Qlobal istiləşmə insanları sağlam dəridən məhrum edir

30.09.2026

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İqlim dəyişikliyi bütün dünyada insanların dərisinə ciddi zərər vurur və yeni xəstəlik dalğalarının yaranmasına səbəb olur.

Qaynarinfo xəbər verir ki, beynəlxalq tədqiqatçılar qrupunun gəldiyi bu nəticələr Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Dermatologiya və Venerologiya Akademiyasının (EADV) konqresində təqdim edilib.

Beynəlxalq Dermatologiya Cəmiyyətləri Liqasının təşkil etdiyi genişmiqyaslı layihə çərçivəsində ekspertlər 136 ölkənin nümayəndələrini sorğuya cəlb ediblər. Ölkələrin 42 faizindən çoxu qlobal istiləşmə fonunda dermatoloji problemlərin yayılmasında və ya ağırlıq dərəcəsində dəyişikliklər qeydə alıb.

Ən böyük təsir aşağı gəlirli ölkələrdə müşahidə olunub. Bu ölkələrdə mənfi dinamika 55 faizə çatıb. Həkimlər iqlim stresini istilik səpgilərinin, iltihabi proseslərin və infeksiyaların kəskin artması ilə əlaqələndirirlər. Sorğuda iştirak edənlərin təxminən yarısı gənə və ağcaqanadların daşıdığı xəstəliklərin yayılma xüsusiyyətlərində dəyişiklik olduğunu bildirib.

“Tədqiqatın müəllifi, epidemioloq Ester Friman bildirib ki, biz ekstremal hava şəraitini istilik vurması və ya tənəffüs problemləri ilə əlaqələndirməyə öyrəşmişik, lakin dəri iqlim dəyişikliyinə qarşı ilk müdafiə xəttimizdir”.

Onun sözlərinə görə, temperaturun və rütubətin yüksəlməsi tərləməni artırır və dəridə qıcıqlanmaya səbəb olur, havanın çirklənməsi isə iltihabi prosesləri işə salır. İqlim zonalarının dəyişməsi həşəratların yaşayış arealını da genişləndirir və onların əvvəllər rast gəlinmədiyi ərazilərdə sağ qalmasına imkan yaradır.

Alimlər qlobal bərabərsizliyin kəskin olduğunu vurğulayırlar. İstixana qazlarının emissiyalarına ən az töhfə verən ölkələr əhalinin sağlamlığı üçün ən ağır nəticələrlə üzləşirlər.

Bu ölkələr çox vaxt ekstremal istilərin və daşqınların baş verdiyi regionlarda yerləşir. Eyni zamanda, onların səhiyyə sistemlərində ixtisaslaşmış mütəxəssislərin və dərmanların ciddi çatışmazlığı müşahidə olunur.

Coğrafi fərqlər də nəzərəçarpacaqdır. Avropada respondentlərin yalnız 16 faizi dəri xəstəliklərində dəyişikliklər müşahidə edildiyini bildirib. Qərbi Sakit okean regionunda isə bu göstərici təxminən 65 faizə çatıb.

Riskləri minimuma endirmək üçün mütəxəssislər dünya ictimaiyyətini iqlim dəyişikliklərinə hazırlıq proqramlarına dəri sağlamlığını da daxil etməyə çağırırlar.

Həkimlər qlobal istiləşmənin yaratdığı təhlükələrə səhiyyə sistemlərinin vaxtında cavab verməsinə imkan verəcək monitorinqin gücləndirilməsini zəruri hesab edirlər.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью