Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Zona (herpes zoster) əleyhinə peyvənd qocalma prosesini ləngidə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə bioloq və virusoloq Pyotr Lidski gazeta.ru-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, sözügedən peyvənd xroniki iltihabın qarşısını almağa kömək edir. Məhz xroniki iltihab yaş artdıqca güclənir və bioloji qocalmanı sürətləndirən əsas amillərdən biri hesab olunur. Peyvəndləmə isə bu prosesi zəiflədə bilər.
Alim qeyd edib ki, immun sisteminin qocalma ilə sıx əlaqəsi uzun illərdir elmi tədqiqatların mövzusudur. “İnflamaging” və ya “immun qocalma” anlayışı 2000-ci ildə irəli sürülüb və yaşla artan, infeksiya olmadan baş verən iltihabın yaşa bağlı xəstəlikləri sürətləndirdiyini göstərir.
Bununla belə, mütəxəssis vurğulayıb ki, peyvəndin qocalmanı konkret neçə il ləngitdiyini dəqiq demək mümkün deyil. Qocalma mürəkkəb prosesdir və ölçmə üsullarından asılı olaraq nəticələr dəyişə bilər. Həmçinin hər bir peyvəndin, o cümlədən qripə qarşı illik peyvəndin qocalmaya eyni təsiri göstərdiyini söyləmək olmaz.
Professor əlavə edib ki, qrip kəskin xəstəlik olsa da, yaşlı insanlar üçün ağır keçə bilər və ondan qorunmaq vacibdir. Virusların qocalmanı hansı mexanizmlərlə sürətləndirdiyi isə hələ tam aydınlaşdırılmayıb.
Nuriyyə NATİQQIZI