Qlobal ideyalarının müzakirə platforması Davos ŞƏRH

23.01.2026

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Müasir dünyada iqtisadi, siyasi, geopolitik, humanitar və s. çağırışın və perspektivlərin müzakirə olunduğu beynəlxalq platformalardan biri Davos İqtisadi (Ümumdünya İqtisadi Forumu – World Economic Forum) forumu hesab olunur. Əsası XX əsrin sonlarından qoyulmuş – qlobal anlamda klassik “Vestfal dövlət modeli” ilə post-milli qlobal idarəetmə arasında keçid platforması hesab olunan, – hazırda demək olar ki, qlobal məsələlərin əksəriyyətini özündə ehtiva edən Davos platforması dünyanın əsas “gündəliyini” formalaşdıran dinamik ideya mərkəzlərindən biri hesab olunur. İllər öncə İsveçrənin Davos şəhərində yaradılarkən (1971-cı il) yalnız Avropa biznes menecerlərinin idarəetmə səriştə və mədəniyyətinin müasirləşməsini qarşısına məqsəd qoyan Davos platforması qısa bir müddətdən sonra öz sərhədlərini genişləndirərək qlobal diqqəti milli iqtisadi diskurs və qloballaşmaya, transmilli hədəflər, qlobal problemlərin müzakirəsi və s. kimi daha geniş suallar yaradan proseslərə yönəltdi. Davos İqtisadi platformasının inkişaf tendensiyasına nəzər saldıqda görürük ki, regional münaqişə və müharibələrin, iqtisadi savaşlar və geopolitik ifrat qarşıdurmaların baş verdiyi, bununla bərabər qlobal texnogen münasibətlər sisteminin inkişaf etdiyi, iqtisadi mühitin qloballaşdığı və mürəkkəbləşdiyi bir zamanda tədricən, hər kəsin ideya müstəvisi kimi qəbul etdiyi bu platforma (dünyada yeni formalaşan düzəndə) “qlobal mexanizm” formatında ciddi ideya- söz və fikir sahibi olaraq tanınmağa başladı. Təbii ki, ideya olaraq hazırda Davos - Ümumdünya İqtisadi Forumu (World Economic Forum) bu baxımdan qlobal uğurlu bir platforma kimi qəbul olunur.

Nəzəri anlamda yanaşdıqda Davos platformasının əhəmiyyəti bütün dövlətlər üçün (hətta fikir ayrılıqları olsa belə) son dərəcə zəruri bir müzakirə və fikir müstəvisi hesab oluna bilər. Bu ona əsaslanır ki, burada əsas çağırışlar məhz dialoq müstəvisində əsasən baş tutur və qlobal şüurun və dialoq mədəniyyətinin perspektivi üçün yeni-yeni imkanlar açır. Bu isə özlüyündə həm də tarixi problemlərin güc yolu ilə deyil zəka vasitəsilə həllini bir növ aktuallaşdırmış olur. Çünki fəlsəfi olaraq qəbul olunur ki, qlobal şüurun formalaşması və transformasiyası çox mürəkkəb bir prosesdir. Tarixi proses göstərir ki, bu proses bir çox amillər kompleksinin birgə təsiri altında və uzunmüddətli tsiklik kimi baş verir. Bu anlamda “qlobal şüurun məzmununu ya ənənəvi anlayışlar vasitəsilə, onların məzmununu və həcmini genişləndirməklə və yaxud, qlobal ideyaları inteqrasiya edən prinsipcə yeni kateqorial strukturları əsasında açmaq olar”.

Hadisələri qabaqlayaraq qeyd edək ki, əslində bizim düşüncəmizə görə bu kimi qlobal xarakterli platformaların yaranması həm qlobal şurdan, həm də qlobal proseslərə ədalətli münasibətdən, tarixi prosesə məsuliyyətdən (ola bilər ki, kimsə iddia edər ki maraqların reallaşdırılmasından) irəli gəlir. Hər halda hər iki anlamda milli maraqlar və identikliklər, legitimlik qəbul olunursa proses tam məntiqidir. Bu anlamda Azərbaycan Prezidenti İlham Əliyevin mütəmadi olaraq hər il Davos İqtisadi platformasında iştirakı, həmçinin istənilən qlobal hadisələrə və beynəlxalq münasibətlərə praqmatik və rasional yanaşması, qlobal təhdidlərin yalnız bir ölkə və bir regionu hədəf almadığı narahatlığından və gələcəyə praqmatik baxışından irəli gəlir. Səmimi etiraf edək ki, bu baxımdan son 30 ildən artıq bir müddətdə dünya təcrübəsinə çıxan “Azərbaycan modeli” ideyası da məhz qlobal gündəliyin formalaşması üçün bir ideya-modeli ola bilər. Başqa formada desək, Davos platforması üzvləri də çox gözəl bilirlər ki, mifik tarixi erməni ideyasının neytrallaşdırılmasında, işğalçının ram edilməsi və ideoloji çöküşünün təmin olunmasında, məhz beynəlxalq təşkilatların “həll” edə bilmədiyi bir problemi Azərbaycan öz qüvvəsi, siyasi, ideoloji, geopolitik, tarixi, humanistik, mədəni, hərbi-diplomatik və s. – ədalətli güc və legitim yolla həll etdi. Yəni söhbət burada həm də ondan gedir ki, milli maraqlar, identikliyin təsbiti, demokratiya və s. bütün bunlar yer üzündə mövcud olan dövlətlər üçün hamısı vacib məsələlərdir. Əslində, Azərbaycan modelinin” yaxud təcrübəsinin praktik tarixi gedişatı göstərdi ki, bu kimi məsələlərin həlli də ideya baxışından yalnız regional hadisə deyildir, yəni qlobal problemlərin həllini gündəlik problem kimi, regional problemlərin həllini qlobal problem kimi dərk etmədən bəşəri rifah və təhlükəsizliyi təmin etmək, davamlı inkişaf və birgəyaşayışa nail olmaq mümkün deyildir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyev 20 yanvar 2026-cı il tarixində Dünya İqtisadi Forumunun (WEF) Davos sammitində “Euronews” televiziyasına müsahibəsində beynəlxalq ictimaiyyət üçün bir neçə zəruri və vacib mesaj vardır. Bu mesajların ümumi məzmunu və qlobal əhəmiyyəti aşağıdakı kimi mənalandırmaq olar: müasir beynəlxalq münasibətlər “qanunun aliliyi” ilə deyil, “güc qaydası” ilə idarə olunur və buna görə də ölkələr öz siyasətlərini öz potensialına uyğun qurmalıdırlar. Bu fikrin məzmunu həm də onu göstərir ki, müasir qlobal siyasətdə çoxlu regional münaqişələrin və güc balansının yenidən formalaşdığı prosesi gedir və bu proseslərin həll olunmasında səylərin birləşdirilməsi vacibdir. Fakt budur ki, müsahibədə qeyd olunduğu kimi “...beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur. Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Biz bunu dünyanın müxtəlif yerlərində görə bilərik. Buna görə o, bir daha göstərir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu”.

Həmçinin, Prezident İlham Əliyev müsahibədə regionumuzun təhlükəsiz inkişafı üçün ciddi imkanların yarandığını qeyd edərək Cənubi Qafqaz regionunda vəziyyətlə bağlı öz fikirlərini açıq şəkildə bildirmişdir. Müsahibənin əsas tezislərindən biri budur ki, artıq Azərbaycan və Ermənistan arasında sülh prosesi başlayıb və “döyüş səhifəsinin bağlanması” hadisəsi region üçün mühüm dönüş nöqtəsidir. Bütün bunların məntiqi nəticəsi olaraq ölkə başçısı qeyd edir ki, bunun üçün ölkələr sülh və əməkdaşlıq istiqamətində addımlar atmalıdırlar. Qeyd edilən tezislər göstərir ki, Azərbaycan regional sabitliyin qorunmasına ciddi önəm verdiyini bir daha təsdiq edir və sülh onun əsas strateji hədəfidir, bu hədəfin əsas mahiyyəti bilavasitə bəşəri mövcudluq və həmrəylik təşkil edir. Bu baxımdan müxbirin cənab Prezident İlham Əliyevə ünvanlandığı növbəti sualın həm qoyuluşu, həm də ona verilən fundamental cavab çox orijinal hesab olunmaqdadır. Müxbir: – Sizi təbrik etmək istəyirəm. Dünən öyrəndim ki, göstərdiyiniz bütün səylərə görə Siz “Zayed İnsan Qardaşlığı Mükafatı”nı alacaqsınız. Təbii ki, bununla gəlib növbəti suala çıxıram. Bildiyiniz kimi, onilliklər ərzində rəqabətə əsaslanan maraq, təsir və dəyişən müttəfiqlikdən sonra Ermənistanla tarixi sülh razılaşması ilə Cənubi Qafqaz qlobal səviyyədə sürətlə inkişaf edir. Regionda risk ilə imkanlar arasında cari tarazlığı necə dəyərləndirirsiniz?

-“Əvvəlcə, təbriklərə görə minnətdaram. Belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir. Xüsusən də o, Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyır. Mən bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm. Bu gün Cənubi Qafqaz, həmçinin yeni inkişaf mərhələsinə daxil olur. Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq”.

Həmçinin, müsahibədə Prezident İlham Əliyev Enerji təhlükəsizliyi və ixrac sahəsində genişlənmə perspektivini – Azərbaycanın enerji sektorundakı rolunu da ön plana çəkərək bildirib ki, Azərbaycan artıq 16 ölkəyə təbii qaz ixrac edir və bunların 10-u Avropa İttifaqı üzvü ölkələridir. Qeyd olunanlar isə birmənalı şəkildə ölkəmizin həm regionda, həm də Avropa məkanında enerji təhlükəsizliyindəki artan rolunu təsdiq edir. “Enerji sektoruna gəldikdə, Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və onları Cənubi Qafqazın digər ölkələrinə ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə bizim enerji əməkdaşlığımız artmaqdadır. Biz artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir”.

Faktiki bu vacib və əhəmiyyətli müsahibə göstərdi ki, Azərbaycanın əsas hədəfi enerji diplomatiyası və Avropa ilə əməkdaşlığı strateji olaraq gücləndirmə istiqamətində səylərini davam edəcəkdir. Müsahibədə digər mesajlardan bir Avrpoa İttifaqının uzun müddət Azərbaycana qarşı ögey münasibəti ilə bağlı oldu. Avropa ittifaqı ilə bağlı suala cavab olaraq cənab Prezident İlham Əliyev bildirib ki, ölkə artıq “Avropa Parlamentinin Azərbaycanla bağlı tənqidlərinə cavab vermir”. “Düşünürəm ki, Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, bizi heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı “təcavüzkar mövqedə” olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır.

Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Mən ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər”. Fakt budur ki, Aİ nin- qərəzli münasibəti səbəbindən Azərbaycan onunla qarşılıqlı münasibətlərdən uzaqlaşaraq Avropa Komissiyası ilə əməkdaşlığa üstünlük verir. Vurğulanmalı əsas məqamlardan biri odur ki, uzun müddətdir ki, Avropa Parlamenti subyektiv və qeyri-obyektiv olduğunu dəfələrlə təsdiq etmişdir. Beləliklə qeyd olunan müsahibənin bir çox aspektlərini – siyasi, geopolitik, enerji və iqtisadi aspektlərinin fəlsəfi əhəmiyyətini ümumiləşdirərkən faktiki maraqlı bir nəticə alınır: Azərbaycan Prezidentinin qlobal miqyasda həyata keçirdiyi əsas strateji xətt sülh və təhlükəsizlik, dayanıqlı və davamlı inkişaf, xarici siyasətdə maraqların təmin olunması, beynəlxalq münasibətlərdə yeni reallıqların düzgün təsviri, regional və qlobal sabitlikdə Azərbaycanın enerji və iqtisadi potensialı və Avropa institutları ilə çağırış və praqmatik perspektiv strategiyasının açıqlandığının şahidi oluruq.

Başqa formada desək, Davos platforması həm də onu təsdiq edir ki, BMT, yaxud Aİ, yaxud AŞPA və s. kimi daha strukturlaşmış qurumların həll edə bilmədiyini məhz daha azad platforma kimi Davosda ən azından ideya olaraq irəli sürmək, həll etmək daha effektivdir. Çünki qlobal problemin mahiyyət və məzmunu bilavasitə dialoq və diskursların daha açıq şəkildə müzakirə olunduğu şəraitdə daha effektiv ola bilər. Qeyd olunmalı fəlsəfi tezislərdən biri budur ki, “ qloballaşmaqda olan dünyada yaranan yeniliklər mədəniyyətlərarası münasibətlərə əhəmiyyətli dərəcədə təsir göstərir. Öz istiqamətinə görə bu təsir birmənalı deyildir, burada müsbət, inteqrasiyanı stimullaşdıran cəhətlərlə yanaşı, müəyyən riskli məqamlar da vardır. Sonuncuların öyrənilməsi və nəzəri cəhətdən ümumiləşdirilməsi onların mədəni-sivilizasion proseslərinin inkişafı meyllərinə göstərdiyi neqativ təsiri azaltmağa və neytrallaşdırmağa kömək edir”.

Bu baxımdan əgər Davos platformasının fəaliyyətinə nəzəri-praktik anlamda yanaşdıqda məlum olur ki, bu qlobal və vacib əhəmiyyət daşıyan platforma hazırda yalnız illik toplantıların keçirildiyi ənənəvi məkan kimi xarakterizə oluna bilməz. Davos platformasının ideya mahiyyəti ondadır ki, bu mütəhərrik mexanizm artıq problemlərin ciddi müzakirə olunduğu həm qlobal açıq beyin-ideya mərkəzi kimi, həm də fəaliyyəti çoxaspektli olan dayanıqlı qlobal şəbəkə kimi fəaliyyətdədir. Bu kontekstin fəlsəfi mahiyyəti onunla bağlıdır ki, burada mütəmadi olaraq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatlar, transmilli korporasiyalar, nəzəri-akademik dairələr, vətəndaş cəmiyyəti və humanitar qurumları, o cümlədən, həm regional, həm də qlobal perspektivləri düşünən praqmatik aktorlar bir araya gələrək, regionun və əgər belə demək mümkünsə, Qərb dünyası və Avrasiyanın deməli, həm də identik müxtəlifliyi kontekstində sivilizasiyanın imkan və perspektivlərini müzakirə edirlər. Ancaq maraqlı cəhət ondadır ki, bu qlobal platformanın əsas praqmatik və demokratik əhəmiyyəti həm də ondadır ki, burada “qərarqəbuletmə” qərar formasında deyil, daha çox, qərarların ideya və ideoloji, iqtisadi və siyasi qlobal gedişatın məntiqi anlam xəttinin, qlobal gündəliyin formalaşması çərçivəsini müəyyən edilir. Bu anlamda Davosu “beyin mərkəzlərinin toplantı evi”, qlobal gündəliyin, reallıqda baş verən, siyasi, iqtisadi, geopolitik, humanitar və b. proseslərin gündəliyi ideya- məntiqi “istehsalı” platforması kimi də xarakterizə etmək doğru olardı. Davos Platforması həqiqətən də, qlobal rəsmi qurumlarla müqayisə olunarsa onu hətta “rəsmi olmayan qlobal rəsmi ağıl- beyin” funksiyasını yerinə yetirən iqtisadi, siyasi, humanitar platforma hesab etmək tam məntiqidir. Deməli, Davos platformasının qlobal mahiyyəti həm də onunla bağlıdır ki, burada əsas problemlər dialoq, dialoq mədəniyyəti, dialoq fəlsəfəsi ən üst səviyyədə - elit səviyyədə həyata keçirilir. Hətta bəzən mütəxəssislər bu qlobal ideya mərkəzini “demokratik legitimliyi olmayan, lakin effektiv təsir mexanizminə malik post-siyasi məkan” kimi xarakterizə etməklə “rəsmi diplomatiyanın alternativi”, “demokratik, yaxud güc tətbiq etmək legitimliyi olmayan, lakin effektiv təsir mexanizminə malik post-siyasi məkan” kimi xarakterizə edirlər. Görünür ki, həqiqətən də bu kimi çoxaspektli fəaliyyəti nəzərə alaraq – bu qlobal gündəliyə ideya anlamında ciddi təsir gücündə olan platforma –mütəxəssislərin qeyd etdiyi kimi qlobal geopolitikanın “yumşaq güc”, “geopolitik ideyaların döyüş zonası”, qlobal güclərin daha zərif formada birbaşa qarşıdurmalardan yayınmaqla” (məsələn, ABŞ – Avropa– Çin –Rusiya və s.) dialoq və diskursun həyata keçirildiyi məkan kimi göstərilir. Fakt budur ki, bu platformanın ideya-fəlsəfi mahiyyəti, siyasi-fəlsəfi çəkisi ondadır ki, burada qaba güclərin hegemoniyasını, hərbi güc doktrin və qeyri-sağlam rəqabətini yox, iqtisadi trend və paradiqmaların elmi-texnoloji əməkdaşlıqların, humanitar siyasətin əsaslarının – gələcəyin necə qurulmasının bir növ ideya vizyonu o cümlədən sülh və təhlükəsiz yaşamağın yeni modellərinin ideya tətbiqinin yeni model -müzakirələrini görürük.

Yuxarıda qeyd olunan təhlildən belə nəticəyə gəlmək olar ki, Azərbaycanın Davos Platformasında həyata keçirdiyi strateji xətt perspektiv üçün son dərəcə vacib bir ideya-strategiyasıdır. Bu baxımdan Azərbaycan Prezidenti cənab İlham Əliyevin 20 yanvar 2026-cı il tarixində Davos Forumunda “Euronews” televiziyasına müsahibəsində irəli sürdüyü strateji hədəflər, qeyd olunan ideya istiqamətləri dərin praqmatik və fəlsəfi məzmuna malikdir. Bu praqmatik paradiqmanın əhəmiyyəti ondadır ki, Azərbaycan milli maraqlarını müdafiə qabiliyyətinə malik olmaqla yanaşı, – regional proseslərdə real güc sahibi olmaqla yanaşı qlobal problemlərin həllində də öz imkanlarını və səylərini daima inkişaf etdirmək gücündədir.

Şölət Zeynalov

YAP Yasamal rayon Fəlsəfə və Sosiologiya İnstitutu ərazi partiya təşkilatının sədri. Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью