Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Qarşıdurmanın coğrafiyası
Hər kəs bilir ki, xaos heç bir ölkəyə fayda vermir. Onun coğrafiyasının genişlənməsi isə yekunda qlobal dünya nizamı üçün ciddi təhdidlər yaradır. Lakin bu aksiom məlum olduğu halda, regionlar və onların ardınca bütün dünya xaosa sürüklənməkdə davam edir. İndi geosiyasətin təhlili ilə məşğul olan mərkəzlər, müxtəlif qurumlar, analitiklər belə bir ümumi qənaəti ifadə edirlər: qarşıdurmanın coğrafiyası genişlənir!
Üstəlik, onun mümkün təsirləri ilə bağlı həyəcanverici proqnozlar irəli sürülür. Bu cür proqnozların əsası vardır.
Məsələnin kökü ABŞ/İsrail-İran qarşıdurmasına bağlıdır. Dalğa-dalğa bu qarşıdurma daha amansız xarakter alır və təsir dairəsinin coğrafiyası genişlənir. Qırmızı Dəniz, Bab Əl-Məndəb boğazı, Hörmüz boğazı bunun nümunələridirlər. Bu dəniz marşrutları strateji mahiyyətli hesab olunurlar. Onlar faktiki olaraq Hind okeanına gəmi çıxışının açar məkanlarıdır. Misir istiamətində isə Süveyş kanalını dünya dəniz ticarəti ilə əlaqələndirirlər.
Belə alınır ki, qarşıdurma tədricən Hindistan və Çin istiqamətlərində dünya dəniz ticarətinin “şah damarları”nı “kəsir”. Bu prosesin strateji təhdidlərini təsəvvür etmək çətin deyildir. Bunun üçün dünya dəniz ticarətinin digər strateji marşrutlarına baxmaq kifayətdir. Onlar faktiki olaraq Süveyş kanalı da daxil olmaqla Qırmızı Dəniz, Bab Əl-Məndəb və Hörmüz boğazlarının Asiyaya və Uzaq Şərqə tərəf “coğrafi uzantıları”dırlar. Bu, təbii ki, vəziyyətin qlobal xarakterini ifadə etmək üçün bir məcazdır.
Ancaq hələlik çox uzaqlara getməyən bu təhdid xarakterli proses Hind və Sakit okeanlarının akvatoriyasında çox geniş geosiyasi məkanda hərəkətliliyi iflic edə bilər. Bu kontekstdə məsələ Avstraliya, Çin, Uzaq Şərqin digər ölkələri konteksti ön plana çıxır. Bu istiqamətdə təsəvvürə davam etsək, stratejidə Çinin okean hövzələri istiqamətindən mühasirəyə alınması mənzərəsi meydana gəlir. Həmin bağlılıqda bir neçə fakta baxaq.
Сənubi Çin dənizində “nəzarət-buraxılış”
Onlar Malakka, Tayvan, Başi və Syunçjou boğazlarıdırlar. Malakka boğazı Cənubi Çin dənizini Hind okeanı ilə birləşdirir. Bu boğazdan dünya dəniz ticarətinin dörddəbiri keçir. Ayrıca, Şərqi Asiyaya neft daşımalarının böyük hissəsi onun vasitəsilə reallaşdırılır.
Tayvan boğazı Cənubi Çin dənizini Şərqi Çin dənizi ilə birləşdirir.
Başi boğazı (Luson) Filippinin Batan adası ilə Tayvan arasında olan dərin su keçididir. O, Sakit okeanın açıq hissəsi ilə həmin adalar arasında su mübadiləsi yolu kimi əhəmiyyətlidir.
Syunçjou boğazı (Haynan) Leyçjou yarımadasını Çinin Hanyana adasından ayırır və bununla dənizi Bakbo buxtası ilə birləşdirir.
İndi təsəvvür edək ki, ABŞ/İsrail-İran qarşıdurması tədricən Malakka, Tayvan, Başi və Syunçjou boğazlarının ticarət yolu üzərində ciddi risklər yaratmaqla maneələr törədir. Bununla aydın olur ki, ekspertlərin çoxdandır həyəcan təbili çaldığı dəniz ticarəti böhranı “qapı ağzındadır”.
Bunlara onu da əlavə edək ki, uzun müddətdir, Sakit okean hövzəsində ABŞ ilə Çin arasında hərbi qarşıdurma mövcuddur. Bu prosesə Amerika regionun bir sıra dövlətlərini (məsələn, Yaponiya, Vyetnam, Cənubi Koreya və digərləri) də bu və ya digər dərəcədə cəlb etmişdir. Xüsusi olaraq, Cənubi Çin dənizi ilə bağlı tərəflər arasında bir neçə dəfə təhlükəli hərbi qarşıdurma meydana gəlmişdir. Onları da nəzərə alsaq, geosiyasi aspektdə belə bir mənzərə alınır.
Geosiyasi münaqişə “yuvası”
Artıq faktiki olaraq Sakit okean hövzəsində və konkret olaraq Cənubi Çin dənizi arealında ABŞ ilə Çin arasında geosiyasi münaqişə “yuvası qurulmuşdur”. O, süründürməçi xarakter daşıyır və hələ elə də alovlandırılmır. Lakin istənilən an əlavə faktorları da daxil etməklə münaqişəni kəskinləşdirə bilərlər. Elə dairələr vardır ki, onun mexanizmlərini yaxşı bilirlər. Burada dünya ictimaiyyətini düşündürən məqam enerji də daxil olmaqla qlobal səviyyədə təhlükəsizliyin bütün növlərinin risk altına düşməsidir.
Qırmızı Dəniz, Bab Əl-Məndəb və Hörmüz boğazlarında yaranmış hazırkı vəziyyətə də məhz bu prizmada baxmaq lazımdır. Uzaq Şərqdə potensial münaqişə zonasını risklər və təhdidlər fonunda alovlandırmaları mütləq surətdə qlobal geosiyasi böhrana səbəb olacaqdır. Bu məqamda son zamanlar müşahidə edilən bir proses çox ciddi narahatlıq doğurur. Biz Xəzər hövzəsinin də tədricən münaqişəyə cəlb edilməsini nəzərdə tuturuq.
Xəzərlə bağlı geosiyasi məqamlar
Xəzər hövzəsi tarixən nəqliyyat və loqistika mərkəzlərindən biri olmuşdur. Aparılan tədqiqatlarda onun müxtəlif aspektləri təhlil edilmişdir. Bu hövzənin geosiyasi xarakteristikasının təhlili göstərir ki, qədimdən dünya miqyasında əhəmiyyətli rolu olan əlaqələr zonası olmuşdur. O cümlədən, Bakının neft sənayesinin sürətli inkişafı Xəzərin geosiyasi statusunu xeyli artırmışdır.
Azərbaycan müstəqillik əldə edəndən sonra ulu öndər Heydər Əliyevin məharətli diplomatik gedişləri Xəzər hövzəsinin nəqliyyat-logistika aspekti ilə yanaşı, neft və qaz istehsalı və istismarı sahələrində də dünya miqyasına yeni statusda çıxarmışdır. Məhz Ümummilli liderin əsasını qoyduğu yeni neft strategiyasını uğurla inkişaf etdirən Prezident İlham Əliyev Xəzər hövzəsinin qlobal miqyasda strateji enerji marşrutlarından biri kimi yer almasına nail olmuşdur.
Azərbaycanın təşəbbüsləri sayəsində hazırda Xəzər hövzəsi geniş geosiyasi məkanda nəqliyyat-logistika, enerji təhlükəsizliyi və milli təhlükəsizlik sferaları üzrə mühüm rol oynayan məkan kimi qəbul edilir. Bu sırada Orta Dəhliz konteksti xüsusi rol oynayır.
Deməli, Xəzər hövzəsi öz geosiyasi statusuna görə qlobal miqyasda xüsusi yeri və rolu olan coğrafiya olaraq diqqət mərkəzindədir. Ancaq Xəzərdə Ukraynanın İran gəmisini vurması ilə bu hövzə də riskə atılmış olur. Daha düşündürücüsü odur ki, bu faktla Xəzər hövzəsi Rusiya-Ukrayna müharibəsi fonunda İranın da daxil olduğu geosiyasi gərginlik zonasına çevrilə bilər.
Buradan belə nəticə çıxarmaq olur ki, Xəzər hövzəsi Uzaq Şərqə doğru yayılmaqda olan, Hind və Sakit okean hövzələri üzrə gərginlik fonunda Orta Dəhliz marşrutu boyunca Çin istiqamətində təhdid yarada biləcək məkana çevrilmək riski ilə üz-üzədir. Bu, əlbəttə ki, Xəzərətrafı region ölkələrinə sərf etmir. Üstəlik, xeyli sayda riskli vəziyyət yaradır. Lakin yuxarıda təxmin edilən ssenari inkişaf etsə, Xəzər hövzəsinin oynadığı müsbət geosiyasi rol xeyli zəifləyə bilər. Bundan başqa, region dövlətləri arasında getdikcə inkişaf edən müxtəlif xarakterli əlaqələrə ciddi zərər vurula bilər.
Bütün bunlar bir tərəfdən Xəzər hövzəsinin geosiyasi əhəmiyyətini daha da artırır, digər tərəfdən isə regional təhlükəsizliklə qlobal təhlükəsizliyin arxitekturasının uyğunlaşmasını əngəlləyə bilər. Çünki Xəzər hövzəsi yeni qlobal geosiyasi arxitekturanın əmələ gəlməsində vacib rol oynayır. Bu məkan Şərqlə Qərb və Şimalla Cənub arasında birləşdirici funkiya yerinə yetirir. Hər iki istiqamətdə mühüm əlaqə dəhlizi rolunu oynayır.
Bundan başqa, Xəzər hövzəsi Türk dünyası üçün böyük geosiyasi əhəmiyyət kəsb edir. TDT-nin taleyi birbaşa Xəzər hövzəsinin geosiyasəti ilə bağlıdır. Bu coğrafiyada meydana gələn hər hansı qeyri-müəyyənlik çox geniş geosiyasi məkanda neqativ əks-səda verir. Belə alınır ki, Xəzər hövzəsinin geosiyasi funksiyası çox həssas bir məqama çatmışdır.
Dönüş nöqtəsi
Xəzər regionunun Ukrayna-Rusiya və ABŞ/İsrail-İran münaqişələri arasında sıxışdırılması adi hadisə deyildir.
Birincisi, Çinin geosiyasi statusu üçün təhlükə yaranır. Pekin tədricən təcrübəsi olmadığı münaqişələr şəbəkəsinə sürüklənir. Əgər onu bu cür münaqişələrlə “mühasirəyə” alsalar, olduqca mürəkkəb vəziyyət yaranacaq. Nəzəri olaraq riskli bu cür gedişatın praktiki fəsadlarını təsəvvür etmək belə vahiməlidir.
İkincisi, müəyyən məqamlarda iki ciddi münaqişəni ortaq gərginlik zonası yaradaraq daha da kəskinləşdirirlər. Şübhə yoxdur ki, bununla münaqişəyə cəlb edilə biləcək ölkələrin sayını artırırlar. Faktiki olaraq, sistemli şəkildə daha geniş coğrafiyada gərginlik, dezinteqrasiya və ixtilaflar ocaqları yaradırlar. Kimlərə sərf edir? Bu suala cavab axtarışları əhəmiyyətlidir.
Üçüncüsü, əməkdaşlıq və təhlükəsizlik məkanına çevrilmiş Xəzər hövzəsində gərginlik yaratmaq növbəti dəfə tarixi xəyanətdir. Çox ciddi sınaqlardan keçmiş Xəzər hövzəsi artıq birliyə, əməkdaşlığa və təhlükəsizliyin təmininə xidmət etməyə başlamışdı. Bu prosesin kimlər tərəfindən və hansı bəhanələrlə olsun, sındırılması region ölkələrinə birbaşa nankorluqdur.
Dördüncüsü, Xəzərin risk məkanına çevrilməsi böyük geosiyasi mərkəzlərin dialoqu qarşısında ciddi əngəldir. Məsələ yalnız region ölkələri ilə məhdudlaşmır - bütövlükdə qlobal geosiyasi düzən üçün xələl verə bilən situasiya meydana gəlir. Çünki bununla həm Avropanın enerji təhlükəsizliyi üçün ciddi risklər meydana çıxır, həm də Cənubi Qafqazda formalaşmış yeni geosiyasi düzənə zərər ola bilər. Proseslərin bu yöndə inkişafı son nəticədə geniş bir geosiyasi məkanda neqativ tendensiyaların inkişafına təməl yarada bilər.
Belə alınır ki, faktiki olaraq geniş coğrafi məkanda yeni geosiyasi mərhələ başlayır. Həmin mərhələni mürəkkəblik və risklər xarakterizə edir. Dünyanın qlobal geosiyasi mərkəzləri arasında mübarizənin məntiqi və məqsədi də dəyişə bilər. Həmin anlamda Xəzər hövzəsi dönüş nöqtəsi ola bilər. Burada hazırda mövcud olan geosiyasi inkişaf məntiqi saxlansa, bütövlükdə çox geniş geosiyasi coğrafiyada pozitiv meyillər yeni səviyyəyə yüksələcək. Əks halda, Xəzər hövzəsi neqativ dönüş nöqtəsi ola bilər.
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru