Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Son illərdə dünyada baş verən qanlı toqquşmalar, yeni müharibə ocaqlarının yaranması onu göstərir ki, qlobal sistem ya tamamilə yeni bir nizam, ya da “nizamsızlıq” mərhələsinə daxil olur". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.
O bildirib ki, beynəlxalq hüququn real təsir mexanizmləri zəifləyib, bir çox hallarda hüququn işləməməsi açıq şəkildə görünür: "Bu şəraitdə “kim güclüdürsə, o haqlıdır” prinsipi daha qabarıq şəkildə üzə çıxır və faktiki reallığa çevrilir.
Bu müharibələr və münaqişələr o qədər dərinləşib ki, onların bir neçə ayda, hətta bir il ərzində tam həll olunması və dünyada ümumi sülhün bərqərar olması real görünmür. Ancaq buna baxmayaraq, son təxminən bir il ərzində ABŞ administrasiyasının qlobal səviyyədə sülh və təhlükəsizliyin bərpası istiqamətində fəallaşdığını müşahidə edirik.
Xüsusilə Cənubi Qafqaz kontekstində Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhün əldə olunması, Ermənistanın sülhə gətirilməsi və uzunmüddətli sabitliyin təmin edilməsi istiqamətində ABŞ-ın marağının və dəstəyinin artması diqqət çəkir. Bununla yanaşı, ABŞ rəhbərliyinin Rusiya–Ukrayna müharibəsinin dayandırılması, Yaxın Şərqdə gərginliyin azaldılması və İsrail–Fələstin qarşıdurmasının sülhə doğru yönləndirilməsi kimi mövzularda da aktiv təşəbbüslərlə çıxış etməsi qlobal gündəmdə hiss olunur.
Bu kontekstdə daha bir məqam diqqət çəkir: mediada yayılan məlumatlara görə, ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidentinə ünvanladığı məktubda Qəzza ilə bağlı sülh prosesinə və daha geniş sülh təşəbbüslərinə Azərbaycanın da qoşulmasını istədiyini ifadə edib.
Azərbaycanın ümumilikdə sülhə dəstək verən siyasəti, regional sabitliyin qurulmasına yönələn təşəbbüsləri və beynəlxalq təhlükəsizliyə töhfə vermək xətti bu cür çağırışların arxa fonunu izah edir. Bütün bunları bir araya gətirdikdə belə nəticəyə gəlmək olar ki, sülhün “tezliklə” deyil, lakin müəyyən müddətdən sonra əldə olunması mümkündür və real perspektiv kimi qalır.
Xüsusilə bu proseslərə töhfə verən ölkələrin – ABŞ, Türkiyə və Azərbaycanın – fəallaşması onu göstərir ki, münaqişə zonalarında müharibələrin dayandırılması və sülhə keçid gündəmi daha ciddi müzakirə mərhələsinə daxil olur. Bu səbəbdən 2026-cı ildə də sülh və təhlükəsizlik istiqamətində daha konkret və daha iddialı addımların atılacağı ehtimalı yüksəkdir".