Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qonaq getdiyi evdə ev sahibinə məxsus 3000 manatlıq qızıl boyunbağını oğurlayaraq lombarda girov qoyan şəxs 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Qaynarinfo-nun məlumatına görə, hadisə 2026-cı ildə baş verib.
1998-ci il təvəllüdlü, Qəbələ rayonunun Vəndam qəsəbə sakini olan şəxs tanışının evində gecələdikdən sonra səhər saatlarında ev sahibinin yatmasından istifadə edərək dolabda saxlanılan 585 əyarlı, 16,6 qram çəkidə qızıl boyunbağını götürüb.
O, daha sonra boyunbağını “Gold Lombard”a girov qoyaraq 1700 manat pul alıb. Təqsirləndirilən şəxs məhkəmədə əməlini etiraf edib və qızılı lombarddan çıxararaq sahibinə qaytardığını bildirib.
Zərərçəkmiş şəxs ifadəsində təqsirləndirilən şəxslə bir yerdə işlədiyini və onu gecələmək üçün evinə dəvət etdiyini deyib. Səhər oyandıqda qızıl boyunbağının itdiyini görüb. Sonradan tanışının zinət əşyasını lombarda qoyduğu məlum olub.
Məhkəmədə zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışdığı, 3000 manatlıq ziyanın tam ödənildiyi və zərərçəkmişin şikayətinin olmadığı bildirilib.
Məhkəmə təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, himayəsində azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı ödəməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb.
O, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. İki gün tutulduğu müddət nəzərə alınaraq cəzası 11 ay 26 gün müəyyənləşdirilib.
Məhkəmənin qərarına əsasən, o, saat 23:00-dan səhər saat 06:30-dək yaşayış yerini tərk edə bilməz. Həmçinin elektron nəzarət vasitəsi gəzdirməli və Bakı şəhərinin hüdudlarını tərk etməməlidir.
Aydın