Qlobal təhlükəsizliyə regional töhfə

19.06.2026

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın son illərdə həyata keçirdiyi siyasət nəticəsində Cənubi Qafqaz təhlükəsizlik baxımından daha proqnozlaşdırılan və müstəqil aktor kimi çıxış edən məkana çevrilməkdədir. Azərbaycanın Türkiyə ilə strateji müttəfiqlik münasibətləri və Şuşa Bəyannaməsi regional təhlükəsizliyin möhkəmləndirilməsində mühüm rol oynayır. Bu sənəd yalnız iki ölkə arasında əməkdaşlığı dərinləşdirmir, eyni zamanda regionda sabitliyin qorunmasına xidmət edən mühüm mexanizm yaradır. Bununla yanaşı, Azərbaycan Avropa ölkələri ilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirərək çoxşaxəli tərəfdaşlıq modeli formalaşdırır. Bakının təhlükəsizlik konsepsiyasının əsas xüsusiyyəti hərbi gücün sülhün təmin edilməsinə xidmət etməsidir. Azərbaycan güclü müdafiə potensialını regional sabitliyin qorunması və yeni risklərin qarşısının alınması üçün istifadə edir. Bu yanaşma həm qonşu dövlətlər, həm də beynəlxalq tərəfdaşlar tərəfindən müsbət qarşılanır. Bakının sülh təşəbbüsləri, hərbi təhdidlərin aradan qaldırılması səyləri Cənubi Qafqazda olduqca vacib bir müstəvi yaradır. Azərbaycanla İtaliya, Rumıniya və digər Avropa ölkələri arasında hərbi əməkdaşlığın genişləndirilməsinə dair sənədlər imzalanıb. Bu əməkdaşlıq həm Azərbaycana, həm də Cənubi Qafqaza çox şey qazandırır.
Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, Azərbaycan hər zaman mehriban qonşuluq münasibətlərinin tərəfdarı olub. Dövlət başçısının son fikirlərinə görə, yaranmış yeni reallıqlar ölkələr arasında əməkdaşlıq üçün geniş şərait yaradır və bu imkanlardan düzgün istifadə olunması xalqların rifahına xidmət edir. Bu gün bölgə həm siyasi, həm də iqtisadi baxımdan böyük potensiala malikdir. Nəqliyyat yollarının inkişafı, ticarət əlaqələrinin genişlənməsi və ortaq layihələr ölkələri bir-birinə daha da yaxınlaşdırır. Bu isə ümumi inkişaf üçün vacib amildir. Azərbaycanın həyata keçirdiyi enerji və nəqliyyat layihələri də regionda əlaqələrin güclənməsinə töhfə verir. Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmiz beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınır. Şuşada keçirilən beynəlxalq konfrans göstərdi ki, dialoq və qarşılıqlı anlaşma gələcək əməkdaşlığın əsas yoludur. Belə görüşlər yeni ideyaların yaranmasına və münasibətlərin inkişafına şərait yaradır. Beləliklə, Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi həm region, həm də dünya üçün vacibdir. Azərbaycanın bu istiqamətdə atdığı addımlar daha təhlükəsiz və inkişaf etmiş gələcəyə xidmət edir.
Müasir dövrdə təhlükəsizlik yalnız sərhədlərin qorunması demək deyil. Enerji infrastrukturlarının təhlükəsizliyi, nəqliyyat marşrutlarının müdafiəsi, kibertəhlükəsizlik və strateji kommunikasiyaların qorunması da ümumi təhlükəsizlik sisteminin tərkib hissəsinə çevrilib. Azərbaycan bütün bu istiqamətlər üzrə uğurlu fəaliyyət göstərərək regionun təhlükəsizlik xəritəsində mühüm mövqe tutur.

Sunay Heydərova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью