Qlobal neft bazarında yüksəliş davam edir

05.09.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qiymət artımı Azərbaycan üçün həm fürsət, həm də ehtiyatlı olmaq xəbərdarlığıdır

Son günlər Azərbaycan neftinin qiymətində baş verən artımın arxasında daha mürəkkəb geosiyasi mənzərə dayanır. “Azeri light”in qiymətinin 105 dollara yaxınlaşması əsasən Yaxın Şərqdə təchizat risklərinin artması, ABŞ–İran qarşıdurmasının yenidən kəskinləşməsi və dünyanın ən mühüm neft tranzit arteriyalarından biri olan Hörmüz boğazındakı vəziyyətlə bağlıdır.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,02 dollar və ya 2,96 faiz artaraq 104,98 dollara yüksəlib. İtaliyanın Augusta limanında CIF şərti ilə qeydə alınan bu qiymət əvvəlki 101,96 dollarlıq göstəricidən əhəmiyyətli dərəcədə yüksəkdir. Türkiyənin Ceyhan limanında isə “Azeri Light” FOB bazasında 3 faiz bahalaşaraq 102,19 dollara çatıb. Eyni vaxtda Şimal dənizinin “Dated Brent” markası 3,25 faiz artaraq 101,69 dollara yüksəlib.

Bu rəqəmlərin Azərbaycan üçün maraqlı tərəfi qiymətin dövlət büdcəsində nəzərdə tutulan göstəricidən ciddi şəkildə yuxarı olmasıdır. 2026-cı ilin dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 dollar götürülüb. Hazırkı 104,98 dollarlıq qiymət büdcə hesablamasından, təxminən, 40 dollar, yaxud 61 faiz yüksəkdir.

Amma 105 dollar hələ “Azeri Light” üçün tarixi maksimumdan uzaqdır. Azərbaycan neftinin qiyməti 2020-ci il aprelin 21-də koronavirus pandemiyasının yaratdığı qlobal tələbat şoku fonunda 15,81 dollara qədər düşmüşdü. Ən yüksək göstərici isə 2008-ci ilin iyulunda – 149,66 dollar səviyyəsində qeydə alınıb. Başqa sözlə, bugünkü qiymət 2008-ci ilin rekordundan, təxminən, 30 faiz aşağıdır, lakin son illərin fonunda olduqca yüksək səviyyədir.

“Hörmüz kilidi” açılmasa...

Bu dəfə bazarın diqqəti istehsalçıların qərarlarından daha çox neftin hansı marşrutlarla dünya bazarına çıxarılmasına yönəlib. Hörmüz boğazı burada yenə həlledici məkandır.

Fevralın 28-də başlayan ABŞ–İran müharibəsindən sonra boğazdan keçən gəmi axını kəskin şəkildə azalıb. “Reuters”in məlumatına görə, sentyabrın 3-də Hörmüzdən cəmi 4 əmtəə gəmisi keçib. Bu rəqəm son 10 gündəki orta göstərici olan 15 gəmidən xeyli aşağıdır. Münaqişədən əvvəl isə boğazdan gündə, təxminən, 125 iri kommersiya gəmisi keçirdi. Məsələ ondadır ki, Hörmüz boğazı Fars körfəzində hasil olunan neftin dünya bazarlarına çıxışının əsas qapılarından biridir. Müharibədən əvvəl dünya üzrə gündəlik neft və mayeləşdirilmiş təbii qaz tədarükünün, təxminən, beşdə biri bu marşrutdan keçirdi.

Bu səbəbdən bazar üçün əsas sual “bu gün neçə tanker keçdi?” yox, “sabah neçə tanker keçə biləcək?” sualıdır. “Reuters”in məlumatına görə, ABŞ və İran arasında son günlər yenidən hərbi qarşıdurmanın şiddətlənməsi Hörmüz boğazındakı gəmi hərəkətini daha da zəiflədib. ABŞ administrasiyası regiondakı neft axınlarının normallaşdığını bildirsə də, tanker izləmə məlumatları bunun tam təsdiqini vermir. “Rystad Energy” isə mövcud vəziyyətin ən azı noyabr ayına qədər aşağı axınlarla davam edə biləcəyini proqnozlaşdırır.

Neft bazarı isə məhz bu qeyri-müəyyənliyi qiymətə əlavə edir. Təchizatın artıq tam dayanması tələb olunmur. Fiziki tədarükün gələcəkdə dayanacağı ehtimalının yüksəlməsi belə qiymətləri yuxarı çəkir.

İranın “iqtisadi təcrid”i davam etsə...

Digər mühüm amil ABŞ-ın İrana qarşı iqtisadi təzyiq kampaniyasını genişləndirməsidir. ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, Avropa İttifaqı (Aİ) Vaşinqtonun “Operation economic isolation” adlandırdığı İrana qarşı iqtisadi təcrid kampaniyasına rəsmi şəkildə qoşulub. Bessent Aİ-nin mövqeyini “qətiyyətli və vaxtında” addım kimi qiymətləndirib. Kampaniyanın məqsədi İranın beynəlxalq maliyyə sisteminə çıxışını məhdudlaşdırmaq, neft gəlirlərinin və digər maliyyə kanallarının qarşısını almaqdır.

Bu addımın neft bazarına təsiri bir qədər paradoksaldır. Bir tərəfdən İranın neft ixracının azalması qlobal bazarda təklifin sıxılmasına səbəb ola bilər. Digər tərəfdən isə İranın iqtisadi və enerji sektoruna təzyiqin artması Tehranı Hörmüz boğazındakı mövcud rıçaqlarından daha aqressiv istifadə etməyə sövq edə bilər.

Artıq bunun bazarda əks-sədası görünür. ABŞ-ın yeni sanksiya və blokada siyasəti İranın neft ixracına ciddi zərbə vurub. İran mənbələri ixracın əvvəlki 1,7 milyon barel/gündən təxminən 260 min barel/günə qədər düşdüyünü bildiriblər.

Beləliklə, bazar iki riskin üst-üstə düşməsini qiymətləndirir: İranın öz neftinin bazardan çıxması və İran ətrafındakı gərginliyin başqa istehsalçıların neftini dünya bazarlarına daşıyan marşrutları təhlükə altına salması.

Qiymət artımına ehtiyatla yanaşmasaq...

Azərbaycan üçün yüksək neft qiymətinin ilk və ən açıq təsiri ixrac gəlirlərinin artmasıdır. Hazırkı qiymət büdcədə nəzərdə tutulan 65 dollardan əhəmiyyətli dərəcədə yüksək olduğuna görə, digər şərtlər dəyişməz qaldıqda, yüksək qiymət ölkənin neft gəlirlərinə və fiskal imkanlarına müsbət təsir göstərə bilər.

Lakin burada başqa bir məqam da var. Azərbaycan neftini dünya bazarına çıxarmaq üçün əsasən Qafqaz və Aralıq dənizi istiqamətində yerləşən ixrac infrastrukturundan istifadə edir. Bu baxımdan Azərbaycan nefti Fars körfəzindən çıxan neft qədər birbaşa Hörmüz riskinin içində deyil. Başqa sözlə, Hörmüzdəki böhran Azərbaycan üçün həm risk, həm də fürsət yaradan hadisədir.

Fürsət ondan ibarətdir ki, qlobal bazarda təchizat riskləri artdıqca alternativ mənşəli neftə maraq və onun qiymətinə verilən risk əlavəsi yüksələ bilər.

Risk isə dünya iqtisadiyyatının bahalı enerjinin yaratdığı inflyasiya ilə üzləşməsidir. Neftin 100 dollar ətrafında qalması uzun müddət davam edərsə, bu, yanacaqdan daşımaya, istehsaldan ərzaq qiymətlərinə qədər geniş zəncir üzrə xərc təzyiqini artıra bilər. Hazırkı neft rallisinin qlobal inflyasiya və iqtisadi artım üçün riskləri olduqca çoxdur.

105 dollar son hədd deyilsə...

Daha mühüm sual bu qiymətin nə qədər davam edə biləcəyidir. Çünki 105 dollarlıq neftin arxasında klassik tələb artımı dayanmır. Əsas hərəkətverici qüvvə geosiyasi riskdir. ABŞ–İran qarşıdurması daha da genişlənərsə, Hörmüz boğazında gəmiçilik uzun müddət məhdud qalarsa və regionun enerji infrastrukturu yeni hücumlarla üzləşərsə, neft qiymətində yeni sıçrayışlar mümkündür.

Əksinə, atəşkəs və ya boğazın təhlükəsiz şəkildə açılması istiqamətində real diplomatik irəliləyiş baş verərsə, risk əlavəsi sürətlə geri çəkilə bilər. Və bu qorxunun mərkəzində Hörmüz boğazı dayanır. “Azeri Light”ı isə həmin geosiyasi dalğanın üzərində 105 dollarlıq həddə doğru irəliləyir.

Nurlan ABDALOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью