Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
İqlim dəyişikliyi dünyada bir sıra böyük şəhərləri meşə yanğınları, daşqınlar və güclü isti hava dalğaları təhlükəsi ilə üz-üzə qoyur.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, alimlər bəzi şəhərlərin eyni vaxtda bir neçə təbii fəlakət riski altında olduğunu bildirirlər.
“Financial Times” qəzetinin hazırladığı hesabatda iqlim fəlakətlərinə qarşı ən həssas şəhərlərin adları açıqlanıb.
Məlumata görə, Amsterdam, Hyuston və Nyu-York daşqın təhlükəsi ilə üzləşir. ABŞ-nin Ostin şəhərində isə əsas risk meşə yanğınlarıdır.
Lissabon, Afina və Neapol kimi şəhərlərdə vəziyyət daha mürəkkəbdir. Belə ki, bu şəhərlər həm güclü isti hava dalğaları, həm də daşqın və meşə yanğınları təhlükəsi altındadır.
London İmperial Kollecinin professoru Gilyermo Reyn bildirib ki, iqlim dəyişdikcə böyük yanğınların başvermə ehtimalı da artır.
Onun sözlərinə görə, yaxın gələcəkdə böyük bir meşə yanğını geniş yaşayış ərazisinə ciddi ziyan vura bilər. Lakin bunun hansı şəhərdə baş verəcəyini əvvəlcədən müəyyənləşdirmək mümkün deyil.
Hesabatda Afinada baş verən yanğın da təhlükənin miqyasını göstərən nümunə kimi qeyd olunur.
Ötən ilin avqustunda şəhər ətrafında baş verən meşə yanğını yaşayış məntəqələrinə qədər çatıb. Nəticədə 103 kvadratkilometr ərazi yanıb, bir nəfər həyatını itirib, minlərlə insan evlərini tərk edib.
Mütəxəssislər bildirirlər ki, şəhərlərin meşəlik ərazilərə yaxın yerləşməsi yanğın riskini artıran əsas amillərdəndir. Avropada bu cür ərazilər qitənin ümumi sahəsinin 15 faizini təşkil edir.
Daşqın təhlükəsi də getdikcə daha çox insanı əhatə edir.
“Moody’s” şirkətinin təhlilinə görə, dünyada təxminən 2,4 milyard insan çayların daşması və qəfil sel riski olan ərazilərdə yaşayır.
ABŞ-nin Dallas, Hyuston, Vaşinqton, Nyu-York və Sakramento şəhərləri də bu təhlükə ilə üzləşən yaşayış məntəqələri sırasındadır.
Ötən il İspaniyanın Valensiya şəhərində baş verən dağıdıcı daşqın da iqlim dəyişikliyinin yaratdığı riskləri yenidən gündəmə gətirib. Alimlər hadisənin iqlim dəyişikliyi ilə əlaqəsini təsdiqləyiblər.
Hesabata əsasən, həm meşə yanğınları, həm də daşqın təhlükəsi ilə üzləşən şəhərlər arasında Lissabon, Afina, Neapol, Keyptaun və Sidney xüsusi qeyd olunur.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin