Qlobal oyunda yeni tandem: Vaşinqton niyə Bakını seçdi

23.01.2026

Icma.az, Olke.az saytına istinadən bildirir.

“8 avqust 2025-ci ildən sonra Bakı ilə Vaşinqton arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu mərhələnin əsas xüsusiyyəti ikitərəfli əlaqələrin klassik tərəfdaşlıq formatından çıxaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi məqsədidir. Qlobal geosiyasi transformasiyaların sürətləndiyi bir dövrdə Azərbaycan–ABŞ münasibətlərində müşahidə olunan diplomatik canlanma təsadüfi deyil, yeni beynəlxalq reallıqların məntiqi nəticəsidir”.

 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Azay Quliev deyib.
 Onun sözlərinə görə, son aylarda tərəflər arasında intensiv diplomatik təmaslar və qarşılıqlı səfərlər həyata keçirilir. “Yanvarın 21-də Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun ikinci iclasının keçirilməsi bu prosesin institusional xarakter aldığını göstərir. Xarici işlər nazirinin müavini Elnur Məmmədov və ABŞ dövlət katibinin köməkçisinin müavini Sonata Koulterin rəhbərliyi ilə baş tutan iclasda əməkdaşlığın əsas istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müzakirələr enerji təhlükəsizliyi, ticarət və tranzit, regional bağlantılar, iqtisadi sərmayələr, müdafiə və təhlükəsizlik, terrorçuluqla mübarizə, eləcə də süni intellekt və rəqəmsal infrastruktur kimi gələcək üçün həlledici sahələri əhatə edib. Bu fakt göstərir ki, Bakı ilə Vaşinqton arasındakı dialoq yalnız siyasi deyil, eyni zamanda texnoloji və iqtisadi ölçülərə malik çoxşaxəli strateji platformaya çevrilir”, - o qeyd edib.

Deputat əlavə edib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Sammiti Azərbaycan–ABŞ münasibətlərində dönüş nöqtəsi kimi qiymətləndirilir: “Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə olunan razılaşmalarda Prezident Donald Trampın rolu xüsusi vurğulanır. Bu amil ABŞ-ın Cənubi Qafqazda balanslaşdırılmış və nəticəyönümlü siyasətə qayıtdığını göstərir.

Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan və ABŞ prezidentləri arasında baş tutan görüşdə də Trampın yenidən hakimiyyətə qayıdışından sonra ikitərəfli əlaqələrin müxtəlif sahələr üzrə inkişafından məmnunluq ifadə olunub. Bu görüş Bakı–Vaşinqton münasibətlərinin artıq situativ deyil, strateji planlaşdırma mərhələsinə keçdiyini təsdiqləyir.

Prezident İlham Əliyev regionda sülhün artıq real vəziyyət olduğunu və bunun konkret iqtisadi nəticələr verdiyini diqqətə çatdırıb. Azərbaycandan Ermənistana neft məhsullarının ixracı, taxılın ölkəmiz üzərindən Ermənistana çatdırılması sülhün abstrakt anlayış deyil, praktik mexanizm olduğunu nümayiş etdirir.

Bu kontekstdə Zəngəzur dəhlizi və TRIPP layihəsi xüsusi əhəmiyyət daşıyır. Bu layihələr təkcə Cənubi Qafqaz üçün deyil, Mərkəzi Asiya–Avropa xətti üzrə ABŞ-ın da maraqlarına cavab verən regional bağlantı arxitekturasının əsas sütunlarıdır. Vaşinqtonun bu proseslərə müsbət yanaşması Azərbaycanı Avrasiyada etibarlı və sabit tərəfdaş kimi qəbul etdiyini göstərir.

Sülh Şurası və Azərbaycanın qlobal rolu
ABŞ Prezidentinin sədrliyi ilə yaradılan Sülh Şurası qlobal münaqişələrin həllində yeni mexanizm kimi formalaşır. Azərbaycanın bu quruma təsisçi üzv qismində dəvət olunması ölkəmizin beynəlxalq sülh təşəbbüslərində artan rolunun açıq göstəricisidir. Prezident İlham Əliyevin Davosda “Sülh Şurasının Nizamnaməsi”nin imzalanma mərasimində iştirakı Bakı-Vaşinqton strateji yaxınlaşmasının simvolik və siyasi təsdiqidir”.

Deputat onu da əlavə edib ki, ABŞ-Azərbaycan münasibətləri təkcə ikitərəfli formatla məhdudlaşmır: “Bu əlaqələr Cənubi Qafqazda dayanıqlı sülhün möhkəmlənməsi, Mərkəzi Asiyada yeni əməkdaşlıq formatlarının formalaşması, Yaxın Şərqdə sabitliyin təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın Mərkəzi Asiya ölkələrinin Məşvərət Şurasının tamhüquqlu üzvü olması, Avropanın enerji təhlükəsizliyində oynadığı strateji rol Vaşinqton üçün Bakını əvəzolunmaz tərəfdaşa çevirir.

Yeni mərhələyə daxil olan Bakı-Vaşinqton münasibətləri Avrasiya miqyasında rifah, sabitlik və təhlükəsizliyə xidmət edən strateji xətt formalaşdırır. Azərbaycan bu münasibətlərdə passiv tərəf deyil, təşəbbüskar və gündəm yaradan aktor kimi çıxış edir. ABŞ üçün isə Bakı etibarlı tərəfdaş, regional sabitliyin dayağı və yeni beynəlxalq nizamın qurulmasında mühüm oyunçudur”.

 Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью