Qonşunun elə hey bizə tərəf hürən itləri…

17.08.2026

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şimal qonşumuzun media məkanında o qədər dırnaqarası, siyasətdən anlayışı olmayan, satılmış ekspertlər fəaliyyət göstərirlər ki, onların timsalında indiyə qədər bir çox rüsvayçılıqların şahidi olmuşuq.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, beyinlə deyil, tarixin tozlu səhifələrindəki imperialist təfəkkürlə gözünü yumub ağzını var gücü ilə açan bu "ekspertlər" haqqı nahaqdan ayırmadıqları kimi, inadla nahaqqı haqq kimi qələmə verməyə çalışırlar.

İt hürər, karvan keçər prinsipi ilə bu cür çıxışlara çox da məhəl qoymasaq da, bəzən həddi aşan yerdə həddini aşana yerini göstərmək də, o yerin təsvirini ən düzgün şəkildə edib bu "şəxs"lərin mahiyyətini ortaya qoymaq da bizim vəzifəmizdir.

Atalar yaxşı deyib ki, qonşu iti qonşuya hürməz. Amma nə hikmətdirsə, bizim qonşuların itləri elə hey bizim tərəfə hürməkdə davam edirlər. Doğrudur, bizim hürmək ifadəsini bu şəxslərə şamil etməklə insanın ən sadiq dostlarını təhqir etmək fikrimiz yoxdur, ancaq hazırda ən aktual təsvir olaraq sözügedən "ekspert"ləri məhz bu cür izah edə bilərik.

Qısaca məsələ ilə bağlı… Bu gün Azərbaycan Respublikasının Baş Prokurorluğundan verilən məlumatda göstərilib ki, ölkəmizin Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışların edilməsi faktları ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Çağırışların mahiyyətinə fikir versək, aydın olur ki, bu, reaksiyasız qoya bilməyəcəyimiz bir mövzudur. Çünki kənardan kimliyi, mahiyyəti, əqidəsi və məramı şübhə altında olan bir neçə imperialist düşüncə aludəçisi artıq qırmızı xətləri aşaraq, necə deyərlər, başlarından böyük danışmağa başlayıblar.

Aparıcı, jurnalist İvan Knyazev, siyasi məsləhətçi və media eksperti Semyon Uralov, həmçinin televiziya jurnalisti və müxbiri, Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev - bütün bunlar bu "ekspertlər"in yalnız fiziki koordinatlarıdır. Mənəvi müstəvidə isə bu satılmış ağızların koordinatları, şübhəsiz ki, heç vaxt olmayacaq. Ancaq istənilən halda "qırmızı xətləri" keçməyə cəhd edən bu "üç muşketyor"un qarşısına onların mahiyyətlərindən daha böyük bir nöqtə qoymaq zərurətdir…

Yuyulmuş beyinlər, satılmış qələmlər, əqidədən məhrum düşüncə tərzi - bütün bunlar sözügedən "ekspert"lərin tipik xüsusiyyətləridir. Əks halda bütün dünyanın gördüyü həqiqətləri bu cür həyasızcasına inkar etmək mümkündürmü?

Məsələnin mahiyyəti qısaca olaraq belədir. Rusiyada bu "ekspertlər" toplaşıblar bir məkana və başlayıblar Azərbaycanın ədalətli mövqeyi barədə atıb-tutmağa… Yəni Azərbaycanın beynəlxalq hüquqa söykənən mövqeyi bu kiçikçaplı aqressorlarda qıcıq yaradıb. Onlar düşünürlər ki, Ukraynanın ərazi bütövlüyünə dəstək vermək, müstəqil siyasət yürütmək, ədaləti bərqərar etmək və bu qəbildən olan əlahəzrət faktlar birmənalı olaraq Rusiyanın lehinə inkar edilməli, hətta bunu etməyənlər "cəzalandırılmalıdırlar". Cəza dedikdə isə bu təfəkkürün sahibləri hansısa hüquqa söykənən addımdan danışmırlar, birbaşa, açıq-aşkar şəkildə terrorizmdən bəhs edirlər. Fikirləri ilə razılaşmayanları aradan götürməyi, məhv etməyi məsləhət görürlər. Tarixin qanlı səhifələrində ilişib qalan bu riyakar dəllallar dərhal 1990-cı illərin əvvəllərində əcdadlarının əli ilə formalaşmış xaos mühitini xatırlayır, Azərbaycanın tolerant cəmiyyətində vəhdət halında yaşayan xalqlar arasında milli zəmində qarşıdurma alovlandırmaq üçün özlərinin belə inanmadıqları anlamsız müqayisələr aparır, Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanmasına çağırış edirlər.

Bu ağzıqara "ekspertlər" hesab edirlər ki, Azərbaycan, onun xalqı və dövləti Rusiyanın Ukraynada apardığı müharibəyə dəstək verməli, əks halda düşmən elan edilməlidir. Bununla yanaşı, hərbi müdaxilə variantları da nəzərdən qaçmamalıdır.

Söz yox ki, Azərbaycan Prezident İlham Əliyevin liderliyində dünyada sülhün tərəfdarı, haqq-ədaləti daim müdafiə edən və bu uğurda qətiyyət nümayiş etdirmiş ölkə kimi tanınır. Belə olan halda ərazi bütövlüyümüz, müstəqilliyimiz kimi "qırmızı xətlərimizi" keçməyə cəhd göstərən bu dırnaqarası ekspertlər daha bir həddi keçmək istəyirlər. Onlar Azərbaycan liderinin layiqli mövqeyini, haqq sözlərini özləri üçün təhlükə hesab edir və həqiqətlərlə barışmaq istəmirlər. Bir qədər də irəli gedən bu üç "ekspert" Azərbaycan liderinin Rusiya qanunları ilə mühakimə edilməli olduğunu vurğulayır.

Təsəvvür edirsiniz bunun üçün əsasları nədir? Təbii ki, süqutunu həzm edə bilmədikləri Sovet İttifaqı. Həmin qanla qurulan imperiyanın süqutuna qədər keçmiş sovet ölkələrində doğulmuş bütün insanların hazırda Rusiya qanunları ilə mühakimə edilə biləcəyi fikri, sadəcə, müasir cəmiyyətdən təcrid olunmuş, beynəlxalq hüquqdan anlayışı olmayan ibtidai birhüceyrəli beyinlərin məhsulu ola bilər. Birhüceyrəli deyərkən çox səxavətli davrandım, deyəsən, ancaq istənilən halda bu cür xəstə düşüncələrin hələ də səsləndirilə bilməsi Rusiya mediasında, siyasətində davam edən çox ağrılı və təəssüf doğuran siyasətin nəticəsidir.

Təbii ki, sözügedən ekspertlərin müvafiq sərsəmliyinə Azərbaycan artıq dövlət səviyyəsində reaksiya verib, onlarla bağlı cinayət işi açılıb və İnterpol xətti ilə bu üç dələduz axtarışa verilib. Onların Azərbaycanın dövlətçiliyi, ərazi bütövlüyü, ölkə başçısı barədə fikirləri, sadəcə, ağıl tutulmasıdır və yuxarıda qeyd etdiyimiz kimi, itin karvanın arxasınca hürməsindən başqa bir şey deyil. Nə qədər bərkdən və var gücləri ilə hürsələr, canlarına düşən qorxu və yaşadıqları rüsvayçılıq da hər zaman bir o qədər çox olacaqdır. Onların mühakiməsi ədalətə söykənməsə də, bizim mühakiməmiz ədalətlidir və bu cılız siyasi fiqurlar mütləq cəzalarını alacaqlar.

Sonda mətnin əvvəlindəki bənzətməyə görə bir daha heyvan hüquqları müdafiəçilərindən ölkəsinin "qırmızı xətlərini" bilən və bu dəyərlərə dil uzatmağa cəhd göstərən hər məxluqa cavab verməyi özünə borc bilən biri kimi üzr istəyirəm…

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью