Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Son illərdə beynəlxalq münasibətlər sistemində müşahidə olunan geosiyasi gərginliklər, iqtisadi rəqabətin sərtləşməsi və qlobal güc mərkəzləri arasındakı mübarizə dövlətlərin xarici siyasət prioritetlərini yenidən formalaşdırır. Bir vaxtlar qarşılıqlı asılılığın sabitlik yaradacağına inanan ölkələr indi iqtisadi əlaqələrin, eyni zamanda, siyasi təsir və təzyiq vasitəsinə çevrilə biləcəyini nəzərə almağa başlayıblar. Proses Avropa İttifaqının Çinlə münasibətlərində də özünü büruzə verir.
Uzun illər Pekinlə əməkdaşlığı iqtisadi maraqlar prizmasından dəyərləndirən Avropanın aparıcı dövlətləri artıq fərqli reallıqla üz-üzədir. Almaniya və Fransanın Avropa Komissiyasına Çinin bazar siyasətlərinə qarşı daha sürətli cavab verməyə imkan verəcək yeni mexanizm təklif etməsi ilk növbədə Brüsselin Pekinə münasibətində dəyişən siyasi düşüncənin göstəricisidir. Sözügedən təşəbbüs ticarət qaydalarının sərtləşdirilməsindən əlavə, Avropanın qlobal güc rəqabətində öz yerini yenidən müəyyənləşdirmək cəhdi kimi də xarakterizə olunur.
“Soyuq müharibə”dən sonra formalaşan dünya nizamında Avropa iqtisadi inteqrasiyanı siyasi sabitliyin təminatçısı hesab edirdi. Brüsseldə geniş yayılmış fikir ondan ibarət idi ki, qlobal ticarət şəbəkələrinə qoşulan dövlətlər zamanla beynəlxalq qaydalara daha çox uyğunlaşacaq və qarşıdurma ehtimalı azalacaq. Çin bu strategiyanın ən böyük sınağı idi. Avropa şirkətləri Pekinlə əməkdaşlıqdan milyardlarla avro qazanır, Çin isə Avropa texnologiyası və investisiyalarından istifadə edərək iqtisadi yüksəlişini sürətləndirirdi. Lakin son illər bu yanaşmanın siyasi məhdudiyyətləri daha aydın görünməyə başladı. Pekinin texnologiya yarışında əldə etdiyi üstünlüklər, strateji xammal bazarlarında artan təsiri, dövlət dəstəyi ilə böyüyən sənaye nəhəngləri və beynəlxalq təşkilatlarda genişlənən nüfuzu Avropada yeni narahatlıqlar yaradıb. Maraqlıdır ki, bir neçə il əvvəl təkcə təhlükəsizlik ekspertlərinin müzakirə etdiyi məsələlər indi hökumətlərin iqtisadi gündəliyinə daxil olub. Almaniya və Fransanın son təşəbbüsü də həmin dəyişimdən qaynaqlanır.
Rəsmi Berlinin mövqeyində baş verən dönüş xüsusi diqqət çəkir. Halbuki Almaniya uzun müddət Avropada Çinlə ən sıx iqtisadi əlaqələri müdafiə edən ölkə idi. Alman avtomobil sənayesinin Çin bazarından asılılığı, sənaye şirkətlərinin Pekindəki investisiyaları və ixrac imkanları Berlini ehtiyatlı siyasət yürütməyə vadar edirdi. Ona görə də bu gün Almaniyanın Fransa ilə birlikdə daha sərt tədbirləri müdafiə etməsi strateji baxışın dəyişdiyini göstərən siyasi siqnal kimi yozulur. Mövcud dəyişiklikdə Ukrayna müharibəsinin təsiri də az deyil. Rusiya qazından asılılığın yaratdığı problemlər Avropa liderlərinə iqtisadi asılılığın geosiyasi riskə çevrilə biləcəyini göstərdi. Brüsseldə formalaşan yeni yanaşmaya görə, strateji məhsullar və kritik texnologiyalar sahəsində həddindən artıq xarici asılılıq gələcəkdə siyasi təzyiq alətinə çevrilə bilər. Çinlə bağlı müzakirələr də məhz eyni məntiq üzərində qurulub.
Maraqlıdır ki, Berlin və Parisin təşəbbüsü ABŞ-ın son illərdə həyata keçirdiyi siyasətlə də müəyyən paralellərə malikdir. Vaşinqton uzun müddətdir Pekinə qarşı iqtisadi məhdudiyyətlər tətbiq edir və texnoloji sahədə Çinin imkanlarını məhdudlaşdırmağa çalışır. Avropa isə uzun müddət ABŞ-dan fərqli olaraq daha balanslı mövqe tutmağa cəhd edirdi. İndi isə qitənin aparıcı dövlətləri ilk dəfə Vaşinqtonun narahatlıqlarının bir hissəsini bölüşməyə başlayıblar. Sözsüz ki, Avropa ABŞ-ın yolunu tam təkrarlamaq istəmir. Brüsselin məqsədi Çinlə iqtisadi əlaqələri qoparmaq əvəzinə, Avropa rəsmilərinin tez-tez istifadə etdiyi “risklərin azaldılması” anlayışını reallaşdırmaqdır. Lakin hazırda risklərin azaldılması ilə strateji rəqabət arasındakı sərhəd getdikcə daha qeyri-müəyyən görünür. Çünki hər yeni məhdudiyyət və müdafiə mexanizmi tərəflər arasında etimadı bir qədər də zəiflədir.
Proses Avropa daxilində siyasi qüvvələr nisbətinə də təsir göstərir. Son illər təhlükəsizlik və iqtisadi suverenlik məsələləri seçicilər üçün daha vacib mövzuya çevrilib. Bir çox ölkədə sağ və mərkəz-sağ partiyalar xarici iqtisadi təsirlərə qarşı daha sərt tədbirlər tələb edir. Almaniya və Fransanın irəli sürdüyü təşəbbüs eyni siyasi tendensiyanın nəticəsidir. Başqa sözlə, Çin məsələsi daxili siyasi rəqabətin də bir hissəsinə çevrilib.
Pekin isə sözügedən dəyişiklikləri diqqətlə izləyir. Çin rəhbərliyi yaxşı bilir ki, Avropa İttifaqının sərt mövqeyə keçməsi qlobal güc balansına təsir göstərə bilər. ABŞ-la rəqabətin davam etdiyi bir dövrdə Avropanın da daha ehtiyatlı xətt seçməsi Çin üçün əlavə strateji problem yaradır. Ona görə də Pekinin Brüssellə münasibətlərin tam qarşıdurma mərhələsinə keçməsinin qarşısını almağa çalışacağı ehtimal edilir. Berlin və Parisin təşəbbüsü hələlik texniki təklif kimi görünsə də, Avropanın Çinlə münasibətlərə baxışında baş verən fundamental dəyişikliklərin göstəricisidir. Bir neçə il əvvəl iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas məqsəd sayılırdısa, indi prioritet iqtisadi təhlükəsizlik və strateji dayanıqlılıqdır. Bu isə ondan xəbər verir ki, Avropa İttifaqı qlobal siyasətdə yeni mərhələyə daxil olur. Yəni müzakirə olunan məsələ Avropanın gələcəkdə necə bir güc mərkəzi olmaq istədiyidir. Berlin və Parisin son təşəbbüsü də bu sualın ilk ciddi cavablarından biri kimi tarixə düşə bilər. Çünki Avropa ilk dəfə olaraq qlobal iqtisadi rəqabətin qaydalarına uyğunlaşmaqla kifayətlənməyəcəyini, lazım gəldikdə həmin qaydaları özü formalaşdırmağa çalışacağını nümayiş etdirir.
Sonda Avropanın öz daxilində yarana biləcək fikir ayrılıqları da diqqətdən kənarda qalmamalıdır. Çinlə münasibətlər bütün üzv dövlətlər üçün eyni iqtisadi və siyasi əhəmiyyət daşımır. Pekinlə ticarət əlaqələrinin miqyası, Çin kapitalının iştirakı və ayrı-ayrı ölkələrin sənaye strukturu Brüsselin vahid qərar qəbul etməsini çətinləşdirə bilər. Almaniya və Fransa kimi böyük dövlətlərin təşəbbüs göstərməsi mühüm siyasi siqnal olsa da, bu, bütün qitənin eyni mövqedə olduğu anlamına gəlmir. Ona görə də yeni mexanizmin taleyi onun texniki imkanlarından əlavə, üzv dövlətlər arasında siyasi konsensusun nə dərəcədə qorunacağından asılı olacaq. Deməli, bir tərəfdə Çin istehsalının yaratdığı rəqabət təzyiqindən narahat olan Avropa sənayesi dayanırsa, digər tərəfdə Pekinlə iqtisadi əlaqələrin qorunmasında maraqlı olan biznes dairələri və dövlətlər var. Sözügedən iki yanaşma arasında balans tapmaq Brüssel üçün getdikcə daha mürəkkəb siyasi məsələyə çevrilir. Çünki sərt qərarın iqtisadi nəticələri bütün üzv dövlətlərə eyni şəkildə təsir göstərməyəcək.
Üstəlik, Avropanın Çinlə bağlı siyasəti Pekinlə münasibətlərin gələcəyini müəyyənləşdirməklə yanaşı, İttifaq daxilində hakimiyyətin hansı istiqamətdə mərkəzləşəcəyinə təsir göstərəcək. Əgər Avropa Komissiyasına xarici iqtisadi təzyiqlərə daha sürətli cavab vermək üçün geniş imkanlar yaradılarsa, Brüsselin üzv dövlətlərin milli iqtisadi siyasətləri üzərində siyasi çəkisi də arta bilər. Belə olan təqdirdə Çinlə bağlı başlayan müzakirə tədricən Avropa İttifaqının özünün necə idarə olunması məsələsinə çevriləcək.
Nəzrin ELDARQIZI
XQ