Qlobal lüks bazarı: istehlak azalır, ölkələr geri çəkilir

13.11.2026

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qlobal lüks istehlak sektorunda tələbin azalması və Çin bazarında artım tempinin zəifləməsi Avropanın lüks brendlərini ABŞ bazarına üz tutmağa vadar edib. LVMH, Hermes, Kering və Richemont kimi sektorun nəhəngləri son beş ildə Nyu-Yorkun Fifth Avenue və ya Beverli-Hillzdəki Rodeo Drive kimi ənənəvi lüks alış-veriş mərkəzlərindən kənara çıxaraq Ostin, Skotsdeyl, Prinston və Neşvill kimi fərqli bölgələrdə yeni mağazalar açıb.

Bain şirkətinin məlumatlarına görə, dünyada lüks istehlakçıların sayı 2022-ci ildəki 400 milyon nəfərdən 2025-ci ildə 330 milyona düşərək 2013-cü il səviyyəsinə qayıdıb. Sektorun əsas inkişaf mühərriki hesab edilən Çində satışların azalması şirkətlərin maliyyə göstəricilərinə mənfi təsir göstərib. LVMH-nin Yaponiya istisna olmaqla, Asiya regionundakı satışları üçüncü rübdə 5 faiz azalıb.

Hürriyyət.com.tr yazır ki, ABŞ-a yatırımlar bəzi brendlər üçün müsbət nəticələr verib. Hermes-in Amerika qitəsindəki gəlirləri 2026-cı ilin ilk yarısında sabit valyuta məzənnəsi ilə 15,3 faiz artaraq şirkətin ən yüksək artım qeydə aldığı region olub. LVMH də üçüncü rübdə ABŞ-dakı satış artımının davam etdiyini bildirib.

Brendlərin ABŞ-da genişlənmə strategiyası “Wall Street”də süni intellekt yönümlü yüksəliş nəticəsində yaranan yeni sərvəti cəlb etməyə hesablanıb. Deutsche Bank-ın pərakəndə satış və lüks məhsullar üzrə analitiki Adam Cochrane hesab edir ki, birjada yaranan sərvət effekti davam edərsə, ABŞ qarşıdakı 3-5 il ərzində lüks istehlak sahəsində digər regionları üstələyəcək.

Cochrane ABŞ-ın qlobal lüks xərclərin 30 faizini təşkil edən Çini geridə qoyaraq LVMH və Richemont üçün ən böyük bazara çevrilə biləcəyini bildirir. Bernstein şirkətinin lüks məhsullar üzrə analitiki Luca Solca isə brendlərin ABŞ-da həm tanınmışlıqlarını artırmaq üçün böyük şəhərlərdə iri flaqman mağazalara, həm də yerli varlı müştərilərə çatmaq üçün müxtəlif ştatlarda satış məntəqələrinə ehtiyac duyduğunu qeyd edir. Şirkətlər mağaza yatırımları ilə yanaşı, Formula 1 yarışlarına sponsorluq kimi tədbirlər vasitəsilə də amerikalı müştəriləri cəlb etməyə çalışırlar.

ABŞ bazarına yatırımlar bütün şirkətlər üçün eyni nəticəni verməyib. Kering şirkətinin müqayisə edilə bilən satışları 2023-cü ildə 22 faiz, 2024-cü ildə isə 11 faiz azalıb. Şirkət investisiya yatırdıqdan təxminən bir il sonra Fifth Avenue-də yerləşən, dəyəri 1 milyard dollar olan daşınmaz əmlakdakı payını satmaq qərarına gəlib.

Sektordakı geriləməyə coğrafi dəyişikliklərlə yanaşı, pandemiyadan sonra tətbiq edilən yüksək qiymət artımları da təsir göstərib. Moda bülleteni müəllifi Amy Odellin hesablamalarına görə, Chanel-in klassik çantasının ABŞ-dakı qiyməti 2019-2024-cü illərdə 104 faiz artıb. Bu göstərici ümumi inflyasiya səviyyəsini xeyli (22 faiz) üstələyib.

Analitik Luca Solca bildirir ki, çantaların qiymətinin orta təbəqə üçün əlçatmaz həddə yüksəlməsi istehlakçıların nisbətən daha münasib qiymətə əldə edilə bilən zinət əşyaları və saatlara yönəlməsinə səbəb olub.

Digər tərəfdən, ABŞ Prezidenti Donald Trampın gömrük rüsumları siyasəti də brendləri ölkə daxilində istehsala yönəldib. 2019-cu ildən Texas ştatının Alvarado şəhərində dəri məmulatları istehsal edən Louis Vuitton 2027-ci ilədək bölgədə daha bir emalatxana açacağını açıqlayıb.

Yeni bölgələrdə açılan mağazalar yerli sakinlər tərəfindən fərqli reaksiyalarla qarşılanıb. Hermes-in oktyabr ayında Neşvildə keçmiş corab fabrikini yenidən quraraq açdığı və yerli mədəniyyətin izlərini əks etdirən mağazası, eləcə də Bruklinin Uilyamsburq rayonunda fəaliyyətə başlayan yeni filialı sosial şəbəkələrdə bəzi istifadəçilərin tənqidinə səbəb olub.

Lakin bütün bunlara rəğmən məhdud sayda istehsal olunan məhsulların ilk növbədə mağazaya mütəmadi gələn yerli müştərilərə satılması siyasəti həmin bölgələrdə istehlakçıların marağını qoruyub saxlayır.

Lalə Mehralı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью