Qlobal gündəmdə Azərbaycan, enerji və sülh mesajları Davos bizə nə qazandırdı?

29.01.2026

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Dünya siyasətinin və qlobal iqtisadiyyatın əsas müzakirə platformalarından biri olan Davos İqtisadi Forumu bu il də beynəlxalq gündəmin mərkəzində olub. Forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin fəal iştirakı, keçirdiyi yüksək səviyyəli görüşlər, səsləndirdiyi enerji və sülh mesajları ölkəmizin artan beynəlxalq rolunu və qlobal proseslərdəki mövqeyini bir daha ön plana çıxarıb.

Əvvəlki illərlə müqayisədə builki forum iştirakçıların sayına görə rekord göstərici ilə yadda qalıb. Tədbirdə 130-dan çox ölkədən 3 mindən artıq nüfuzlu şəxs, o cümlədən 65 dövlət və hökumət başçısı, 55 iqtisadiyyat və maliyyə naziri, 33 xarici işlər naziri, 11 mərkəzi bank rəhbəri və 400-ə yaxın yüksək səviyyəli siyasi lider iştirak edib.

Prezident İlham Əliyevin Davos səfəri diplomatik əlaqələrin möhkəmləndirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm hadisələrlə yadda qalıb. Dövlət başçısı səfər çərçivəsində dövlət və hökumət başçıları, rəsmi şəxslər və aparıcı şirkət rəhbərləri ilə ümumilikdə 19 görüş keçirib.

“Əbədi sülhə nail olmaq istəyirik”

Yanvarın 20-də Prezident İlham Əliyev “Euronews” televiziyasına geniş müsahibə verib. Regional proseslərə toxunan dövlət başçısı Cənubi Qafqazın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib:


“Düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə biz Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur”.

Prezident Azərbaycanın Avropa İttifaqı ilə enerji əməkdaşlığını da diqqətə çatdıraraq qeyd edib ki, hazırda Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir və onların 10-u Aİ üzvüdür:

“Boru kəməri qazının coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir”.



Avropa Parlamenti ilə münasibətlərə də toxunan dövlət başçısı, qurumdan gələn tənqidlərə münasibətini belə ifadə edib:

“Biz artıq buna reaksiya vermirik”.

Qeyd olunub ki, Azərbaycan uzun müddətdir Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə əməkdaşlığı dayandırıb.

Sülh Şurası və beynəlxalq təşəbbüslər

Davos çərçivəsində Prezident İlham Əliyev “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasda, eləcə də “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib.

Yanvarın 22-də isə dövlət başçısı Davosda “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimində iştirak edib. Bununla Azərbaycan Qəzza ilə bağlı yaradılan Sülh Şurasına təsisçi üzv dövlət kimi qoşulub.

Deputat: “Bu səfər də tarixə çevrildi”

Mövzu ilə bağlı Bakupost.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Prezident İlham Əliyevin hər bir xarici səfəri Azərbaycanın maraqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır:


“Bu dəfə də belə oldu. Davos İqtisadi Forumunda təkcə iqtisadi məsələlər deyil, dünyanı narahat edən qlobal problemlər müzakirə olunur və cənab Prezidentin aktivliyi açıq şəkildə görünür”.

Deputat Prezidentin “Euronews”a müsahibəsinin beynəlxalq gündəm yaratdığını, panel müzakirələrində səsləndirilən fikirlərin isə böyük maraq doğurduğunu vurğulayıb.

Aydın Mirzəzadə ABŞ Prezidenti Donald Trampla təkbətək görüşün xüsusi əhəmiyyət daşıdığını da qeyd edib:

“Donald Trampın Azərbaycanla xüsusi münasibətlər qurmaq istəyi hiss olunur. ABŞ-nin vitse-prezidenti Vensin Azərbaycana səfəri də bu marağın göstəricisidir. O gün uzaqda deyil ki, biz Azərbaycanda cənab Trampın özünü qarşılayacağıq”.

İqtisadçı: “Azərbaycan Davosda qlobal aktor kimi çıxış etdi”

İqtisadçı Eldəniz Əmirov isə bildirib ki, Prezident İlham Əliyevin Davosdakı iştirakı strateji baxımdan son dərəcə əhəmiyyətli olub:


“ABŞ Prezidenti Donald Trampın yalnız iki ölkə rəhbəri ilə şəxsən görüşməsi və onlardan birinin Azərbaycan Prezidenti olması ölkəmizin beynəlxalq rolunun göstəricisidir”.

Onun sözlərinə görə, Davosda keçirilən görüşlərdə Azərbaycan regional deyil, qlobal kontekstdə enerji, logistika və təhlükəsizlik sahələrində öz mövqeyini ortaya qoyub.

İqtisadçı “Euronews”un təşkil etdiyi sahibkarlarla səhər yeməyi formatında görüşün xüsusilə önəmli olduğunu qeyd edərək bildirib ki, bu tədbir həm ABŞ-la münasibətlərə dair mühüm mesajlar, həm də Avropa investorlarına açıq və birbaşa siqnallar verdi.

Ümumilikdə, Prezident İlham Əliyevin Davos səfəri göstərdi ki, Azərbaycan artıq təkcə regional proseslərin deyil, qlobal siyasi və iqtisadi gündəmin aktiv iştirakçılarından biridir. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutları, sülh təşəbbüsləri və beynəlxalq əməkdaşlıq məsələlərində ölkəmizin mövqeyi açıq və prinsipial şəkildə dünya ictimaiyyətinə təqdim olundu.

Onu da qeyd edək ki, bu kontekstdə ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasının Azərbaycanı təsisçi üzv kimi salamlaması da diqqətçəkən məqamlardan biri oldu. Bu barədə təşkilatın “X” sosial şəbəkə hesabında yayılan açıqlamada bildirilib.

“Sülh Şurası Azərbaycanı böyüyən beynəlxalq təşkilatımızın təsisçi üzvü kimi salamlayır”, – deyə paylaşımda qeyd olunub.

Davos platformasında keçirilən yüksək səviyyəli görüşlər, nüfuzlu beynəlxalq mediaya verilən müsahibələr və bu cür beynəlxalq təşəbbüslərdə fəal iştirak Azərbaycanın artan qlobal çəkisini bir daha təsdiqləyir. Bütün bunlar göstərir ki, dəyişən dünya nizamı fonunda Azərbaycan həm milli maraqlarını qoruyur, həm də yeni beynəlxalq əməkdaşlıq mexanizmlərinin formalaşmasında ön sıralarda yer almağa çalışır…

Lalə, BakuPost


Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda hazırlanıb.




Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью