Qlobal xaos fonunda yeganə sülh modeli: Vaşinqton modelinin sirri

08.08.2026

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Belə bir mürəkkəb mənzərənin fonunda Cənubi Qafqazda tamamilə fərqli proses gedir”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

Onun sözlərinə görə, Azərbaycan 30 ilə yaxın davam edən işğal və münaqişəyə son qoyaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. “Ardınca isə hərbi qələbəni siyasi-diplomatik nəticəyə çevirmək üçün prinsipial sülh strategiyası ortaya qoydu. Bu strategiyanın ən mühüm nəticələrindən biri 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişini paraflaması və Birgə Bəyannamənin imzalanması oldu”, - o vurğulayıb.

F. İbrahimli bildirib ki, bu tarix təkcə Azərbaycan-Ermənistan münasibətlərinin deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyinin dəyişdiyi gün kimi tarixə düşdü:

“Diplomatiyada sənəd imzalamaq asandır. Əsas məsələ həmin sənədin real siyasi prosesə, təhlükəsizlik mexanizminə və iqtisadi əməkdaşlığa çevrilməsidir. Vaşinqton Bəyannaməsinin əhəmiyyəti də məhz buradadır. Ötən bir il ərzində ortaya çıxan mənzərə göstərir ki, Vaşinqton prosesi sadəcə növbəti diplomatik bəyanat deyil. Bu sənəd Cənubi Qafqazda yeni siyasi və geoiqtisadi reallığın formalaşmasına təkan verən mexanizmə çevrilib.

Sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması istiqamətində proseslər, iqtisadi əlaqələrin genişləndirilməsi və Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün atılan addımlar göstərir ki, söhbət artıq yalnız niyyətlərdən getmir.
Ötən bir il də göstərdi ki, Vaşinqtonda əldə edilən razılaşma kağız üzərində qalmadı, ortada nəticələr var. Yekun sülhün əldə olunması istiqamətində real proseslər gedir”.
Deputat əlavə edib ki, dünya müharibələr, böhranlar içində, Qafqaz isə sülh axtarışındadır və bu istiqamətdə ciddi uğrular əldə edilməkdədir:

“Bu mənzərəni dünyanın digər bölgələrindəki vəziyyətlə müqayisə etdikdə Vaşinqton modelinin əhəmiyyəti daha aydın görünür. Qəzzada müharibə və humanitar böhran davam edir. ABŞ-İran münasibətlərində qarşıdurma və təhlükəli eskalasiya riski qalmaqdadır. Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün müxtəlif diplomatik təşəbbüslər irəli sürülsə də, davamlı siyasi nəticəyə nail olmaq hələ də son dərəcə mürəkkəb olaraq qalır. Yəni dünyanın bir çox bölgəsində diplomatiya müharibəni dayandırmaq üçün yetərli güc nümayiş etdirə bilmir. Cənubi Qafqazda isə əks proses müşahidə olunur. Cənubi Qafqazda müharibədən sülhə, qarşıdurmadan əməkdaşlığa, bağlı kommunikasiyalardan açıq nəqliyyat xətlərinə keçid üçün real siyasi iradə formalaşıb”.

Deputat qeyd edib ki, Cənubi Qafqazda sülühn əldə olunması məhz Prezident İlham Əliyevin uzaqgörən, çevik, qətiyyətli diplomatiyası nəticəsində mümkün olub: “Azərbaycanın ortaya qoyduğu modelin ən mühüm xüsusiyyəti budur: Azərbaycan hərbi qələbəni siyasi revanş alətinə çevirmədi.

Əksinə, ərazi bütövlüyünün və suverenliyin bərpasından sonra yeni regional düzənin əsasını sülh, təhlükəsizlik, kommunikasiyaların açılması və iqtisadi əməkdaşlıq üzərində qurmağa başladı. Bu, sıradan diplomatik yanaşma deyil. Bu, postmünaqişə reallığının yeni geosiyasi fəlsəfəsidir. Çünki davamlı sülh yalnız sərhəddə silahların susması demək deyil. Davamlı sülh o zaman mümkündür ki, tərəflərin iqtisadi maraqları, təhlükəsizlik ehtiyacları və regional əməkdaşlıq imkanları bir-birinə bağlansın. Vaşinqton Bəyannaməsinin gücü də məhz bu çoxqatlı yanaşmadan qaynaqlanır.

Bu baxımdan 8 avqust 2025-ci il yalnız bir sənədin imzalandığı tarix deyil. Bu tarix münaqişədən əməkdaşlığa keçidin siyasi simvolu və yeni dövrün başlanğıcıdır. Vaşinqton Bəyannaməsinin əsas üstünlüyü də məhz budur. Dünyanın müxtəlif bölgələrində diplomatik masalar müharibələri dayandırmaq üçün nəticə axtardığı bir vaxtda Cənubi Qafqazda sülh prosesi konkret siyasi və geoiqtisadi mexanizmlərlə irəliləyir.

Bu mənada Vaşinqton modeli artıq təkcə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması sənədi deyil. Bu, qlobal xaos fonunda işləyə bilən yeni sülh fəlsəfəsinin Cənubi Qafqaz nümunəsidir. Və bu nümunənin əsas mesajı sadədir: Müharibədən çıxmağın yolu yalnız silahları susdurmaq deyil. Əsas məsələ sülhü elə qurmaqdır ki, heç kimin yenidən müharibəyə qayıtmağa marağı qalmasın”.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью