Icma.az, Sia Az portalına istinadən məlumat verir.
Sentyabrın 13-də Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində antiterror əməliyyatları zamanı şəhid olmuş Ərzulla Mübariz oğlu Həsənlinin ildönümü Ilə əlaqədar xatirəsi anılıb. Qaradağ rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emin Abbasov, YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Milli Məclisin deputatı Aydın Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin rəisi Bəxtiyar Hümbətov, Qərbi Azərbaycan İcması Qaradağ rayon təşkilatı sədrinin müavini İbad Mehdiyev, rayon ictimaiyyətinin nümayəndələri ailəsi ilə birlikdə şəhidin məzarını ziyarət edərək, məzarı üzərinə gül dəstələri qoymuşlar.
Qaradağ rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov və Qərbi Azərbaycan İcması Qaradağ rayon təşkilatı sədrinin müavini İbad Mehdiyev mərasimdə çıxış edərək şəhidin ailəsinə baş sağlığı vermiş və vətən üçün canından keçən övladlarımızın heç zaman unudulmayacağını bildirmişlər. Ölkə rəhbərliyinin şəhid ailələrinə daimi diqqət və qayğı göstərdiyi və bunun davamlı olacağı ziyarət iştirakçılarının diqqətinə çatdırmışlar.
Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, Ərzulla Mübariz oğlu Həsənli 2004-cü il yanvar ayının 4-də Qaradağ rayonu Qobustan qəsəbəsində anadan olmuşdur. Ərzulla Həsənli orta təhsilini Bakı şəhəri, 321 saylı tam orta məktəbdə almışdır.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ərzulla Həsənli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Vətən yolunda canından keçən şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaq və onların qanlarıyla azad etdikləri torpaqlarımızı göz bəbəyi kimi qoruyacağıq.