyasi elitaları açıq şəkildə qəbul edirlər ki, ABŞ hələ də qlobal təhlükəsizlik arxitekturasının əsas dayağıdır və onun dominantlığı yaxın perspektivdə alternativsizdir. Bu yanaşma Avropanın ABŞ dominantlığını qəbul etməsi, lakin bu dominantlıq daxilində öz manevr imkanlarını genişləndirmək istəyi kimi şərh olunmalıdır. Daha dəqiq desək, bununla Avropa nə anti-Amerika xəttinə qayıtmağı, nə də əvvəlki kimi təhlükəsizlik məsuliyyətini tam şəkildə Vaşinqtonun üzərinə atmağı hədəfləyir.
Mertsin çıxışında xüsusi yer tutan texnoloji müstəqillik anlayışı da Avropa İttifaqının strateji gələcəyini müəyyən edən əsas faktorlar sırasındadır. Müasir dünyada texnologiya iqtisadi inkişafla yanaşı, həm də siyasi suverenliyin əsas elementinə çevrilib. Rəqəmsal infrastruktur, yarımkeçiricilər, süni intellekt, enerji texnologiyaları və məlumat təhlükəsizliyi artıq klassik hərbi güclə eyni səviyyədə strateji əhəmiyyət daşıyır. Avropa uzun müddət ABŞ və Çin texnoloji ekosistemləri arasında balanslı mövqe tutmağa çalışırdı. Lakin bu mövqe getdikcə davamlılığını itirir. Texnoloji asılılıq Avropanın xarici siyasət müstəqilliyini məhdudlaşdırır və onu qlobal rəqabətdə zəif mövqeyə salır. Buna görə də texnoloji müstəqillik çağırışı siyasi təhlükəsizlik strategiyasının tərkib hissəsi kimi əhəmiyyət kəsb edir.
Yeri gəlmişkən, mövcud reallıqlar fonunda 27 üzvlük Avropa İttifaqının daxili “heterogenliyi” onun qlobal ambisiyalarının qarşısında əsas maneələrdən biri olaraq qalır. Lakin son dövrlər müşahidə olunan koordinasiyalı reaksiyalar, xüsusilə xarici təzyiqlərə qarşı birgə mövqe Aİ daxilində strateji konsensusun formalaşmaqda olduğunu göstərir. Mertsin vurğuladığı kimi, Avropa artıq gömrük rüsumları və siyasi təzyiqlər qarşısında parçalanan aktor olmaq istəmir. Bu yanaşma Aİ-nin institusional yetkinliyinin artdığını göstərən mühüm göstəricidir.
Sonda belə bir nəticəyə gəlmək olar ki, Fridrix Mertsin mövqeyi Avropa İttifaqının yeni strateji özünüdərk mərhələsini simvolizə edir. Bu mərhələdə Avropa nə idealist normativ ritorikaya qayıdır, nə də güc siyasətini dəyərlərdən tam ayrı düşünür. Formalaşmaqda olan model realizmlə normativliyin sintezini hədəfləyir. Başqa sözlə desək, ABŞ dominantlığının qəbul edilməsi, anti-Amerika isterikasının aradan qalxması, təhlükəsizlik məsuliyyətinin bölüşdürülməsi və texnoloji müstəqillik bu sintezin əsas sütunlarıdır. Yeni yanaşma hələ tam formalaşmasa da, qarşısında ciddi institusional, iqtisadi və siyasi maneələr mövcuddur. Amma yenə də mövcud qlobal qeyri-müəyyənlik şəraitində Avropa İttifaqının hələ də alternativ düşüncə və davranış modeli irəli sürə bilən nadir siyasi layihələrdən biri kimi dəyərləndirmək mümkündür. Birliyin gələcəkdə qlobal sistemdə hansı mövqeni tutacağı isə yeni strateji özünüdərkin nə dərəcədə ardıcıl və funksional şəkildə həyata keçiriləcəyindən asılı olacaq.
Zaur MƏMMƏDOV,
politoloq
Əslində, bu, əvvəlcədən gözlənilən proses idi. Çünki hər bir dövlətin və hər bir təşkilatın öz maraqları var və bu maraqlar həmişə üst-üstə düşmür. Bu gün dünyada qlobalistlər və anti-qlobalistlər arasında mübarizə davam edir. Eyni zamanda, dünyanın maliyyə və iqtisadi resursları ilə bağlı Avropa Birliyi yeni hədəflər müəyyənləşdirməlidir. Belə olan halda, təbii ki, bir çox suallar ortaya çıxır.
Fakt budur ki, Avropa İttifaqı ABŞ olmadan öz təhlükəsizliyini qorumaq istəsə, ÜDM-in 10 faizi hərbi sahəyə yönəldilməlidir. Bu da indiki şəraitdə Avropa ölkələri üçün mümkün görünmür. “Qoca qitə”də yaxşı başa düşürlər ki, ABŞ-ın dəstəyi olmadan Avropa İttifaqının təhlükəsizliyi ilə bağlı real və ciddi əməli addımların həyata keçirilməsi, ən yaxşı halda, növbəti 10 il ərzində mümkün olacaq. Eyni zamanda, ABŞ Avropa İttifaqı üçün hələ də vacibdir. Qlobal maraqlar bunu tələb edir. Ola bilsin ki, iqtisadi məsələlərdə bəzi fikir ayrılıqları mövcuddur, amma strateji baxımdan birlik olmaq Avropanın əsas tələblərindəndir.
Nəzrin ELDARQIZI
XQ