Qlobal informasiya məkanında jurnalistikanın etik məsuliyyəti

22.09.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müasir dövrdə jurnalistika artıq yalnız milli informasiya məkanının deyil, qlobal kommunikasiya sisteminin mühüm tərkib hissəsidir. Dünyanın bir nöqtəsində baş verən hadisə bir neçə dəqiqə, hətta saniyə ərzində digər ölkələrin auditoriyasına çatdırılır. Müharibələr, siyasi proseslər, iqtisadi böhranlar, təbii fəlakətlər, terror hadisələri, seçkilər, diplomatik görüşlər və digər mühüm hadisələr haqqında informasiya qlobal media vasitəsilə milyonlarla insanın gündəlik həyatına daxil olur. Belə bir şəraitdə jurnalistin peşə məsuliyyəti də milli sərhədləri aşaraq beynəlxalq xarakter qazanır.

İnformasiya sürətinin artması jurnalistikaya böyük imkanlar yaratdığı kimi, ciddi etik məsuliyyət də yükləyir. Çünki yanlış və ya yoxlanılmamış bir məlumatın yayılması artıq yalnız bir ölkənin ictimai rəyinə deyil, müxtəlif cəmiyyətlərin hadisəyə münasibətinə təsir göstərə bilər. Buna görə beynəlxalq jurnalistikada etik prinsiplər peşə fəaliyyətinin mühüm dayaqlarından birinə çevrilib.

Etik kodeks – jurnalistin peşə kompası

Jurnalist etik kodeksini yalnız müəyyən qadağalar toplusu kimi qəbul etmək doğru deyil. Etik kodeks, ilk növbədə, jurnalistin peşə davranışına istiqamət verən mənəvi və peşəkar prinsiplər sistemidir. Müxtəlif ölkələrdə və ayrı-ayrı media qurumlarında bu kodekslərin məzmununda müəyyən fərqlər olsa da, onların əsasını bir sıra ümumi prinsiplər təşkil edir.

Dəqiqlik, obyektivlik, müstəqillik, dürüstlük, insan hüquqlarına hörmət, mənbələrin qorunması, maraqlar toqquşmasından uzaq olmaq və səhvlərin düzəldilməsi beynəlxalq jurnalistika təcrübəsində geniş qəbul edilən əsas prinsiplərdəndir.

Jurnalist ilk növbədə həqiqətə sadiq qalmalıdır. Xəbərin operativ hazırlanması faktların yoxlanılmasını əvəz edə bilməz. Mənbənin etibarlılığı, məlumatın vaxtı, yeri, hadisənin konteksti və digər mənbələrlə uyğunluğu araşdırılmadan informasiyanın ictimaiyyətə təqdim olunması ciddi yanlışlıqlara gətirib çıxara bilər. Xüsusilə sosial şəbəkələrin geniş yayıldığı bir dövrdə bu məsələ daha böyük əhəmiyyət daşıyır.

Sürət və dəqiqlik arasında seçim

Rəqəmsal media mühitində “ilk xəbər verən olmaq” bəzən əsas məqsədə çevrilir. Lakin jurnalistika yarışının meyarı yalnız sürət olmamalıdır. Xəbərin tez yayılması onun doğru olması demək deyil.

Bu gün sosial şəbəkələrdə köhnə fotoşəkillərin yeni hadisə kimi təqdim edilməsi, başqa ölkədə çəkilmiş görüntülərin fərqli coğrafiyaya aid edilməsi, montaj edilmiş videoların həqiqi material kimi yayılması, saxta hesabların mənbə kimi göstərilməsi geniş yayılmış problemlər sırasındadır. Belə hallarda jurnalistin peşəkarlığı məhz məlumatı yaymazdan əvvəl yoxlamaq bacarığı ilə ölçülür.

Beynəlxalq jurnalistika üçün bu məsuliyyət xüsusilə vacibdir. Çünki qlobal informasiya mühitində bir yanlış məlumat çox qısa müddətdə müxtəlif dillərə çevrilə, müxtəlif platformalarda yayıla və böyük auditoriyaya çata bilər. Sonradan verilən təkzib isə bəzən ilkin yanlış məlumatın yaratdığı təsiri tam aradan qaldırmır.

İnsan ləyaqəti və ictimai maraq

Beynəlxalq media etikasının mühüm istiqamətlərindən biri də insan ləyaqətinə hörmətdir. Müharibə, terror, miqrasiya, dini və etnik qarşıdurmalar kimi həssas mövzuların işıqlandırılması jurnalistdən xüsusi diqqət tələb edir.

Belə mövzularda emosional və təhqiramiz ifadələrdən, ayrı-seçkilik yaradan yanaşmalardan, bütöv xalqları, dini və ya etnik qrupları mənfi xüsusiyyətlərlə təqdim etməkdən çəkinmək lazımdır. Bir şəxsin hərəkətinə görə bütöv bir cəmiyyətin və ya xalqın ittiham olunması jurnalistikanın peşə prinsipləri ilə uzlaşmır.

Digər mühüm məsələ ictimai maraqla ictimai maraq görüntüsünün fərqləndirilməsidir. Cəmiyyətin məlumat almaq hüququ mühüm prinsipdir. Lakin hər bir şəxsi məlumatın ictimailəşdirilməsi avtomatik olaraq ictimai maraq demək deyil. Jurnalist informasiyanı yayımlamazdan əvvəl onun cəmiyyət üçün əhəmiyyətini və mümkün zərərini də nəzərə almalıdır.

Jurnalistin müstəqilliyi

Peşəkar jurnalistikanın əsas dayaqlarından biri müstəqillikdir. Jurnalist siyasi, iqtisadi və kommersiya maraqlarının təsiri altında qalmadan informasiya hazırlamalıdır. Şəxsi münasibətlər, maddi maraqlar, hədiyyələr və digər üstünlüklər jurnalistin qərarlarına təsir göstərirsə, onun peşəkar müstəqilliyi ilə bağlı suallar yarana bilər.

ABŞ və Qərbi Avropa media təcrübəsində maraqlar toqquşması məsələsinə xüsusi diqqət yetirilir. Bir sıra redaksiyalarda jurnalistlərin hədiyyə qəbul etməsi, sponsorlarla münasibətləri, səfər xərclərinin ödənilməsi və reklamla redaksiya materialının fərqləndirilməsi ilə bağlı daxili qaydalar mövcuddur.

Bu yanaşmanın əsas məqsədi jurnalisti məhdudlaşdırmaq deyil, auditoriyanın mediaya olan etimadını qorumaqdır. Oxucu bilməlidir ki, təqdim olunan informasiya şəxsi və ya kommersiya marağının deyil, jurnalistikanın peşə prinsiplərinin nəticəsidir.

Azadlıq məsuliyyətsizliyə çevrilməməlidir

Media azadlığı jurnalistikanın fundamental şərtlərindən biridir. İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 10-cu maddəsi fikir və ifadə azadlığını, informasiya və ideyaları almaq və yaymaq hüququnu tanıyır. Eyni zamanda bu azadlığın digər şəxslərin hüquq və nüfuzunun, ictimai təhlükəsizliyin və digər qanuni maraqların qorunması ilə bağlı müəyyən məhdudiyyətlərə tabe ola biləcəyini də nəzərdə tutur.

Buradan mühüm bir nəticə meydana çıxır: jurnalistin azadlığı onun məsuliyyətini aradan qaldırmır. Əksinə, informasiya imkanları genişləndikcə peşə məsuliyyəti də artır. Jurnalist azad söz hüququndan istifadə edərkən faktın və şərhin sərhədini qorumalı, ittiham xarakterli məlumatları yoxlamalı, qarşı tərəfin mövqeyinə imkan yaratmalı və insan hüquqlarına hörmət etməlidir.

Beynəlxalq Jurnalistlər Federasiyasının peşə prinsiplərində də həqiqətə, dəqiqliyə, dürüstlüyə və müstəqilliyə xüsusi əhəmiyyət verilir. Plagiat, faktların saxtalaşdırılması, qəsdən yanlış informasiya yayılması və şəxsi maraqların peşə fəaliyyətinə daxil edilməsi jurnalistikanın etik prinsiplərinə zidd hesab olunur. Jurnalistin öz səhvini etiraf etməsi və düzəliş verməsi isə peşə məsuliyyətinin mühüm göstəricisidir.

Qlobal media üçün ortaq dəyərlər

Dünyanın müxtəlif ölkələrində siyasi, hüquqi, sosial və mədəni şərait fərqlidir. Bu səbəbdən media sistemləri və etik kodekslərin tətbiq mexanizmləri də eyni deyil. Lakin informasiya məkanının qloballaşması jurnalistikanın ortaq peşə dəyərlərinə ehtiyacı daha da artırır.

Bu gün jurnalistin qarşısında duran əsas məsələ yalnız məlumat toplamaq və yaymaq deyil. O, eyni zamanda informasiyanın doğruluğunu müəyyənləşdirməli, mənbənin etibarlılığını qiymətləndirməli, insan hüquqlarını nəzərə almalı, ictimai marağı şəxsi maraqdan ayırmalı və hazırladığı materialın mümkün nəticələrini düşünməlidir.

Jurnalistikanın gücü onun informasiya yaymaq imkanından daha çox, cəmiyyətin həmin informasiyaya etibar etməsi ilə bağlıdır. Etimad isə bir gündə formalaşmır. O, hər bir xəbərin hazırlanması, hər bir faktın yoxlanılması, hər bir mənbənin qorunması və hər bir səhvin düzəldilməsi ilə qazanılır.

Bu baxımdan etik kodekslər jurnalist üçün sadəcə nəzəri sənəd deyil, gündəlik peşə fəaliyyətində yol göstərən mühüm vasitədir. Qlobal informasiya məkanında jurnalistikanın gələcəyi də böyük ölçüdə onun sürətlə dəyişən texnoloji imkanları peşə etikası ilə necə uzlaşdıra bilməsindən asılıdır.

Namiq Qədimoğlu

BDU Jurnalistika fakültəsinin müəllimi,

Filologiya üzrə fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью