Qlobal məskunlaşmanın Bakı manifesti

26.05.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan paytaxtının COP29 zəfərinə WUF13 zirvəsi də əlavə olundu

Müasir dünyada urbanizasiya şəhərlərin böyüməsi ilə bərabər, həm də iqtisadi inkişafın, sosial rifahın, innovasiyanın, iqlim siyasətinin və təhlükəsizlik məsələlərinin gerçəkləşdiyi əsas mərkəzlərə çevrilməsi prosesi kimi xüsusi diqqət çəkir. Əhalinin sürətlə meqapolislərə axını, mənzil çatışmazlığı, ekoloji problemlər, sosial bərabərsizlik və infrastruktur yükü şəhərsalma siyasətini qlobal gündəliyin ən vacib istiqamətlərindən birinə çevirir.

Belə bir dövrdə Azərbaycanın paytaxtının – Şərqlə Qərbin vəhdətini təcəssüm etdirən Bakı şəhərinin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) kimi mötəbər məclisə evsahibliyi etməsi respublikamızın beynəlxalq nüfuzunun, şəhərsalma siyasətində əldə etdiyi uğurların və qlobal təşəbbüslərə verdiyi cavabın növbəti göstəricisi oldu. WUF13-ün yekununda qəbul edilən “Bakı Fəaliyyətə Çağırış” mətni isə tarixə yalnız bir toplantının nəticə sənədi deyil, həm də gələcək şəhərlərin necə formalaşdırılmalı olduğuna dair qlobal baxışın manifesti kimi həkk olundu. Sənəddə insan mərkəzli şəhər inkişafı, sosial ədalət, dayanıqlı mənzil siyasəti, inklüziv idarəetmə, “yaşıl” transformasiya və şəhərlərin iqlim dəyişikliklərinə davamlılığının artırılması əsas prioritetlər olaraq önə çəkilir.

Qlobal məskunlaşmanın yolu hayanadır?

“Bakı Fəaliyyətə Çağırış” sənədinin əsas mahiyyəti ondan ibarətdir ki, şəhər təkcə iqtisadi aktivlik məkanı deyil, eyni zamanda, insan ləyaqətinin, sosial bərabərliyin və təhlükəsiz yaşayışın gerçəkləşdiyi geniş yaşayış sahəsidir. Sənəddə vurğulanır ki, mənzil problemi sosial məsələ olmaqla bərabər, həm də qlobal təhlükəsizlik və davamlı inkişaf amilidir. Dünyanın bir çox ölkəsində milyonlarla insanın təhlükəsiz və keyfiyyətli yaşayış imkanlarından məhrum olması isə urbanizasiya siyasətinə yeni yanaşmaları zəruri edir.

Bu baxımdan Bakı sənədi şəhərsalmaya klassik memarlıq və tikinti çərçivəsindən yox, sosial məsuliyyət və humanitar inkişaf prizmasından yanaşır. Burada “heç kəsin kənarda qalmaması” prinsipi xüsusi rol oynayır. Qadınların, gənclərin, yaşlıların, əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin və digər həssas qrupların şəhər həyatına tam inteqrasiyası sənədin əsas fəlsəfəsini təşkil edir. Əslində, bu yanaşma BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə tam uzlaşır. Xüsusilə Dayanıqlı İnkişaf Məqsədi – 11 (“Davamlı şəhərlər və icmalar”) konsepsiyası Bakı sənədində öz geniş əksini tapır. Bu isə Azərbaycanın qlobal inkişaf gündəliyinə inteqrasiya olunan siyasət yürütməsindən xəbər verir.

WUF13 çərçivəsində Azərbaycanın şəhərsalma sahəsində son illərdə həyata keçirdiyi layihələr bu gün beynəlxalq iştirakçılar tərəfindən böyük maraqla qarşılanır. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri müasir şəhərsalmanın yeni modeli kimi təqdim edilir. “Ağıllı” şəhər, “ağıllı” kənd, “yaşıl” enerji, rəqəmsal idarəetmə və ekoloji dayanıqlılıq prinsiplərinə əsaslanan bu layihələrlə Azərbaycan postmünaqişə dövründə dağıdılan əraziləri bərpa etməklə yanaşı, eyni zamanda, gələcəyin şəhər modelini formalaşdırır. Bu modelin əsas xüsusiyyəti isə insan amilinin prioritet seçilməsi, texnologiyanın sosial rifaha xidmət etməsi və ekoloji balansın qorunmasıdır.

Prezident İlham Əliyev forumun açılış mərasimindəki çıxışında Bakının WUF13-ə ev sahibliyinin respublikamızın beynəlxalq əməkdaşlığa və dayanıqlı inkişaf gündəliyinə sadiqliyinin göstəricisi olduğunu, bu baxımdan Azərbaycanın beynəlxalq urbanizasiya siyasətində artıq təşəbbüskar aktor kimi tanındığını vurğuladı. Dövlət başçısı daha sonra əvvəlki illərdə ölkəmizin daha çox enerji, nəqliyyat və geosiyasi layihələrlə qlobal gündəmdə yer aldığını, hazırda isə şəhərsalma və davamlı inkişaf məsələlərində mühüm platforma olaraq tanındığını bildirdi.

“Yaşıl” və “ağıllı” şəhərlərə doğru

Sözügedən sənədin diqqətçəkən istiqamətlərindən biri də iqlim dəyişikliklərinin şəhərlərə təsiri ilə bağlıdır. Dünyada temperatur artımı, su qıtlığı, hava çirklənməsi, daşqınlar və digər təbii hadisələr urbanizasiya siyasətinə ciddi təsir göstərir. “Bakı Fəaliyyətə Çağırış” şəhərlərin iqlim narahatlıqlarına qarşı daha davamlı olması üçün “yaşıl” infrastruktura, alternativ enerjiyə, ekoloji nəqliyyata və müasir tikinti standartlarına keçidin sürətləndirilməsinin zəruriliyini diqqətə çatdırır.

Bu baxımdan Azərbaycan son illər “yaşıl” inkişaf strategiyasını sürətlə genişləndirir, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası” elan olunması, şəhərlərdə ictimai nəqliyyatın modernləşdirilməsi, ekoloji layihələrin artırılması məsələlərinə ölkənin yeni urbanizasiya siyasətinin mühüm elementləri kimi dəyərləndirir.

“Bakı Fəaliyyətə Çağırış” sənədində iqlim dəyişikliyinin mənzil təhlükəsizliyinə, məhəllələr, şəhərlər və bölgələrdə onsuz da sosial-iqtisadi və ekoloji qeyri-sabitliklə üzləşən icmalara qeyri-mütənasib şəkildə təsir göstərdiyi vurğulanır, tez-tez təkrarlanan daşqınlar, quraqlıqlar, biomüxtəlifliyin itirilməsi, çirklənmə, kəskin istilər və getdikcə pisləşən havanın ictimai sağlamlığa, ekosistemlərə, dolanışıq vasitələrinə, yaşayış üçün rahatlığa, eləcə də ümumi həyat keyfiyyətinə dağıdıcı təsir göstərdiyi bildirilir. Məhz buna görə də WUF13 şəhərsalma forumu olmaqla bərabər, həm də iqlim diplomatiyasının mühüm platforması kimi yüksək dəyərləndirilir və gələcəyin şəhərlərinin bundan sonra yalnız hündür binalarla deyil, həm də ekoloji təhlükəsizlik və sosial harmoniya ilə ölçüləcəyini diqqətə çatdırılır.

“Bakı Fəaliyyətə Çağırış” sənədində ən çox vurğulanan məsələlərdən biri də əlçatan və təhlükəsiz mənzil təminatıdır. Dünyada milyonlarla insanın qeyri-formal yaşayış məntəqələrində yaşaması, kirayə qiymətlərinin getdikcə artması və urbanizasiya nəticəsində sosial təbəqələşmənin güclənməsi qlobal problem kimi təqdim olunur. Bununla bağlı sənəddə mənzil təkcə şəxsin yaşayış yeri kimi deyil, həm də fundamental insan hüququ olması kimi vurğulanır. Bu yanaşma sosial dövlət modelinin gücləndirilməsi və urbanizasiya siyasətinin insan rifahına xidmət etməsi baxımından mühüm önəm daşıyır.

Azərbaycan üçün də bu məsələ aktuallığı ilə diqqət çəkir. Son illərdə sosial mənzil layihələrinin genişləndirilməsi, yeni yaşayış massivlərinin yaradılması, regionlarda infrastrukturun yaxşılaşdırılması ölkənin urbanizasiya siyasətində balanslı inkişaf modelinə üstünlük verdiyini göstərir.

WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq diplomatik imkanlarını daha da genişləndirdi. Forumda 176 ölkədən 58 mindən çox iştirakçının təmsil olunması, dövlət və hökumət başçılarının, nazirlərin, beynəlxalq təşkilat rəhbərlərinin iştirakı Bakının qlobal dialoq platformasına çevrildiyini nümayiş etdirdi. Bu nəhəng toplantı Azərbaycanın yumşaq güc siyasəti baxımından da mühüm nəticələr doğurdu. Dünya ictimaiyyəti ölkəmizin müasir şəhər infrastrukturu, təşkilatçılıq bacarığı və beynəlxalq əməkdaşlıq imkanları ilə yaxından tanış oldu. Eyni zamanda, forum respublikamızın multikulturalizm, sosial həmrəylik və dayanıqlı inkişaf ideyalarını beynəlxalq auditoriyaya çatdırmaq üçün mühüm platforma rolunu oynadı.

“Bakı Fəaliyyətə Çağırış” sənədində yeni urbanizasiya erasının başlandığı qeyd edilir və gələcəyin şəhərlərinin iqtisadi artımla bərabər, həm də sosial ədalətin və insan təhlükəsizliyinin şərtləndirdiyi məkanlar olması bildirilir. Urbanizasiya prosesinə tikinti və infrastruktur baxımından yanaşmaq da artıq yetərli sayılmır. Çünki müasir şəhərlər insanın sosial həyat şəraitini daha da yaxşılaşdırmalı, ekoloji təhlükəsizliyi qorumalı və sosial inklüzivliyi gerçəkləşdirməlidir. Bakı forumu, bu mənada, qlobal urbanizasiya siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Azərbaycan isə bu prosesdə yalnız iştirakçı deyil, eyni zamanda, təşəbbüs irəli sürən və qlobal çağırışlara həll yolları göstərən ölkə kimi çıxış edir.

Məhz buna görə də adıçəkilən sənəd təkcə urbanistlərin deyil, həm də siyasətçilərin, iqtisadçıların, ekoloqların və beynəlxalq təşkilatların diqqətlə izləyəcəyi strateji yol xəritəsinə çevrilmək potensialına malikdir. “Bakı Fəaliyyətə Çağırış”ın əsas önəmi isə gələcəyin şəhərlərinin insan üçün qurulması və bunun yalnız kollektiv əməkdaşlıq əsasında mümkün olması mesajını bütün dünyaya çatdırmaqdır.

Azərbaycan memarlığı dünya ekranında

WUF13-ün paytaxtımızda keçirilməsi Azərbaycanın qlobal urbanizasiya liderliyini daha da möhkəmləndirdi, ölkənin investisiya potensialını bütün dünyaya nümayiş etdirdi və qlobal mənzil böhranının həlli üzrə tarixi “Bakı Fəaliyyətə Çağırış” sənədinin qəbul edilməsi ilə nəticələndi.

COP29-dan sonra WUF13 Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı və Bakını dünya şəhərsalma siyasətinin mərkəzinə çevirdi. Xarici investorların respublikamızın enerji, nəqliyyat, rəqəmsal texnologiyalar və “yaşıl” enerji sahələrinə olan marağını gücləndirdi, yerli şirkətlərin qlobal bazara inteqrasiyasına təkan böyük veridi.

Forum çərçivəsində BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) çərçivəsində qlobal mənzil probleminin və dayanıqlı yaşayış məskənlərinin həlli ilə bağlı mühüm qərarlar qəbul olundu. “Bakı şəhərinin Baş Planı – 2040”, “ağıllı” şəhər yanaşmaları və Azərbaycanın postmünaqişə ərazilərində tətbiq etdiyi unikal bərpa və urbanizasiya modelləri dünyaya nümayiş etdirildi. Eyni zamanda, Avropa İttifaqı və digər tərəfdaşlarla enerji, infrastruktur və “yaşıl” urbanizasiya sahəsində siyasi dialoq genişləndirildi.

Ekspertlərin sözlərinə görə, WUF13-ə beynəlxalq ictimaiyyətin marağı da son dərəcə böyük idi və bunu qeydiyyatdan keçmiş iştirakçıların sayının rekord həddə olması da bunu sübut edirdi. Bu, təkcə forumun beynəlxalq miqyası ilə bağlı deyildi, eyni zamanda, Azərbaycana qlobal platforma kimi yanaşıldığını və beynəlxalq ictimaiyyətin ölkəmizə olan yüksək etimadını göstərirdi. Başqa sözlə, bu qədər geniş coğrafiyanı əhatə edən iştirakçı tərkibi Bakının artıq dünyanın mühüm siyasi, iqtisadi və humanitar dialoq mərkəzlərindən birinə çevrildiyini bir daha təsdiqləyirdi.

WUF13, təxminən, ilyarım əvvəl Bakının ev sahibliyi etdiyi COP29-dan sonra respublikamızda keçirilən növbəti ən mühüm qlobal platformadır. Bu fakt bir daha göstərir ki, Azərbaycan artıq beynəlxalq diplomatiya, qlobal inkişaf gündəliyi və strateji müzakirələrin aparıldığı etibarlı məkan kimi dünyanın diqqət mərkəzindədir. Əgər COP29 daha çox iqlim dəyişiklikləri, “yaşıl enerji” və ekoloji təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından əhəmiyyət daşıyırdısa, WUF13 urbanizasiya, dayanıqlı şəhər inkişafı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müasir şəhərsalma modellərinin gələcəyinə dair qlobal baxışların formalaşdırıldığı mühüm beynəlxalq platforma kimi xüsusi önəm kəsb edir.

Prezident İlham Əliyev sessiyanın açılış mərasimində işğaldan azad edilən ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, orada insanların məşğulluğu məsələsinə xüsusi toxunaraq bildirdi ki, bu gün artıq həmin coğrafiyada 85 mindən çox azərbaycanlı yaşayır. Bu uzun illər həsrətində olduqları yurda qovuşan insanların taleyi, dövlətin öz vətəndaşına verdiyi sözə sədaqəti və Böyük Qayıdış Proqramının real nəticəsidir. Eyni zamanda, Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə viran qoyulan, yerlə-yeksan edilən, tarixi və dini abidələri vandalizmə məruz qalan torpaqlarımızda bu gün yeni həyatın başlanması deməkdir. Başqa sözlə, Azərbaycan dövləti tarixi ərazilərimizdə yalnız dağıdılmış infrastrukturu bərpa etmir, eyni zamanda, tamamilə yeni inkişaf və yaşayış modelini formalaşdırır.

Müasir şəhərsalma prinsipləri, “ağıllı” şəhər və “ağıllı” kənd konsepsiyaları, “yaşıl” enerji infrastrukturu, rəqəmsal idarəetmə sistemi və sosial rifah layihələrinin əsas məqsədi bu bölgələri gələcəyin ən modern yaşayış məkanlarından birinə çevirməkdədir. İnsanların məşğulluğunun təmin olunması da hökumətin qarşısında duran əsas vəzifələrdəndir. Çünki ləyaqətli qayıdış yalnız yaşayış evlərinin tikilməsi ilə məhdudlaşmır.

Hər bir keçmiş məcburi köçkün öz doğma yurdunda işləməli, istehsal sahələri yaratmalı, iqtisadi və sosial həyata tam şəkildə inteqrasiya olunmalıdır. Bu məqsədlə yaradılan sənaye zonaları, aqrar parklar, logistika mərkəzləri və yeni iqtisadi layihələr Qarabağ və Şərqi Zəngəzurun yaxın illərdə regionun mühüm iqtisadi məkanlarından birinə çevriləcəyindən xəbər verir.

Vaqif BAYRAMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью