Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qobustan rayonu ərazisində 100 meqavat gücündə günəş fotoelektrik stansiyasının tikintisi yekun mərhələdədir. Bu barədə energetika naziri Pərviz Şahbazov və onu müşayiət edən nümayəndə heyətinin stansiyaya səfərinin yekunlarına əsasən məlum olub.
Nazir Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və Enerji Məsələlərini Tənzimləmə Agentliyi İdarə Heyətinin sədri Samir Axundovla birlikdə “Qobustan” Günəş Elektrik Stansiyasınn ərazisində tikinti işlərinin gedişi ilə tanış olub. Səfər çərçivəsində layihənin icrasının yekun mərhələsinə - 110/35 kilovoltluq yarımstansiyaya, eləcə də yaxın vaxtlarda keçirilməsi nəzərdə tutulan təntənəli açılış mərasiminə hazırlıq tədbirlərinə diqqət yetirilib.
Nazir P.Şahbazov tikinti işləri zamanı əhəmiyyətli irəliləyişin əldə edildiyini vurğulayıb. Onun sözlərinə görə, layihənin uğurla həyata keçirilməsi ölkənin enerji balansının optimallaşdırılmasına mühüm töhfə verəcək. Azərbaycan tərəfinin bundan sonra da layihəyə dəstək vermək niyyətində olduğunu vurğulayan energetika naziri “Universal Energy” şirkətinin əlavə investisiya təşəbbüslərində və bərpaolunan enerji mənbələri sahəsində perspektivli birgə layihələrdə iştirakını yüksək qiymətləndirib.
Layihənin baş podratçısı və investoru olan Çinin “Universal Energy” şirkətinin məlumatına əsasən, hazırda obyekt elektrik enerjisinin ötürülməsi üçün tam hazır vəziyyətə gətirilib, bütün tikinti işləri müəyyən edilmiş qrafikə uyğun olaraq həyata keçirilir. Məlumata görə, elektrik stansiyası yaxın 2 ay ərzində istismara veriləcək. Stansiya hər il, təqribən, 260 milyon kilovat-saat elektrik enerjisinin istehsalını təmin edəcək.
XQ