Icma.az bildirir, Gununsesi portalına istinadən.
20 yanvar 2026-cı ildə Davos Dünya İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə müasir beynəlxalq münasibətlər sistemində baş verən fundamental dəyişikliklər fonunda Azərbaycanın mövqeyini, artan siyasi çəkisini və liderlik rolunu bir daha nümayiş etdirdi. Dövlət başçısının səsləndirdiyi fikirlər təkcə regional proseslərə deyil, qlobal geosiyasi və geoiqtisadi reallıqlara dair dərin və prinsipial baxışın ifadəsi oldu.
Bu müsahibə Azərbaycanın artıq yalnız regional deyil, qlobal miqyasda etibarlı tərəfdaş və söz sahibi olan dövlətə çevrildiyini göstərdi.
Prezident İlham Əliyevin Davos kimi nüfuzlu beynəlxalq platformada səsləndirdiyi mövqelər dünyanın aparıcı siyasi və iqtisadi dairələri tərəfindən diqqətlə izlənilir və qəbul olunur. Azərbaycanın prinsipial, müstəqil və ardıcıl siyasəti onu etibarsız aktorların fonunda fərqləndirir. Bu gün Bakı təkcə enerji və nəqliyyat layihələrinin mərkəzi deyil, eyni zamanda siyasi dialoq və sülh təşəbbüslərinin etibarlı ünvanı kimi çıxış edir. Prezident İlham Əliyevin liderliyi altında formalaşan bu siyasi xətt ölkəmizin beynəlxalq nüfuzunu davamlı şəkildə gücləndirir. Məhz buna görə Azərbaycanla əməkdaşlıq bir çox dövlətlər üçün strateji seçimə çevrilib.
Prezident İlham Əliyevin “beynəlxalq hüquq normaları artıq bütün dünya üçün mütləq görünmür” fikri müasir beynəlxalq münasibətlərin əsas problemini dəqiq ifadə edir. Son illər dünyada baş verən münaqişələr, selektiv yanaşmalar və ikili standartlar beynəlxalq hüququn real təsir imkanlarının zəiflədiyini açıq şəkildə ortaya qoyur.
Məhz bu mürəkkəb şəraitdə Azərbaycan öz strategiyasını milli maraqlara əsaslanaraq formalaşdırıb və eyni zamanda beynəlxalq hüquqa sadiqliyini qoruyub. Dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpası hüquqi əsaslara söykənməklə həyata keçirilib və bu, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.
Bu gün güc amilinin ön plana çıxdığı bir dünyada Azərbaycan öz gücünü hüquqla uzlaşdırmağı bacaran nadir ölkələrdən biri kimi çıxış edir.
Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsini xüsusi vurğulamaq yerinə düşər.
Ölkə başçısının “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın sülh siyasətinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin göstəricisidir. Otuz ildən artıq davam edən münaqişədən sonra regionda sülhə real zəmin yaradan məhz Azərbaycanın siyasi iradəsi və ölkə rəhbərinin qətiyyətli addımları olub.
Bu gün Cənubi Qafqaz yeni inkişaf mərhələsinə qədəm qoyur. Azərbaycan və Ermənistan arasında münasibətlərin tədricən əməkdaşlıq müstəvisinə keçməsi, kommunikasiyaların açılması, yük daşımaları və enerji sahəsində atılan addımlar regionda sabitliyin möhkəmlənməsinə xidmət edir. Ermənistanın enerji təminatında Azərbaycanın rolunun artması isə reallıqların dəyişdiyini açıq şəkildə göstərir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, məqsəd yalnız müvəqqəti sülh deyil, dayanıqlı və əbədi sabitliyin təmin olunmasıdır.
Daxili sabitlik və regional təhlükəsizlik
Dövlət başçısının “ölkə daxilində potensial risklər mövcud deyil” fikri Azərbaycanın daxili siyasi və ictimai sabitliyinin möhkəm əsaslar üzərində qurulduğunu təsdiqləyir. Güclü dövlət institutları, ictimai həmrəylik və effektiv idarəetmə modeli ölkəni xarici təsirlərdən qoruyan əsas amillərdir.
Eyni zamanda Azərbaycan regionda sabitliyin tərəfdarı kimi çıxış edir. Qonşu bölgələrdə baş verən qeyri-sabit proseslər fonunda Bakı sülhü, proqnozlaşdırılan inkişafı və təhlükəsizliyi əsas prioritet kimi müəyyənləşdirib. Müharibənin ağır nəticələrini yaşamış bir ölkə olaraq Azərbaycan sülhün real dəyərini anlayır və onu qorumağa çalışır.
Azərbaycanın strateji üstünlüyü də müzakirə mövzularından biri oldu
Prezident İlham Əliyevin enerji məsələləri ilə bağlı fikirləri Azərbaycanın Cənubi Qafqazda və Avropada tutduğu unikal mövqeyi bir daha ortaya qoydu. Azərbaycan bu gün regionda neft və qaz ixrac edən yeganə ölkə olmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyində əsas rol oynayan strateji tərəfdaşdır.
Hazırda 16 ölkəyə təbii qaz ixrac edən Azərbaycan boru kəməri qazının coğrafi əhatəsinə görə dünyada lider mövqedədir. Müasir nəqliyyat infrastrukturu, etibarlı enerji marşrutları və sabit tərəfdaşlıq modeli Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirir.
Bu əməkdaşlıq Avropa üçün enerji təhlükəsizliyi, Azərbaycan üçün isə yüksək gəlirli bazarlara çıxış deməkdir ki, bu da qarşılıqlı faydaya əsaslanan siyasətin bariz nümunəsidir.
Ölkə rəhbərinin Avropa Parlamentinə münasibəti, prinsipial mövqe sərgiləməsi bir çox suallara aydınlıq gətirdi.
Prezident İlham Əliyevin Avropa Parlamentinin tənqidlərinə artıq reaksiya verilməməsi ilə bağlı mövqeyi Azərbaycanın müstəqil xarici siyasət kursunun açıq ifadəsidir. Qərəzli yanaşmalar, ikili standartlar və sifarişli qərarlar fonunda rəsmi Bakının bu strukturlarla əməkdaşlığı dayandırması tam məntiqli addımdır.
Eyni zamanda ölkə rəhbəri qeyd etdi ki, Azərbaycan Avropa Komissiyası ilə konstruktiv əməkdaşlığı davam etdirir və real tərəfdaşlıq modelini üstün tutur. Ermənistanın belə Azərbaycanla münasibətləri müsbət qiymətləndirdiyi bir dövrdə Avropa Parlamentinin ittihamçı ritorikası onun beynəlxalq nüfuzuna xələl gətirir.
Prezident İlham Əliyevin Davosda verdiyi müsahibə bir daha sübut etdi ki, Azərbaycan dəyişən dünya nizamında öz yolunu dəqiq bilən, güclü liderliyə və strateji baxışa malik dövlətdir. Sülh təşəbbüsləri, enerji təhlükəsizliyində aparıcı rol, daxili sabitlik və müstəqil xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirir.
Əminliklə qeyd etmək olar ki, bu müsahibə Azərbaycanın artıq regional çərçivələri aşaraq qlobal proseslərdə söz sahibi olan dövlətə çevrildiyini nümayiş etdirdi.
Məşhur Məmmədov
Milli Məclisin deputatı