Qonşunuz şikayət etsə, 200 manatınız gedəcək Kirayə bazarında yeni dövr

23.01.2026

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kirayə mənzil sahəsində vergidən yayınma hallarının qarşısının alınması üçün qanuna bir neçə dəyişiklik edilib. Bu sahəyə nəzarət mexanizmi olduqca çətin olsa da, dövlət vətəndaşları vergidən yayınmamaq üçün təşviq etməyi hədəfləyir.
İqtisadçı Vüqar Oruc qanuna edilən dəyişiklik barədə Demokrat.az-a bildirib ki, Cərimənin 40 manatdan 200 manata qaldırılması 2026-cı ildən kirayə münasibətlərində müqaviləsiz halların qarşısını almağa yönəlib:
"Əgər mənzil müqavilə bağlanmadan kirayə verilir və vergidən yayınma faktı aşkar edilirsə, əvvəllər tətbiq olunan 40 manat cərimə əvəzinə artıq 200 manat cərimə nəzərdə tutulur. Bu məbləğin artırılmasında məqsəd vətəndaşlarda məsuliyyət hissini gücləndirmək, vergidən yayınmanın qarşısını almaqdır. Gəlir əldə edən hər kəs dövlətin müəyyən etdiyi qaydalara uyğun olaraq vergi ödəməlidir. Üstəlik məsuliyyət təkcə 200 manatla məhdudlaşmır. Qanunvericiliyə əsasən bir aylıq əldə olunan gəlir və cərimə birlikdə tutulur. Təkrar hallarda isə inzibati məsuliyyət tətbiq oluna bilər".
Ekspert deyib ki, bu addım vətəndaşların qanuni iqtisadi fəaliyyətə cəlb edilməsi, kölgə iqtisadiyyatının leqallaşdırılması və qeyri-rəsmi fəaliyyətin qarşısının alınması məqsədi daşıyır:
"Lakin hələlik mənzillərin monitorinq mexanizmi tam müəyyənləşməyib. Yoxlamaların hansı qaydada və hansı qurum tərəfindən aparılacağı açıqlanmayıb.
Ehtimal olunur ki, bu prosesdə sahə müvəkkilləri və aidiyyəti qurumlar iştirak edəcək, qanunsuz kirayə halları aşkarlanaraq 10 faiz verginin ödənilməsi tələb olunacaq".
Ekspert bildirir ki, ötən ilin sonunadək fiziki şəxslər mənzillərini kirayə verərkən 14 faiz vergi ödəyirdi. 
"Bu ildən həmin faiz 10 faizə endirilib. Məqsəd büdcədən yayınan vergilərin geri qaytarılması və ölkədə kirayə mədəniyyətinin formalaşdırılmasıdır.
Çünki əvvəlki dövrdə vergi dərəcəsi 14 faiz olsa da, kirayə münasibətlərinin 80 faizdən çoxu qeyri-rəsmi həyata keçirilirdi. Faizin azaldılması ilə dövlət bu sahədə fəaliyyət göstərən vətəndaşları vergiyə cəlb etməyi hədəfləyir"- deyə ekspert bildirib.
Yəni, əgər siz evinizi kirayə verirsinizsə, artıq risk etmək maliyyə baxımından daha baha başa gələcək. Cərimənin 5 dəfə artırılması o deməkdir ki, qeyri-rəsmi kirayə verməkdən qazanacağınız məbləğ birdəfəlik cəriməyə gedə bilər. Əvəzində dövlətin vergi dərəcəsini 10 faizə endirməsi sizə mənzilinizi rəsmiləşdirərək həm hüquqi təhlükəsizliyinizi təmin etmək, həm də cərimə qorxusu olmadan gəlir əldə etmək imkanı verir.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью