Qlobal iqlim müzakirələrinin ikinci günü

09.09.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW2026) ikinci günündə işini panel sessiyalarla davam etdirib.

İqlim Texnologiyaları Mərkəzi və Şəbəkəsinin direktoru Ariesta Ninqrumun moderatorluğu ilə keçirilən tədbirdə “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub.

Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, süni intellektin iqlim dəyişikliyinin qarşısının alınması sahəsinə tətbiq edilməsi zamanı hüquqi çərçivə texnoloji innovasiyaların sürətini məhdudlaşdırmamalıdır. O, ölkə başçısının 19 mart 2025-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın olduqca vacib sənəd olduğunu qeyd edib.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova fermerlər üçün iqlim təhlükəsinin heç vaxt sadəcə meteoroloji hadisə olmadığını deyib: “Quraqlıq məhsul itkisinə səbəb olur. İsti hava dalğaları bitkilərin məhsuldarlığını azalda və heyvandarlıqda ciddi istilik stresi yarada bilər. Güclü yağıntılar və daşqınlar əkin sahələrinə və kənd infrastrukturuna zərər vurur”.

ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov vurğulayıb ki, təhlükəsizliyin təmin olunması, risklərin əvvəlcədən müəyyənləşdirilməsi və insanların təhlükələr barədə vaxtında məlumatlandırılması müxtəlif sahələri birləşdirən ümumi yanaşmadır. Bu gün dünyada təhlükələrin xarakteri dəyişir və daha mürəkkəb forma alır. İqlim dəyişikliyi nəticəsində daşqınlar, sel, torpaq sürüşmələri, quraqlıq, meşə yanğınları və digər təbii fəlakətlərin intensivliyi artır”.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin birinci müavini Xəyyam Məmmədov bildirib ki, daha uzun quraqlıqlar, daha şiddətli sel və daşqın hadisələri və intensiv yağıntılar iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən kənd təsərrüfatı, şəhər infrastrukturu və əhalinin rifahına ciddi təsir göstərir.

Türkiyənin Meteorologiya Xidmətinin rəhbəri Volkan Mutlu Coşğun isə iqlim dəyişmələrinin yaratdığı risklər artdıqca, erkən xəbərdarlıq sistemlərinin əhəmiyyətinin də yüksəldiyinə diqqət çəkib. Onun sözlərinə görə, bu sahədə süni intellekt yeni imkanlar yaradır.

***

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının təbii sərvətlər üzrə mütəxəssisi Evetta Zeninanın moderatorluğu ilə keçirilən panel sessiyada “Rəqəmsal transformasiya və süni intellekt: İqlimədavamlı kənd təsərrüfatının qurulması” mövzusunda müzakirələr aparılıb.

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq departamentinin rəhbəri Tolqaxan Bəxtiyar bildirib ki, iqlim dəyişmələrinin kənd təsərrüfatına təsirlərinin azaldılması üçün ölkələr arasında təcrübə mübadiləsi və beynəlxalq əməkdaşlıq gücləndirilməlidir.

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin süni intellekt layihələri üzrə rəhbəri Surxay Novruzov qeyd edib ki, süni intellekt kənd təsərrüfatında məhsuldarlığın artırılması, resurslardan səmərəli istifadə və fermerlərin qərarvermə imkanlarının genişləndirilməsi üçün mühüm alətə çevrilə bilər.

FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Proqramlar üzrə rəhbəri Aynur Seyidyusif süni intellekt və məlumatlara əsaslanan həllərin iqlimədavamlı kənd təsərrüfatının formalaşdırılmasında mühüm rol oynadığını bildirib.

Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini Şahin Əliyev rəqəmsal transformasiyanın kənd təsərrüfatında innovasiyaların tətbiqini sürətləndirdiyini diqqətə çatdırıb.

Asiya İnkişaf Bankının İnsan və Sosial İnkişaf Sektoru üzrə layihə əməkdaşı Sabina Yusifova isə rəqəmsal texnologiyaların sosial və iqtisadi inkişafı dəstəklədiyini bildirib.

Sessiyada, həmçinin kənd təsərrüfatının iqlim dəyişmələrinə davamlılığının gücləndirilməsi, fermerlərə göstərilən dəstək xidmətlərinin təkmilləşdirilməsi və innovativ yanaşmaların geniş tətbiqi məsələləri müzakirə edilib.

***

Həftə çərçivəsində “İqlim fəaliyyətinin şəhər ölçüsünün inkişaf etdirilməsi: WUF13-dən COP31-ə doğru” mövzusunda panel sessiya keçirilib.

BMT-nin Məskunlaşma Proqramının Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Anna Soavenin moderatorluğu ilə keçirilən panel sessiyada şəhərlərin iqlim dəyişmələrinə qarşı mübarizədə rolu, dayanıqlı şəhər inkişafı və bu istiqamətdə beynəlxalq əməkdaşlığın əhəmiyyəti müzakirə olunub.

Böyük Britaniya Lordlar Palatasının üzvü, NGIC üzvü Patrisiya Skotland çıxışında iqlim dəyişmələri ilə mübarizədə şəhərlərin və yerli icmaların fəal iştirakının vacibliyini qeyd edib.

EBRD-nin Dayanıqlı İnfrastruktur Qrupunun Layihələrin Hazırlanması üzrə rəhbər müavini Lin O’Qreydi şəhərlərdə dayanıqlı infrastrukturun inkişaf etdirilməsinin iqlim məqsədlərinə nail olunmasında mühüm rol oynadığını vurğulayıb.

Beynəlxalq Maliyyə Korporasiyasının ölkə üzrə nümayəndəsi Aliya Əzimova bildirib ki, şəhərlərin davamlı inkişafının təmin olunması üçün maliyyə resurslarının səfərbər edilməsi və özəl sektorun bu prosesə daha fəal cəlb olunması mühüm əhəmiyyət daşıyır.

İrqçiliyə Qarşı Avropa Şəhərlər Koalisiyasının direktoru Benedetto Zakkirollini çıxışında inklüziv və hər kəs üçün əlçatan şəhər mühitinin yaradılmasının vacibliyindən danışıb.

İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin İctimai İşlər üzrə dosenti Anar Vəliyev də mövzu ilə bağlı fikirlərini bölüşüb.

Sessiyada WUF13-ün yekun sənədi olan və inklüziv, davamlı və dayanıqlı şəhərlərlə icmaların inkişafı üçün əsas prioritetləri müəyyən edən Bakı Fəaliyyət Çağırışının icrasına xüsusi diqqət yetirilib.

Həmçinin hökumətlər, beynəlxalq təşkilatlar, maliyyə institutları və özəl sektor arasında tərəfdaşlıqların təşviq edilməsi, bilik mübadiləsinin genişləndirilməsi və əlaqələndirilmiş fəaliyyətin gücləndirilməsi yolu ilə iqlim və şəhərsalma gündəliklərinin inteqrasiyasının möhkəmləndirilməsi imkanları müzakirə olunub.

***

Tədbir çərçivəsində “COP29-dan İqlim Həftəsinə: Yaşıl Dünya üçün Rəqəmsal Fəaliyyət Yolu” mövzusunda panel sessiya keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən sessiya COP29 zamanı qəbul edilmiş Yaşıl Rəqəmsal Fəaliyyətə dair Bəyannamənin davamı olaraq dayanıqlı rəqəmsallaşmanın inkişaf etdirilməsi məsələlərinə həsr olunub. Nazir müavini Rəşad Həsənov bildirib ki, Azərbaycanda rəqəmsal dövlət xidmətlərinin genişləndirilməsi hər ay təxminən 5 milyon səhifə kağızın istifadəsinin qarşısını alır.

Belçikanın sabiq baş naziri Yves Leterme çıxışında rəqəmsal texnologiyaların dünya vətəndaşlarının böyük əksəriyyətinin həyatının ayrılmaz hissəsinə çevrildiyini bildirib. O, rəqəmsallaşmanın yaratdığı imkanlardan daha geniş istifadə edilməsinin, xüsusilə dövlət idarəçiliyində geridə qalan sahələrdə yeni imkanların reallaşdırılmasının vacibliyini vurğulayıb.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov qeyd edib ki, Azərbaycanda rəqəmsallaşma gündəliyinin əsas hədəflərindən biri dövlət xidmətlərinin 80 faizdən çoxunun rəqəmsallaşdırılmasıdır.

Dünya İqlim Fondunun təsisçisi və baş icraçı direktoru Jens Nielsen bildirib ki, ötən il enerjiyə yatırılan ümumi investisiyaların təxminən üçdə ikisi – 2,3-2,4 trilyon ABŞ dolları – “yaşıl enerji”yə yönəldilib. Onun sözlərinə görə, bu investisiyaların təxminən 90 faizi Günəş və külək enerjisinin payına düşüb.

“Baker Hughes” şirkətinin direktoru Sai Sharan Panda isə rəqəmsal texnologiyaların enerji dəyər zəncirində emissiyaların daha çox yarandığı sahələri müəyyənləşdirməyə imkan verdiyini diqqətə çatdırıb.

Sessiyada rəqəmsal infrastrukturun iqlim dayanıqlılığının və enerji səmərəliliyinin gücləndirilməsi, rəqəmsal inklüzivliyin və savadlılığın artırılması, texnologiyalara bərabər çıxış imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub.

Həmçinin hökumətlər, gənclər, qadınlar, startaplar, kiçik və orta biznes subyektləri və tədqiqat institutlarının iştirakı ilə innovasiya ekosistemlərinin inkişaf etdirilməsi məsələlərinə diqqət yetirilib.

***

Həftə çərçivəsində "Daxili su hövzələrində iqlim dəyişmələrinin yaratdığı çağırışlar: Xəzər dənizi nümunəsi" mövzusunda sessiya keçirilib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rza Əliyevin moderatorluğu ilə keçən sessiyada çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev bildirib ki, iqlim dəyişmələri dünyanın bir çox bölgələrində su ehtiyatlarına getdikcə daha ciddi təsir göstərir. Temperaturun yüksəlməsi, yağıntı rejiminin və çay axınlarının dəyişməsi, buxarlanmanın artması su ehtiyatlarının vəziyyətinə, biomüxtəlifliyə və ekosistemlərə təsir etməklə yanaşı, əhalinin rifahı, ərzaq təhlükəsizliyi və iqtisadi inkişaf üçün də yeni çağırışlar yaradır. Xəzər dənizi regionumuz üçün bu çağırışların ən aydın nümunələrindən biridir.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, son illərdə Xəzərdə su səviyyəsinin dəyişməsi ciddi narahatlıq doğurur. Bu dəyişiklik sahilyanı ərazilərə, şəhərlərə və infrastruktura təsir göstərə bilər. Bunun qarşısının alınması üçün mütəmadi monitorinqlərin aparılması zəruridir.

Sessiya məruzələrlə və müzakirələrlə davam edib.

Panel sessiyasında iqlim dəyişmələrinin daxili su hövzələrinə təsiri əsas nümunə kimi Xəzər dənizi üzərindən müzakirə olunub. Sahilyanı ekosistemlərin, icmaların, infrastrukturun və iqtisadiyyatın dəyişən iqlim şəraitinə davamlılığının artırılması üçün praktiki yollar nəzərdən keçirilib.

***

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW2026) çərçivəsində "Fəaliyyətdə Harmoniya: İqlimə Dayanıqlı Kənd Təsərrüfatı naminə Əməkdaşlıq" mövzusunda yüksəksəviyyəli dəyirmi masa keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un Prezidenti Muxtar Babayev kənd təsərrüfatının ekstremal istilərə, quraqlığa, daşqınlara, dəyişən yağış nümunələrinə və artan su qıtlığına daha çox məruz qaldığını və bunun təsirlərinin artıq ölçüləbilən səviyyədə olduğunu bildirib.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu gün kənd təsərrüfatının dövrümüzün ən mühüm çağırışlarının kəsişməsində dayandığını diqqətə çatdırıb. O, iqlim dəyişikliklərinin torpaq və su ehtiyatlarına təzyiqi artırdığını, məhsuldarlığa təsir göstərdiyini və fermerlər üçün yeni risklər yaratdığını bildirib.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev təşəbbüslərdə qadın fermerlərin, gənclərin və elmi ictimaiyyətin səylərini birləşdirməli, həmçinin yerli və beynəlxalq qabaqcıl təcrübələrin tətbiqi üçün gücləri səfərbər etməyin vacibliyini diqqətə çatdırıb.

COP29-un iqlim üzrə yüksəksəviyyəli çempionu və BCAW layihəsinin rəhbəri Nigar Arpadarai fermerlərin su qıtlığı kimi iqlim dəyişikliklərinin təsirlərini ilk hiss edənlər sırasında olduğunu vurğulayaraq deyib: "Bu, bizim üçün mücərrəd siyasət deyil. Söhbət kənd icmalarının dayanıqlılığından, ərzaq təhlükəsizliyimizdən, milli iqtisadi inkişafımızdan və davamlı gələcəyimizdən gedir”.

FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Nasar Hayat kənd təsərrüfatını bəşər sivilizasiyasının bünövrəsi adlandıraraq deyib: "Bu bünövrə hazırda təhlükə altındadır və bununla bağlı tədbir görmək bizim öhdəliyimizdir. Çünki kənd təsərrüfatı olmasa, ərzaq olmaz, ərzaq olmasa, iqtisadi artımın digər sahələrindən söz gedə bilməz".

FAO-nun nümayəndəsi Evetta Zenina kənd təsərrüfatının daha səmərəli və dayanıqlı inkişafı üçün inteqrasiya olunmuş yanaşmanın tətbiqi və mövcud təşəbbüslər arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

***

Tədbir çərçivəsində "Öhdəliklərdən icraya: COP31-ə doğru" mövzusunda yüksəksəviyyəli dəyirmi masa təşkil olunub. Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev iqlim fəaliyyətinin artıq gələcəyin bacarıqlarını, peşələrini və imkanlarını dəyişdiyini qeyd edib.

"Biz təhsilin gənclərə ehtiyac duyduqları bilik və praktiki bacarıqları qazandırmasını, eyni zamanda, onları elm, texnologiya, innovasiya və real həll yolları ilə daha sıx bağlamasını təmin etməliyik. Gənclər, həmçinin təmiz enerji, mühəndislik, maliyyə, kənd təsərrüfatı və digər sektorlarda yaranan yeni iş yerlərinə və imkanlara çıxış əldə edə bilməlidirlər", – deyə Muxtar Babayev bildirib.

COP29-un baş danışıqçısı Yalçın Rəfiyev qeyd edib ki, Azərbaycan COP29 Sədrliyi dövründə uşaq və gənclər məsələsini qlobal iqlim gündəliyinin yuxarı pillələrinə yüksəldib. “Bu, iqlim diplomatiyamızı gələcək nəsil üçün daha əhatəli və çevik etməyə yönəlmiş genişmiqyaslı səylərimizə mühüm töhfə olub. Azərbaycan keçən il COP Sədrliyini təhvil versə də, qlobal iqlim diplomatiyasında fəal rol oynamağa davam edir”, - deyə nazir müavini bildirib.

COP31-in icraçı direktoru Fatma Varank Türkiyədə keçiriləcək COP-un konkret icraat və tətbiq platforması olmasını istədiklərini və burada ən çox gəncləri görmək niyyətində olduqlarını qeyd edərək deyib: "COP31 gənclərin COP-u olacaq. Hər biriniz orada söz sahibinə çevriləcəksiniz. Həm Yaşıl, həm də Mavi Zonada sizin üçün xüsusi məkanlar ayrılacaq. Gənclər üçün təşkil ediləcək forumda gözləntilərinizi təsirli şəkildə ifadə etməyiniz üçün lazımi şərait yaradılacaq".

COP31 Gənclər Çempionu Sally Higgins COP31 özünü "gələcəyin COP-u" kimi mövqeləndirdiyini və fəaliyyətin icrasını öz gündəliyinin mərkəzinə qoyduğunu söyləyib.

Dəyirmi masada qlobal iqlim fəaliyyətində gənclərin rolu və təhsilin praktiki imkanlara inteqrasiyası barədə danışılıb. Tədbirdə COP29-un nəticələrindən COP31-ə doğru uzanan iqlim diplomatiyasında gənc nəslin potensialının artırılması və onların qərarlarda söz sahibi olmasının vacibliyi vurğulanıb.

Musa BAĞIRLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью