Qocaman hüquqşünas, təcrübəli pedaqoq

18.08.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Əzim Piriyev – 90

Polkovnik Əzim Piriyev həm də dərsliklər, elmi-tarixi əsərlər müəllifidir

Azərbaycanın polis və ədliyyə orqanlarında uzun müddət yüksək səriştə və fədakarlıqla fəaliyyət göstərən, yurdsevər, insanpərvər keyfiyyətləri ilə sayılıb-seçilən peşəkar kadrlardan söz düşəndə polis polkovniki Əzim Piriyevin adı birincilər sırasında çəkilir. O, bütün həyatı boyu ölkəmizdə ictimai asayişin qorunub möhkəmlənməsi naminə zəngin bilik və bacarığını əsirgəməyib, hər yerdə, hər zaman haqqın, ədalətin tərəfində durmaqla, cəmiyyətdə özünə dərin hörmət və nüfuz qazanıb.

Təcrübəli hüquqşünas ölkəmizdə yüksək peşəkar hüquq kadrlarının hazırlanmasında da böyük xidmətlər göstərib. Bu gün Azərbaycan polisində çalışanların arasında Əzim Piriyevin tələbələri az deyil. Ali məktəblərin hüquq fakültələrində təhsil alan tələbələr onun yazdığı dərsliklərindən bəhrələnirlər. O, bədii yaradıcılıq sahəsində də qələmini sınayaraq Azərbaycan polisinin Vətənə sədaqətini bədii vasitələrlə əks etdirən sanballı əsərlər yazmağa müvəffəq olub.

1980-cı illərin sonlarında erməni separatçıları Azərbaycanın əzəli və əbədi torpaqları olan Qarabağda ağır təxribatlara əl atmağa başlayan ilk günlərdən bu qatı millətçi cinayətkarların aşkar edilərək cəzalandırılması üçün həyata keçirilən polis əməliyyatlarına uğurla rəhbərlik edib. O, bir an düşünmədən Vətən yolunda öz həyatını təhlükəyə ataraq, əməliyyatlar zamanı yüksək cəsarət və qətiyyət nümayiş etdirib. Qarabağda onun erməni terrorçularla gərgin mücadilədə göstərdiyi cəsarət və şücaət nümunəsi gənc həmkarlarını daim ruhlandırıb.

Hörmətli oxucular, sözümüzün bu məqamında təcrübəli polis zabitinin bioqrafiyasından bəzi məqamları xatırlatmağa ehtiyac duyuruq. Beləliklə, Əzim Səlim oğlu Piriyev 1936-cı il avqustun 18-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olub. 1955-ci ildə qonşu Ağdam rayonunun Şıxbabalı kənd orta məktəbini bitirərək, ordu sıralarında xidmətə yollanıb. 1959-1961-ci illərdə Bakı Xüsusi Orta Milis Məktəbində təhsil alıb. Buranı fərqlənmə diplomu ilə bitirən gənc Piriyev Azərbaycan SSR Daxili İşlər Nazirliyinin cinayət-axtarış şöbəsinə təyinat alıb.

Əmək fəaliyyətinin ilk günündən əzm və bacarığını nəzərə alaraq gənc kadrı irəli çəkiblər. Belə ki, 1967-ci ildən DİN-in Ağdam rayon şöbəsində cinayət-axtarış bölməsinin rəisi, qısa müddət sonra əməliyyat üzrə şöbə rəisinin müavini vəzifələrində çalışıb. Eyni zamanda, Bakı Dövlət Universitetinin hüquq fakultəsini qiyabi bitirib. 1970-ci ildə yenidən DİN-in Cinayət-Axtarış İdarəsində mühüm işlər üzrə baş əməliyyat müvəkkili təyin edilib. 1970-1973-ci illərdə Lənkəran rayon milis rəisi vəzifəsinə göndərilib.

Azərbaynın bu gözəl cənub şəhərində rayon polis şöbəsinin rəisinin peşəkarlığı və müsbət insani keyfiyyətləri bir daha özünü göstərib. Burada çalışdığı 3 il ərzində yaxşı işi ilə hamının dərin rəğbətini qazanıb. Əzim Piriyev 1973-1975-ci illərdə Bakı şəhəri Su milisi şöbəsinin rəisi işləyib. 1975-1977-ci illərdə isə SSRİ DİN Milis Akademiyasının birinci fakultəsində ali hüquq təhsilini davam etdirib. Akademiyanı bitirdikdən sonra Azərbaycan SSR DİN Cinayət-Axtarış İdarəsinin rəsi müavini, 1979-1987-ci ilərdə isə həmin idarənin rəisi vəzifələrində çalışıb.

Respublikada ictimai asayişin və qanunçuluğun qorunması və cinayətkarlığa qarşı mübarizə sahəsində səmərəli fəaliyyəti ilə seçilən Əzim Piriyev 1987-ci ildə DİN İslah İşləri İdarəsinin rəisi vəzifəsinə irəli çəkilib. O, nəinki respublikamızda, eyni zamanda, keçmiş ittifaqda yüksək peşəkar milis işçilərindən sayılırdı. Təsadüfi deyil ki, Piriyev səmərəli fəaliyyətinə görə keçmiş SSRİ-də DİN-in “Əməkdar işcisi” fəxri adına layiq görülüb.

Yuxarıda qeyd etdiyimiz kimi, 1980-cı illərin sonlarında qatı erməni millətçiləri Qarabağda separatçılıq hərəkatına rəvac verəndə milis polkovniki Əzim Piriyev əvvəlki məsul vəzifəsində saxlanılmaqla, eyni zamanda muxtar vilayət üzrə hərbi komendantın birinci müavini, 1991-ci ilin mayında isə Qarabağın erməni ekstremistlərindən təmizlənməsi üçün aparılan “Ümid” hərbi-milis əməliyyatının qərərgah rəisi təyin edilib. Polkovnik ərazidə cinayətkarların operativ qaydada aşkar edilərək həbs olunması, qanunsuz silah-sursatın yığılması, terrorçuların təxribatçı əməllərinin üstünün açılması istiamətindəki əməliyyatlara bilavasitə rəhbərlik edib. Həmin dövrdə Ermənistanla həmsərhəd rayonlar üzrə komendant vəzifəsi də ona həvalə olunub.

1991-ci ilin aprelindən iyulunadək Qarabağda təxribatçılara qarşı uğurla həyata keçirilən polis əməliyyatları naməlum səbəblərdən qəfil dayandırılır. Görünür, bu, Kremlin təzyiqi ilə ovaxtkı respublika rəhbərliyinin tərəfindən yanlış qərar idi. Bu qərar ağır fəsadlara səbəb ola bilərdi. Qarabağda əməliyyata rəhbərlik edən polkovnik Əzim Piriyev yüksək çinli vətənpərvər zabit olaraq bundan çox narahat olub və məsələni aydınlaşdırmaq üçün təcili Bakıya yollanıb. Onun ciddi arqumentlər gətirməsinə baxmayaraq, ölkə rəhbərliyi əməliyyatların yenidən bərpa edilməsinə razılıq verməyib. Bundan sonra polkovnik tutduğu bütün vəzifələrdən istefa verib.

Aradan 2 il keçəndən, dahi siyasətçi Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra, 1993-cü ilin avqustunda hüquq-mühafizə orqanlarında zəngin təcrübəsini və təşkilatçılıq qabiliyyətini nəzərə alaraq, Əzim Piriyev yenidən məsul vəzifələrə dəvət edilib. O, əvvəlcə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hərbi və inzibati orqanlar şöbəsi müdirinin birinci müavini, sonra isə şöbənin müdiri vəzifəsində çalışıb. 2011-ci ilin avqustun 8-də 75 yaşında dövlət qulluğundan təqaüdə çıxıb.

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hərbi və İnzibati orqanlar şöbəsinin müdiri işlədiyi dövrdə, Əzim Piriyev ölkədə beynəlxalq standartlara uyğun anti-korrupsiya qanunvericiliyinin formalaşdırılmasında fəal iştirak edib, Korrupsiyaya qarşı mübarizə məsələləri üzrə metodiki vəsaitlər hazırlayıb. Müəllif bu sənəddə korrupsiya ilə mübarizədə yalnız cəza tədbirlərinin kifayət etmədiyini əsaslandıraraq, dövlət orqanlarında şəffaflığın artırılması və idarəetmədə boşluqların aradan qaldırılması mexanizmlərini anlaşıqlı dillə izah edib.

Təqaüdə çıxdıqdan sonra polkovnik Piriyev pedaqoji fəaliyyətlə məşğul olmaq qərarına gəlib. Bakı Biznes Universitetinin rektorluğu onu universitetin hüquq kafedrasının müdiri vəzifəsinə dəvət edib. Polkovnik bu ali təhsil müəssisəsində işlədiyi dövrdə Azərbaycanın hüquq elmi və təhsili tarixindəki müəyyən boşluqların aradan qaldırılmasına xidmət edən 2 dəyərli dərslik yazıb. Bunlardan birincisi, “Azərbaycan Respublikasının hüquq mühafizə orqanları” kitabıdır. Burada ölkəmizin ali hüquq təhsili sistemində ilk dəfə olaraq sovet hüquq sistemindən tamamilə fərqli, müstəqil Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının strukturu geniş izah və şərh edilib.

İkinci dərs vəsaiti isə “Kriminologiya” kitabıdır. Burada 2000-ci illərin əvvəllərində ölkədə keçirilən məhkəmə-hüquq islahatları, yeni qəbul edilmiş məcəllələr və bu sahədə mövcud beynəlxalq standartlar barədə geniş məlumat verilir. Təqdirəlayiq haldır ki, cinayətkarlığın anatomiyasını öyrədən bu dəyərli kitabı təkcə nəzəriyyəçilər deyil, bilavasitə cinayətkarlıqla mübarizə aparan əməliyyat işçiləri və müstəntiqlər üçün də elmi-praktik bələdçi hesab edirlər.

Müəllif kitabda uzun illər cəzaçəkmə müəssisələrinə (İslah İşləri İdarəsinə) rəhbərlik etdiyi üçün müxtəlif cinayətkar tiplərinin (mütəşəkkil qruplar, residivistlər, yetkinlik yaşına çatmayanlar) psixoloji portretini elmi əsaslarla qələmə alıb. Dərslikdə cinayətlərin törədilməsindən sonrakı cəza tədbirlərindən daha çox, cinayətkarlığın qarşısının əvvəlcədən alınması yolları və dövlət proqramlarının səmərəliliyi təhlil edilir. Eyni zamanda, müəllif “latent”, yəni gizli qalan və ya qeydə alınmayan cinayətlərin aşkarlanması metodologiyasını elmi kriminoloji üsullarla izah edib.

Polkovnik yuxarıda qeyd olunan dərsliklərindən əlavə, cinayətkar aləmin gizli dilini ifşa edən “Cinayətkarların jarqon lüğəti”nin müəllifidir. Adı çəkilən lüğət Azərbaycanın hüquq-mühafizə praktikasında unikal və səciyyəvi resurslardan biridir. Bir daha xatırladaq ki, təcrübəli hüquqşünas uzun illər cəzaçəkmə müəssisələrinə (İslah İşləri İdarəsinə) rəhbərlik etdiyi üçün cinayətkar aləmin qapalı mühitinə və onların gizli ünsiyyət vasitələrinə dərindən bələd olub. Məhz, ilk növbədə, bu mühüm amil sözügedən lüğət və vəsaitlərin uğurunu təmin edib.

Maraqlıdır ki, polkovnik Əzim Piriyevin yalnız elmi-pedaqoji deyil, həm də sənədli-tarixi bədii əsrlərin də müəllifidir. Onun qələmə aldığı “Yarımçıq qalmış “Ümid” əməliyyatı” sənədli povesti, eləcə də “Zülmətləri yaran şimşək” romanı süjet xətti və bədii məziyyətlərinə görə geniş oxucu kütləsinin dərin marağına səbəb olub. Bu əsərlərdə real həyat hadisələri bədii üslubda peşəkarlıqla təqdim edilib. Müəllif istər sujet xətlərinin quruluşunda, istərsə də dialoqlarda obrazların xarakterinin açılmasında ədəbi meyarlara məharətlə əməl edib.

Xatırladaq ki, “Yarımçıq qalmış “Ümid” əməliyyatı” povestinin süjet xəttinin mərkəzində Azərbaycanın daxili işlər orqanlarının erməni separatçılarına və onlara dəstək verən sovet hərbi rəhbərliyinə qarşı apardığı asimmetrik mübarizə dayanır. Əsərdə 1991-ci ilin 20 noyabrında Qarabağda Qarakənd səmasında həlak olmuş general Məhəmməd Əsədovun xarakteri, cəsarəti, vətənpərvərliyi geniş təsvir olunur. Povestdə Şuşanın müdafiəsində canından keçmiş yerli milis nəfərlərinin, gizli kəşfiyyatçıların və rus generallarının real adları və dialoqları da yer alır. Müəllifin oxucuya çatdırmaq istədiyi mesaj budur ki, əgər Bakıdakı siyasi xaos və Moskvanın birbaşa təzyiqləri olmasaydı, “Ümid” əməliyyatı sayəsində Xankəndidəki separatçı yuvası hələ 1991-ci ildə tamamilə məhv ediləcəkdi.

“Zülmətləri yaran şimşək” romanı isə detektiv və dram janrlarının vəhdətindən ibarətdir. Piriyev uzun illər cinayət-axtarış və islah-əmək sistemində çalışdığı üçün romanda təsvir olunan cinayət işlərinin, demək olar ki, hamısı real həyatda baş vermiş ağır cinayətlərin bədii formada işlənilmiş variantıdır. Kitabda gizli agentlərin cinayətkar qrupların içərilərinə necə sızdırılması, satqın məmurların ifşa olunması prosesi polis detektivi üslubunda verilir.

2020-ci ilin payızında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyilə Qarabağın düşməndən azad edilməsi qocaman polkovniki dünyalar qədər sevindirib. O günləri Əzim Piriyev həyatının ən xoşbəxt günləri hesab edir. Əzim müəllim bu gün, ömrünün ahıl yaşlarında belə Azərbayanın ictimai-siyasi həyatında baş verən prosesləri diqqətlə izləyir və ölkənin hər yerində, xüsusilə də Qarabağda, işğaldan azad olunmuş ərazilərdəki quruculuq proseslərindən dərin məmnunluq hissi keçirir. Polkovnik Azərbaycanın gələcəyinin daha parlaq olacağına bütün varlığıı ilə inanır və bu düşüncələr ona mənəvi və fiziki güc bəxş edir.

Qocaman polis və ədliyyə əməkdaşı, pedaqoq və yazıçı Əzim Piriyevin avqustun 18-də 90 yaşı tamam olur. Yubilyar uca Allahın lütfü ilə bu onilliklər ərzində təkcə ölkəmizin inzibati orqanlarının kollektivləri, pedaqoq həmkarları, tələbələri arasında deyil, eləcə də təmsil etdiyi böyük bir elin sevilmli ağsaqqalı kimi tanınır və sevilir. Bu, sadə, xeyirxah, mehriban insanı Azərbaycanın hər yerində çox istəyirlər, onu yaxından tanıyanlar da, mərd, nəcib əməlləri barədə eşidənlər də bir qayda olaraq adı çəkiləndə rəğbət və ehtiramlarını həvəs və səxavətlə izhar edirlər.

Məsaim ABDULLAYEV,
Fuad CƏFƏRLİ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью