“Qoldan sonra çox passiv oynadıq”

16.07.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel dünya çempionatının yarımfinalında Argentinaya 1:2 hesablı məğlubiyyətdən sonra komandasının üstünlüyü qoruya bilməməsini tənqid edib.

“Qafqazinfo” xəbər verir ki, alman mütəxəssis Entoni Qordonun qolundan sonra komandanın oyunun nəzarətini itirdiyini etiraf edib.

“Çox məyusuq. Finala çox yaxın idik, lakin qoldan sonra həddindən artıq passiv oynadıq. Rəqibə çoxlu ötürmələr, zərbələr və imkanlar verdik. Hesabı açdıqdan sonra eyni səviyyəni qoruya bilmədik”, – deyə Tuxel bildirib.

Baş məşqçi ikinci hissədə etdiyi müdafiəyönümlü əvəzetmələrin tənqid olunmasına da münasibət bildirib. O, komandanın hava mübarizələrində üstün olmaq üçün beş müdafiəçili sistemə keçdiyini qeyd edib.

“Ehtiyat oyunçuların meydana daxil olması ilə müdafiədə beşliyə keçməyə qərar verdik. Məqsədimiz fiziki cəhətdən güclü olmaq və hava toplarında üstünlük qazanmaq idi. Lakin dəyişikliklərdən əvvəl də çoxlu ötürmələr buraxırdıq”, – deyə o vurğulayıb.

Tuxel komandanın ikinci qolu vurmaq istədiyini, lakin topa nəzarəti itirməyin buna mane olduğunu söyləyib: “Əlbəttə, ikinci qolu vurmaq istəyirdik. Amma top bizdə olmayanda bunu etmək çətinləşir. Çox passiv idik və topu saxlaya bilmirdik”.

52 yaşlı mütəxəssis verdiyi qərarlara görə peşman olmadığını bildirib: “Başa düşürəm ki, bu qərarlar müzakirə olunur və hamının öz fikri var. Amma son qərarı verən mənəm”.

Xatırladaq ki, İngiltərə yarımfinalda Entoni Qordonun qolu ilə hesabda önə keçsə də, Enso Fernandes və Lautaro Martinesin son dəqiqələrdə vurduğu qollar Argentinaya 2:1 hesablı qələbə qazandırıb. İngiltərə millisi iyulun 19-da üçüncü yer uğrunda matçda Fransa ilə qarşılaşacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью