Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.
Paytaxtımızda təşkil olunan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin dünya təsərrüfat sistemində mövqeyinin güclənməsini nümayiş etdirən, yerli iqtisadiyyatın potensialını və növbəti dövrlər üçün hədəfləri müəyyənləşdirən strateji bir toplantıya çevrildi. Dövlət başçısı İlham Əliyevin rəsmi toplantıdakı proqram xarakterli çıxışı respublikanın bu günə qədər keçdiyi islahatlar yolunun, mövcud resursların və gələcəyə yönəlmiş milli strateji xəttin dolğun bir xülasəsini ortaya qoydu. Ölkə rəhbərinin nitqində xüsusilə vurğulanan əsas tezis ondan ibarətdir ki, Azərbaycandakı əlverişli biznes və investisiya mühiti qəfil yaranan bir hadisə deyil, planlı və fundamental fəaliyyətin məntiqi bəhrəsidir. Bu konseptual yanaşma, ölkə rəhbərliyinin onilliklər ərzində həyata keçirdiyi uzaqgörən qərarların və daxili-xarici siyasətdəki ardıcıllığın əyani sübutudur.
Müasir beynəlxalq münasibətlər sistemində kapital axınını stimullaşdıran ən əsas faktor siyasi sabitlik və proqnozlaşdırıla bilən hüquqi mühitdir. Hər hansı bir xarici sərmayədar vəsait qoyuluşu etməzdən əvvəl həmin ölkədəki qanunların aliliyini və dövlətin öz öhdəliklərinə sadiqliyini təhlil edir. Azərbaycan bu müstəvidə son 30 ildə misilsiz bir etibarlılıq nümayiş etdirmişdir. Hələ ötən əsrin sonlarında transmilli enerji layihələri üzrə imzalanmış qlobal müqavilələrin şərtləri bu günə qədər bir qram belə dəyişməz olaraq qalır. Dövlətin öz imzasına göstərdiyi bu sadiqlik xarici iş dünyasının ölkəmizə olan etibarını sarsılmaz edir. Eyni zamanda, respublikanın minimal xarici borca sahib olması, valyuta ehtiyatlarının gücü və çevik idarəetmə sistemi investisiya risklərini sıfıra endirən başlıca amillərdir.
Bu mötəbər forum çərçivəsində aparılan müzakirələr göstərdi ki, artıq əsas diqqət mərkəzi karbohidrogen ehtiyatlarından qeyri-neft sənayesinə doğru tamamilə yönəlmişdir. Dövlətin iqtisadi şaxələndirmə siyasəti xarici investorlar tərəfindən böyük maraqla qarşılanır. Təsadüfi deyil ki, tədbir gedişatında ümumi dəyəri milyardlarla dollar təşkil edən onlarla yeni əməkdaşlıq sazişi imzalanmışdır. Bu müqavilələrin böyük qismi innovativ sənaye sahələrini, aqrar sektoru və yüksək texnologiyaları əhatə edir. Ölkədə yaradılmış xüsusi iqtisadi zonalar, sənaye məhəllələri və aqroparklar xarici şirkətlərə geniş vergi, gömrük və infrastruktur güzəştləri təqdim etməklə rəqabətədavamlı istehsalın qurulmasına unikal imkanlar açır.
Coğrafi mövqeyin üstünlüklərindən düzgün istifadə olunması da forumun mühüm müzakirə mövzularından biri olmuşdur. Azərbaycan bu gün təkcə regional deyil, qlobal logistik zəncirin əvəzolunmaz həlqəsinə çevrilib. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat koridorlarının mərkəzində yerləşməyimiz, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Kars dəmir yolu kimi nəhəng layihələr beynəlxalq ticarətin sürətlənməsinə xidmət edir. “Orta Dəhliz”in əhəmiyyətinin artdığı və Zəngəzur dəhlizi layihəsinin gündəmdə olduğu hazırki dövrdə nəqliyyat və infrastruktur sahəsi xarici sərmayə üçün ən cəlbedici istiqamətlərdən biri hesab olunur.
Yaxın gələcək üçün müəyyən edilmiş prioritetlər arasında isə ekoloji təmiz "yaşıl" enerji istehsalı və rəqəmsallaşma xüsusi çəkiyə malikdir. Xəzər dənizinin zəngin külək enerjisi potensialı və işğaldan təmizlənmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrinin günəş-su ehtiyatları ölkəmizi alternativ enerji ixracatçısına çevirməkdədir. Beynəlxalq şirkətlərlə birlikdə icra edilən nəhəng günəş və külək elektrik stansiyaları layihələri bu keçidi daha da sürətləndirir. Yekun olaraq qeyd etmək olar ki, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin dayanıqlı, müasir və innovasiyalara əsaslanan iqtisadi model formalaşdırdığını bir daha dünyaya bəyan etdi. Təqdim olunan çoxşaxəli imkanlar xarici biznes tərəfdaşlarımız üçün uzunmüddətli sabitlik, təhlükəsizlik və qarşılıqlı mənfəət vəd edən böyük gələcəyin təminatıdır.
Dilarə Hüseynova
YAP Masallı rayon təşkilatının fəal üzvü