“Qocaman” əsərlərin həmişəcavan şöhrəti

23.06.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən yazılarımızda “Yubilyar filmlər” seriyasından olan ekran əsərlərini – 110 yaşlı “Neft və milyonlar səltənətində”, “Ölümünə 1 saat qalmış”, “Arvad”və “Knyaz Dəmir Bilal”, 100 yaşlı “Müxtəlif sahillərdə”, 90 yaşlı “Almaz” və digər kinolentləri xatırlamışıq. Sonrakı 20 ilədək olan dövr ərzində o qədər də parlaq bədii filmlərimiz olmayıb. Nəhayət, 1956-cı ildə - dahi bəstəkar Üzeyir Hacıbəylinin vəfatından 8 il sonra onun eyni adlı operettası əsasında çəkilmiş “O olmasın, bu olsun” filmi II Dünya müharibəsindən sonra dirçəlməyə başlayan Azərbaycan kinematoqrafının böyük tamaşaçı sevgisi qazanmış ən “qocaman” və ilk rəngli ekran əsəridir.

Rejissoru Hüseyn Seyidzadə, ssenari müəlifi Sabit Rəhman, quruluşçu operatoru Əlisəttar Atakişiyev, musiqi redaktoru və dirijoru Fikrət Əmirov olan bu populyar film dnyanın 50 ölkəsində nümayiş etdirilib. Həm operetta, həm musiqili komediya, həm də bədii film kimi ən çox uğur qazanan əsər olub. Süjet xəttini hər kəsin, az qala, əzbər bildiyi filmdə əsas rollarda Əliağa Ağayev, Arif Mirzəquliyev, Tamara Gözəlova, Ağasadıq Gəraybəyli, Barat Şəkinskaya, İsmayıl Əfəndiyev, Mustafa Mərdanov, İsmayıl Osmanlı, Möhsün Sənani, Lütfəli Abdullayev və başqa “ulduzlar” çəkiliblər.

Filmin hadisələri 1910-cu ilin Bakı həyatından götürülüb. Gənc Sərvərlə Gülnazın ülvi sevgisindən, məhəbbətin cəhalətə, pula və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Bir qədər də yumor estetikası ilə təqdim olunan ekran əsərində baş qəhrəmanlarla yanaşı, Rüstəm bəyin bir çox dost-tanışı: tacirlər, qoçular, qələmini pula satan qəzetçilər də olaylarda iştirak edirlər. Tamaşaçılar mənfi tipajların belə oyununa həvəslə baxırlar. Bazarda qoçuların davası, Rüstəm bəyin evində qonaqların qalmaqalı, hamam səhnələri və s. kinokomediyanın əsasını təşkil edən ictimai motivlər kölgədə qoymur, əksinə onun koloritini artırır. Sonda bütün çətinliklərə baxmayaraq, sevgililər qovuşurlar. Yaşlı Məşədi İbad isə qulluqçu Sənəmlə kəbin kəsdirməli olur...

Qeyd edək ki, rejissor Hüseyn Seyidzadə filmdə Məşədi İbad roluna aktyor Mirzəağa Əliyevi çəkmək istəyib. Lakin çəkilişlər yenicə başlananda aktyor vəfat etdiyi üçün onu Əliağa Ağayev əvəzləyib. Ekran əsərinin qonaqlıq səhnəsində Xan Şuşinski “Kürd-Şahnaz” muğamını ifa edib, Tükəzban İsmayılova isə “Segah” muğamı üstündə oxuyub. Qəhrəmanların mahnılarını isə Mirzə Babayev və Firəngiz Əhmədova səsləndiriblər. Rəqqasə Əminə Dilbazi, tarzən Bəhram Mansurov, kamança ifaçısı Tələt Bakıxanov da filmdə iştirak ediblər. Kino əsərində Novruz səhnələrinə qadağa qoyulsa da, “O olmasın, bu olsun”un hər il martın 21-də ekranlara çıxarılması zamanına görə əsl cəsarət nümunəsi sayılmalıdır.

Bu il yubileyi olan digər məşhur filmlər 1961-ci ildə çəkilmiş “Leyli və Məcnun”, “Kor ərəbin mahnısı”, “Bizim küçə”dir. Düz 65 il əvvəl ekranlara çıxmış bu filmlər də son dərəcə böyük maraqla qarşılanıb.

“Leyli və Məcnun” film-dastanı sevgililərin faciəvi taleyi ilə bağlı Şərq poeziyasında yüz illərlə yaşayan qədim rəvayətin ekran təcəssümüdür. Vizual sevgi hekayətində Məhəmməd Füzulinin eyni adlı poemasının motivləri əsas götürülüb. Eyni zamanda, Nizami Gəncəvinin poemasından Zeyd ilə Zeynəbin sevgi motivindən də istifadə edilib.

Azərbaycan kinosunda öz yeri olan sənət nümunələrindən sayılan bu filmin ssenari müəllifi Ənvər Məmmədxanlı, quruluşçu rejissoru Lətif Səfərov, əsas operatoru Arif Nərimanbəyov, bəstəkarı isə Qara Qarayev olub. Əsas rollarda Nodar Şaşıqoğlu (Qeys), Kima Məmmədova (Leyli), Gündüz Abbasov (Qeys), Rafiq Tağıyev (Nofəl), Qriqori Tonuns (İbn Səlam), Əli Zeynalov (Şeyx Haşimi) oynayıblar. Digər obrazları isə Ələsgər Ələkbərov, Firəngiz Qurbanova, Nəcibə Məlikova, Ağasadıq Gəraybəyli, Adil İsgəndərov, Məmmədrza Şeyxzamanov, Lütfi Məmmədbəyli, Müxlis Cənizadə və başqaları canlandırıblar.

Kinoşünasların yazdığına görə, 1955-1960-cı illərdə ərəb ölkələrində “Leyli və Məcnun” faciəsi mövzusunda bir neçə film çəkilib. “Azərbaycanfilm” kinostudiyasının da o zaman belə bir əsərə müraciət etməsi yaradıcılarımızdan cəsarət tələb edirdi. Məlum dastanlardan və filmlərdən fərqli bir ssenari yazılıb və kinolentinə orijinal quruluş verilib.

Müəlliflər burada iki sevən gəncin taleyi ilə bərabər, orta əsr rəzalətlərini, islam fanatizminin dəhşətlərini məharətlə açıb göstəriblər. Qeys adi divanə deyil, fövqəladə dərəcədə ağıllı və zəkalı biri kimi təqdim olunur. O, şəhər meydanında zəncirli halda söylədiyi monoloqunda hakim feodal-ruhani əxlaqının mənəvi əsarətinə, hünər və kamal əhlinin başına gətirilən müsibətlərə qarşı etiraz səsini ucaldır: “...Mənim qollarım bağlıdırsa, sizin ruhunuz, sizin varlığınız bu zəncirdədir. Mənim ayaqlarım bağlıdırsa, sizin ümidləriniz, arzularınız bu zəncirdədir. Mənim boynum bağlıdırsa, sizin duyğularınız, düşüncələriniz bu zəncirdədir. Əgər həqiqət axtarırsınızsa, nicat istəyirsinizsə, qırın siz də o paslı zəncirləri…”

60-cı illərin mətbuatı yazırdı ki, tamaşaçı Qeysin halına yalnız acımır, həm də başlıca olaraq onun müdrik fikirlərinə, nəcib hərəkətlərinə şərik çıxır və hətta yerindən qalxıb ucsuz-bucaqsız qumlu səhralarda Qeysin tənha səsinə səs vermək istəyir.

Məcnun rolunu ifa edən Nodar Şaşıqoğlu da, digər müqtədir sənətkarlar da təxminən 1 saat 45 dəqiqə davam edən film boyu tamaşaçını həyəcanda saxlaya biliblər. Leyli obrazının ifaçısı Kima Məmmədova haqqında məlumat az olsa da, öyrənə bildik ki, bu aktrisa “Azərbaycanfilm”in istehsal etdiyi “Əsl dost” (1959), “Telefonçu qız” (1962) və “Mən ki, gözəl deyildim” (1968) filmlərinə də çəkilib.

Ə.DOSTƏLİ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью