Qorxu və əyləncənin qovuşduğu unudulmaz gecə

02.11.2026

Icma.az, Oxumeni.az saytına istinadən bildirir.

Qorxu və əyləncənin qovuşduğu unudulmaz gecə

Dünyanın bir çox ölkəsində böyük coşqu və maraqla qeyd olunan Cadılar Bayramı (Halloween) bu il də rəngarəng, eyni zamanda qorxulu görüntülərlə yadda qalıb. Hər il oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə keçirilən bu qədim ənənə müasir dövrdə mistika, qorxu və əyləncənin vəhdətini əks etdirən beynəlxalq tədbirə çevrilib.
Cadılar Bayramının əsas özəlliyi qorxu ilə əyləncənin bir araya gəlməsidir. Küçələri bürüyən qeyri-adi işıqlandırmalar, qorxunc makiyajlar, vampir, zombi, skelet və cadugər obrazlarında geyinmiş insanlar şəhərlərə fərqli görkəm verir.
İştirakçılar hər il daha orijinal və diqqətçəkən obrazlar yaratmaq üçün bir-biri ilə yarışırlar. Klassik ruh və skelet obrazlarından tutmuş, məşhur filmlərin qəhrəmanlarınadək müxtəlif geyimlər gecənin ən maraqlı məqamlarından birinə çevrilir.
Evlərin, mağazaların və əyləncə məkanlarının bəzədilməsində içi oyulmuş balqabaqlardan, hörümçək torlarından, süni qan izlərindən və müxtəlif qorxulu dekorasiyalardan istifadə olunur. Bütün bunlar insanlarda sanki mistik bir dünyanın içində olduqları təəssüratını yaradır.
Cadılar Bayramı yalnız kostyum geyinmək və əylənməkdən ibarət deyil. Bu bayramın əsrlər boyu formalaşmış özünəməxsus adət-ənənələri də var.
Xüsusilə uşaqların səbirsizliklə gözlədiyi bu ənənə zamanı onlar müxtəlif qorxulu və əyləncəli geyimlərdə ev-ev gəzərək qapıları döyür, ev sahiblərindən şirniyyat istəyirlər. Şirniyyat verilmədikdə isə zarafatla kiçik oyunlara və əyləncələrə əl atırlar.
Bayram gecəsində evlərdə qorxu filmlərinin nümayişi, gecə klublarında tematik şənliklər, maskaradlar və rəqs tədbirləri təşkil olunur. Bir çox insan bu gecəni dostları və ailə üzvləri ilə birlikdə keçirməyə üstünlük verir.
Cadılar Bayramı insanlara gündəlik həyatın qayğılarından uzaqlaşmaq, fərqli obrazlara bürünmək və qeyri-adi atmosferdə vaxt keçirmək imkanı yaradır. Müxtəlif ölkələrdə fərqli formalarda qeyd edilən bu bayram hər il daha geniş auditoriya toplayır.

Xatırladaq ki, bu il bayram şənlikləri ABŞ-ın Nyu-York və Vest-Holivud şəhərlərində, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində, Hindistanın Mumbay və Kolkata şəhərlərində, Yeni Zelandiyanın Oklend şəhərində, eləcə də Boliviyanın La-Pas və Kolumbiyanın Boqota şəhərlərində müxtəlif paradlar, kostyum nümayişləri və əyləncə tədbirləri ilə qeyd olunub.
Qədim ənənələrdən qaynaqlanan Cadılar Bayramı bu gün artıq yalnız qorxu və mistika ilə deyil, həm də yaradıcılıq, əyləncə və sosial ünsiyyətlə yadda qalır. Bir sözlə, bu gecə milyonlarla insan üçün qorxunun belə əyləncəyə çevrildiyi unudulmaz bir bayramdır...

Şahmurad

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью