Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qeyd etmək lazımdır ki, gündəlik kirayə verilən evlər yalnız bizə xas bir anlayış deyil. Xarici ölkələrdə də bu praktika mövcuddur və əsasən turizm məqsədi ilə istifadə edilir. Lakin əsas fərq ondadır ki, bir çox ölkələrdə bu sahə ciddi qaydalarla tənzimlənir, xüsusi icazələr tələb olunur və ən əsası, yaşayış binalarında yaşayan insanların rahatlığı nəzərə alınır.
Bizdə isə vəziyyət fərqlidir. Gündəlik kirayə verilən mənzillər çox zaman hansı niyyətlər üçün istifadə olunduğu bilinməyən insanlara təqdim edilir. Bu cür evlərə gələn bəzi şəxslər öz davranışlarına nəzarət edə bilmir, gecə saatlarında səs-küy salır, ümumi yaşayış qaydalarına əməl etmir. Nəticədə ailələrin, uşaqların, yaşlı insanların yaşadığı binada bu vəziyyət adi narahatlıqdan çıxaraq, demək olar ki, işgəncəyə çevrilir.
Bir binada daimi yaşayan sakinlər üçün təhlükəsizlik, sakitlik və qarşılıqlı hörmət əsas dəyərlərdir. Lakin gündəlik kirayə verilən evlər bu tarazlığı pozur. Tanımadığın insanların hər gün binaya daxil olması, kim olduqlarının və nə məqsədlə gəldiklərinin bilinməməsi ciddi narahatlıq yaradır.
Bu problemin həlli üçün müvafiq nəzarət mexanizmlərinin tətbiq olunması, yaşayış binalarında gündəlik kirayənin məhdudlaşdırılması və ya tamamilə qadağan edilməsi vacibdir. Çünki yaşayış binası biznes məkanı deyil, insanların rahat və təhlükəsiz yaşamalı olduğu bir məkandır.
Leyla Mirzə, Bizimyol.info