Qocalmanı ləngidir

22.07.2026

Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Texas A&M Universitetinin alimləri qəhvənin uzunmüddətli istifadəsinin sağlam qocalma prosesinə müsbət təsir göstərə biləcəyini müəyyən ediblər. Araşdırmaya görə, bu məşhur içki orqanizmdə yaşlanma ilə əlaqəli proseslərə təsir edərək bəzi xroniki xəstəliklərin yaranma riskini azalda bilər.

Azpost.info bildirir ki, bu barədə Science Daily portalı məlumat yayıb.

Əvvəlki genişmiqyaslı araşdırmalar da göstərmişdi ki, müntəzəm qəhvə içən insanlarda AlzheimerParkinson xəstəlikləri, eləcə də bəzi metabolik pozğunluqların inkişaf riski daha aşağı olur. Lakin bu təsirin hansı mexanizmlərlə baş verdiyi indiyədək tam aydın deyildi.

Yeni tədqiqatda alimlər diqqəti orqanizmdə stressə və hüceyrə zədələnməsinə cavab verən NR4A1 adlı reseptora yönəldiblər. Bu reseptor daha əvvəl qida maddələrinə reaksiya verən bir növ “qida sensoru” kimi də qiymətləndirilirdi.

Tədqiqatın rəhbəri, baytarlıq toksikologiyası üzrə professor Stiven Seyf bildirib ki, NR4A1 reseptoru qoruyucu funksiyaya malikdir. Toxumalar zədələndikdə aktivləşərək onların bərpasına kömək edir. Aparılan eksperimentlər göstərib ki, bu reseptor olmadıqda hüceyrə zədələnməsinin mənfi nəticələri daha ağır keçir.

Alimlərin sözlərinə görə, NR4A1 iltihab, maddələr mübadiləsi və toxumaların bərpası ilə sıx bağlıdır. Bu proseslərin hər biri isə qocalma, xərçəng, neyrodegenerativ xəstəliklər və metabolik pozğunluqlarla əlaqəlidir.

Araşdırma zamanı məlum olub ki, qəhvənin tərkibindəki təbii birləşmələr, xüsusilə kofe turşusu, NR4A1 reseptorunu aktivləşdirərək onun qoruyucu təsirini gücləndirə bilər.

Laboratoriya şəraitində aparılan təcrübələr göstərib ki, bu maddələr hüceyrələrin zədələnməsini azaldır və xərçəng hüceyrələrinin inkişafını ləngidir. Reseptor deaktiv edildikdə isə bu müsbət təsir tamamilə aradan qalxır.

Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, qəhvədəki polifenollar kofeindən daha güclü bioloji aktivliyə malikdir. Bu da həm adi, həm də kofeinsiz qəhvənin sağlamlığa faydalı ola biləcəyini izah edə bilər.

Bununla belə, alimlər vurğulayırlar ki, əldə olunan nəticələr qəhvənin insanlarda xəstəliklərin qarşısını birbaşa aldığını sübut etmir. Qəhvənin faydası müxtəlif bioloji mexanizmlərlə bağlı ola bilər və NR4A1 reseptoruna təsir bu mexanizmlərdən yalnız biridir. Bu nəticələrin təsdiqlənməsi üçün əlavə klinik araşdırmalara ehtiyac var.

Tədqiqat müəllifləri hazırda NR4A1 reseptorunu daha güclü aktivləşdirə bilən sintetik maddələr üzərində də çalışırlar. Gələcəkdə belə birləşmələr xərçəng və bu reseptorla əlaqəli digər xəstəliklərin müalicəsində yeni dərmanların hazırlanmasına əsas yarada bilər.

AzPost.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью