Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Şəhidimizin doğum günüdür
44 günlük Vətən Müharibəsində şəhidliyə ucalan qəhrəman igidlərimizdən biri də Elvin Sadıqovdur.
Elvin 3 noyabr 1998-ci ildə Goranboy rayonunun Qaradağlı kəndində anadan olub.
2017-ci ildə hərbi xidmətə çağrılıb. Naxçıvanda Vətəninə xidmət etməyə başlayıb. Müddətdən artıq xidmət göstərərək Naxçıvan Xüsusi Təyinatlılarında fəaliyyətini davam etdirib. Sonuncu məzuniyyətində dayısının yanına gələrək ondan bir xahiş edib, anasının məzarını sonuncu dəfə görmək istədiyini bildirib.
İkinci Qarabağ Müharibəsindən bir həftə əvvəl Elvin əməliyyat olunub. Müharibə başlanan zaman Elvin də müharibədə iştirak etmək istəyib, lakin səhhətindəki vəziyyətə görə həkimlər ona fikrindən çəkinməyi məsləhət görüb. Elvin isə "mən neçə ildir bu vaxtı gözləyirdim, Vətənimizin bizlərə ehtiyacı var",- deyərək Füzulidə döyüş bölgəsinə yollanıb.
Müharibə zamanı XT qrup kəşfiyyatçı-pulemyotçu kimi hərbi xidmətini yerinə yetirib. Elvin Sadıqov doğulduğu gün- noyabrın 3-də Şuşa şəhəri istiqamətində istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamları ilə Elvin Sadıqov ölümündən sonra “III dərəcəli Vətənə xidmətlərə görə” ordeni "Vətən uğrunda", “Hərbi xidmətlərə görə” və “ Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Böyüyüb boya-başa çatdığı mühitdə hər zaman ətrafındakıların sevgisini qazanan Elvin, Vətənə, torpağa olan sonsuz sevgisi ilə tanınmışdır. Vətənin dar günündə bir an belə tərəddüd etməyən Elvin Silahlı Qüvvələrimizin sıralarında hərbi xidmətini şərəflə yerinə yetirmiş, hərbi nizam-intizama və əsgəri borca həmişə sadiq qalmışdır.
Müşfiq MİRZƏ
XQ