“Qoca qitə”nin səbir kasası niyə daşdı?

04.11.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Gen Z” və “Sarı jiletlilər” yenidən meydandadır

Bu gün “qoca qitə”nin küçələrində baş verənlər parlaq siyasi vədlərlə gündəlik həyatın sərt reallığı arasındakı uçurumu getdikcə daha aydın göstərir. Bahalaşma, azalan sosial təminatlar, gələcəyə inamın itməsi və hökumətlərin vətəndaşların problemlərinə laqeyd münasibəti səbir kasasını daşıran son damlalara çevrilib.

Bir vaxtlar Avropanın siyasi elitasının güvəndiyi ictimai sabitlik artıq yerini narazılığa, etiraza və açıq qarşıdurmaya verir. Fransada yenidən meydana çıxan “Sarı jiletlilər”, Almaniyada küçələrə axışan “Gen Z” gəncləri, İspaniyadan Portuqaliyaya qədər uzanan etiraz dalğası Avropa vətəndaşları niyə öz hökumətlərinə vəd etdikləri gələcəyi xatırlatmaq üçün küçələrə çıxmalı olurlar? sualını gündəmə gətirir. Görünən odur ki, qitədə narazılıq artıq ayrı-ayrı ölkələrin daxili problemi olmaqdan çıxaraq ümum-Avropa böhranının əlamətinə çevrilir.

Fransada vəziyyət həddən artıq gərgindir. Ölkə miqyasında təşkil olunan kütləvi etirazlara 320 min nəfər çıxıb. Onlardan təqribən 70 min nəfəri Parisin payına düşür. Həmkarlar ittifaqları isə bu rəqəmin yarım milyonu keçdiyini bildirirlər. Hakimiyyət narazılığın qarşısını almaq üçün ölkə üzrə 70 min hüquq-mühafizə əməkdaşını, o cümlədən məşhur RAID xüsusi təyinatlılarını və GIGN jandarm qüvvələrini səfərbər edib. Lion, Nant və Marsel kimi şəhərlərdə polislə etirazçılar arasında şiddətli toqquşmalar baş verib, gözyaşardıcı qaz və su şırnaqları işə salınıb. Məktəblilər, tələbələr, dövlət qulluqçuları və sarı jiletlilər yaşayış xərclərinin kəskin artmasına, təhsil sistemindəki tənəzzülə və dərinləşən sosial bərabərsizliyə qarşı üsyan ediblər. Hökumət isə gərginliyin artmasında məsuliyyəti ifrat solçu ”Əyilməz Fransa” partiyasının üzərinə yıxmağa çalışır.

Fransadakı sosial partlayış Prezident Emmanuel Makronun illərdir apardığı yarıtmaz iqtisadi siyasət, dövlət büdcəsindəki milyardlıq kəsirlər və əhalinin rifahını düşünmədən qəbul edilən qərarlar fonunda baş verir. Reytinq agentliklərinin Fransanın dövlət borcu və maliyyə perspektivləri ilə bağlı neqativ proqnozlar verməsi, ölkənin dövlət borcunun ümumi daxili məhsulun 120 faizə yaxınlaşması fonunda Makron hökuməti sadə vətəndaşların cibinə girməyə davam edir. Xarici medianın vurğuladığı kimi, fransızlar haqlı olaraq üsyan edirlər, çünki ölkəni ailələrin bir neçə qəpiyə möhtac qaldığı reallığı görməyən səriştəsizlər idarə edir. Hökumət isə yalnız boş vədlər verməklə məşğuldur, real iqtisadi islahatlar əvəzinə küçələrə polis qüvvələri yeritməklə rejimini qorumağa çalışır.

Fransadakı alov Almaniyaya da sürətlə sıçrayıb. Ölkədə gənc nəslin təşkil etdiyi ”Gen Z regelt” hərəkatı Almaniyanın 34 şəhərini əhatə edib və aksiyalarda 160 mindən çox gənc iştirak edib. Gündüz saatlarında əsasən dinc ruhda keçən nümayişlər qaranlıq düşdükdən sonra şiddətli qarşıdurmalarla müşayiət olunub. Xüsusilə Hamburq, Frankfurt və Kölndə vəziyyət nəzarətdən çıxıb, etirazçılar barrikadalar quraraq yandırıb, polisin ünvanına molotov kokteylləri və daşlar yağdırıb. Təhlükəsizlik qüvvələri su şırnaqlarından və sərt müdaxilə vasitələrindən istifadə edərək ticarət mərkəzlərinin vitrinlərini qıran və mağazaları qarət edən qrupları dağıtmağa çalışıb. Berlin və Kölndə də onlarla polis əməkdaşı xəsarət alıb, çoxsaylı iştirakçı saxlanılıb. Alman məktəbliləri və tələbələri bahalaşmaya, təhsil müəssisələrinin maliyyələşdirilməməsinə, ekoloji böhranlara və hökumətin hərbi xərcləri kəskin şəkildə artıraraq məcburi hərbi xidməti geri qaytarmaq planlarına etiraz edirlər. Gənclər haqlı olaraq soruşurlar ki, niyə hökumət milyardlarla avronu silahsızlanmaya və orduya xərcləyir, amma məktəblər, universitetlər və gələcək unudulur.

Baş verən proseslərin fonunda diqqətçəkən başqa bir maraqlı məqam Avropa gəncliyinin ənənəvi siyasi institutlara və partiya sisteminə olan inamının tamamilə sıfıra enməsidir. Əvvəlki nəsillərdən fərqli olaraq, hazırkı etiraz dalğası birbaşa rəqəmsal platformalar, sosial şəbəkələr və mərkəzsizləşdirilmiş təşkilatlanma vasitəsilə koordinasiya olunur. Bu isə hökumətlərin ənənəvi üsullarla, məsələn, həmkarlar ittifaqı liderləri ilə danışıqlar aparmaqla və ya güzəştlər vəd etməklə etirazları boğmaq imkanlarını, demək olar ki, sıfra endirir. Gənclər heç bir liderin kompromisinə inanmır və birbaşa sistemin dəyişdirilməsini tələb edirlər.

Həm Fransa, həm də Almaniyadakı mövcud hadisələr Avropanın digər ölkələrində də müşahidə olunan sistemli bir xəstəliyin, yəni sosial problemlərin dərinləşməsinin əyani sübutudur. Avropa liderləri illərdir vətəndaşlarına yaşıl keçid, sosial rifah və iqtisadi sabitlik vəd edirlər, lakin reallıqda bu vədlər kağız üzərində qalır. Büdcə kəsirlərini ört-basdır etmək üçün sosial xərclərin dondurulması, pensiya yaşının artırılması və vergilərin qaldırılması sadə avropalının həyatını dözülməz edib.

Rusiya–Ukrayna müharibəsindən sonra başlayan və hələ də tam həllini tapmayan enerji böhranı sənayenin geriləməsinə, kommunal xərclərin astronomik həddə çatmağına səbəb olub. Elə bu səbəbdən də, zavodlar bağlanır, qiymətlər od tutub yanır. Avropanın üzləşdiyi kəskin miqrant axını və inteqrasiya problemləri sosial xidmətlərə, səhiyyəyə və təhsilə əlavə yük yaradır. Hökumətlər həmin resursları idarə edə bilmədikcə, daxili gərginlik artır, radikal qruplar və kənar qüvvələr isə etiraz aksiyalarına sızaraq vəziyyəti xaosa, iğtişaşlara sürükləyirlər.

Fransa və Almaniyada yaşanan aksiyalar qitənin digər guşələrinə də sürətlə yayılır. İspaniyanın Madrid, Barselona kimi şəhərlərində yaşayış və ev kirayəsi böhranı fonunda polis yüzlərlə nəfəri saxlayıb, sosial mediada iğtişaşa təhrik edən 10 nəfər isə həbs edilib. Portuqaliyanın Portu şəhərində gənclər mənzil bahaçılığına etiraz olaraq “Can't afford the rent? Bring a tent” (”Kirayəyə gücün çatmır? Çadır gətir”) şüarı ilə çadır şəhərcikləri qurublar, polis isə çadırları gecə yarısı zorla yığışdırıb.

İtaliyanın Milan və Turin şəhərlərində ordu və xüsusi təyinatlı polis qüvvələri küçələrə yeridilib, Turində qatar yollarının bağlanması nəticəsində regional nəqliyyat saatlarla iflic olub. Avstriyanın Vyana, Belçikanın Brüssel və Lyej şəhərlərində isə tələbə və şagirdlər məktəb şəraitinin pisləşməsinə, təhsil büdcəsinin kəsilməsinə və bahalaşmaya qarşı su şırnaqları altında yürüş ediblər. Bütün bunlar bir daha söyləməyə əsas verir ki, boş bəyanatlardan yorulan Avropa xalqı artıq susmaq niyyətində deyil və real sosial addımlar atılmasa, “qoca qitə”ni daha şiddətli sarsıntılar gözləyir.

Avropada eyni anda müşahidə olunan etirazlarla bağlı xarici ekspertlərin fikirləri də diqqət çəkir. HEC Paris Biznes Məktəbinin Avropa İttifaqı hüququ üzrə Jan Monnet professoru Alberto Alemannonun təhlilinə görə, qitənin müxtəlif ölkələrində etirazların yaranma səbəbləri fərqli olsa da, onların arxasında ortaq sosial narazılıq dayanır. Fransada təhsil sistemi, İspaniya və Portuqaliyada mənzil əlçatanlığı, İtaliyada dövlət xərcləri, Albaniyada isə korrupsiya və hakimiyyətin hesabatlılığı ilə bağlı problemlər insanları küçələrə çıxaran əsas amillərdir.

Lakin ekspert hesab edir ki, bütün bu narazılıqları birləşdirən daha dərin səbəb cəmiyyətin gələcəyə inamını itirməsidir. Onun fikrincə, insanları bir araya gətirən gələcəyin əvvəlki nəsillərə vəd edilən imkanları təqdim etməyəcəyi ilə bağlı getdikcə güclənən qənaətdir. Başqa sözlə, avropalılar yalnız bugünkü problemlərdən deyil, sabahın daha yaxşı olacağına dair ümidlərin tükənməsindən də narazıdırlar.

Nəzrin ELDARQIZI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью