Icma.az, 525.az portalına istinadən məlumat verir.
Kamalə ABİYEVA
İnsanların həmişə nəyəsə ehtiyacı olur. Təbii, mənəvi, maddi... Bir də adamı heyrətə salan qorunmaq ehtiyacı var. Yox, təbii fəlakətlərdən demirəm, bir-birindən qorunmaq. Bir anlıq hər birimiz düşünək: həmişə bir-birimizdən qorunmaq, müdafiə olunmaq ehtiyacımız niyə olsun? Bu necə ağır yükdür, necə sarsıdıcıdır.
Bir də uşaqlar var. Daha dəqiq, 1 iyun Uşaqların Beynəlxalq Müdafiə Günü var. Beynəlxalq gün! Bütün dünyada bayram kimi qeyd olunan gün.
Bu günü qadınlarımız tarixiləşdirib. “Niyə”si maraqlıdır. Önəmlidir. Bu günün qeyd olunması qadınların – anaların dünyaya "Müharibələrə yox!" mesajıdır.
Dünyanı Analar idarə etsəydi...
Hələ Birinci Dünya savaşından dəhşətə gələn ingilis sosial islahatçısı Eqlantayn Cebb (1876-1928) kimi. Müharibənin gətirdiyi acıları anlayan xanım səfalətə düçar olan, aclıq çəkən Avstriya və Almaniya uşaqlarına yardım etmək üçün 1919-cu ildə "Uşaqları xilas edin” (Save the Children) fondu yaradır. 1959-cu ildə BMT tərəfindən müəyyən redaktə və dəyişikliklərlə qəbul edilən, 1989-cu ildə isə Uşaq Hüquqları Konvensiyasının təkanvericilərindən olan ilk Uşaq Hüquqları Bəyannaməsinin ilkin variantını da 1925-ci ildə E.Jebb hazırlayıb. 1949-cu ildə Qadınların Beynəlxalq Demokratik Federasiyasının konqresində 1 iyun tarixinin Uşaqların Beynəlxalq Müdafiə Günü kimi qeyd olunması təklif edilib və 1950-ci ildən etibarən bu günün qeyd olunmasına başlanıb.
Bu günü biz də qeyd edirik. Hər il müxtəlif maraqlı tədbirlər hazırlanır, uşaqlara "sənin bayramındır” deyirik – nə gözəl. Simvolik olaraq bayram kimi qeyd etsəydik, sevinərdim. Sevinclidir, amma bu sevinc ağrılı, ağlayan sevincdir. Çünki uşaqları – dünyamızı müdafiə etməyə, qorumağa məcburuq. Yada salmalıyıq uşaqları – yadımıza salmalıyıq. "NİYƏ”si narahat edir. Yəqin ki, bu "niyə” savaşlara qarşı "Durun! Dayanın!” harayıdır.
Vikipediyadan öyrəndim ki, “Uşaq Hüquqları Bəyannaməsi"ndən əlavə, 1989-cu ildən bütün dövlətlərin qəbul etdiyi "Uşaq Hüquqları Konvensiyası" da (UHK) mövcuddur.
Amma təəssüf ki, bu sənədi qəbul edən ölkələr müharibə edir.
Yenə düşünək: Bu, nədir? Dövlətlər özü-özüylə oyunmu oynayır? Bir-birinimi aldadır?
Bütün insanlar müharibə istəyə bilməz. İstəmir də. Hamı öləcəyini bilir, niyə bir-birini öldürsün ki?
İnsanlar bir-birindən qorunmaq üçün evlər, məhəllələr, kəndlər, şəhərlər, dövlətlər – sərhədlər yaratdılar. İnsanların ağlı, savadı, dünyagörüşü artdıqca sərhədlər də artıb, möhkəmlənib, daha güclü qorunub. Məktəbdə atom fizikasından, radioaktivlikdən, nüvə reaksiyalarından dərs keçirdim uşaqlara. Hələ 2500 il əvvəl Demokrit cisimlərin kiçik zərrəciklərdən – atomlardan təşkil olunduğunu deyib. Atomun quruluşu 25 əsrə yaxın öyrənilib, hələ də öyrənilir. Bapbalaca atom bəşəriyyəti həmişə təəccübləndirir. Bəlkə Bekkerel təsadüfən radioaktivliyi – nüvələrin özbaşına şüalanmasını müşahidə etməsəydi, Pyer və Mariya Kurilər, ya başqa alimlər bu hadisəni tədqiq etməsəydilər, Rezerford da atomun quruluşunu verə bilməzdi. Nüvə reaksiyaları da öyrənilməzdi, nüvə silahları da yaranmazdı… Nə bilim, o qədər fikir yürüdürəm ki. Yəqin Demokrit, Bekkerel, Rezerford kimi nəhənglərin ağlına gəlməyib ki, insanlar atomu öyrənə-öyrənə bir gün kütləvi qırğın silahları düzəldəcək, bir-birlərini məhv etməkçün. Təbii ki, atomu əvvəl-axır kimsə kəşf edəcəkdi. Və bir gün sevginin yavaş-yavaş öləcəyi gümanlıqdan çıxacaqdı.
Müharibə adamyeyən divdir, yeddibaşlı əjdahadır, təpəgözdür. Onlar haqqında anaların, nənələrin danışdığı nağıllarda eşitmişdik. Boşuna deyilmiş, yalan deyilmiş. Ana və nənələrin nigaran duyğularıymış, bir gün bu adamyeyənlərə qalib olmaq ümidiymiş nağıllar. Böyüdükcə anladım bunu:
Nağıllar anaların uydurduğu ümidlər,
ümidlər anaların uydurduğu nağıllardı...
Uşaqları qorumaq kimi ehtiyacımız varsa, insanlığı qorumağa ehtiyacımız var, deməli, sevgi ölür. Yəni tarix boyu çəkişmələrin, müharibələrin baş verməsini heç cür ağlım almır. Hamı həyata bir dəfə gəldiyini, necə yaşasa da öləcəyini bilir, özü də dəqiq bilir, güman yeri olmadan bilir. Nəinki ayrı-ayrı insanların, dövlətlərin də "mənəmlik iddiası”nı başa düşmürəm. Niyə döyüşürlər, niyə müxtəlif bəhanələrlə həyatı cəhənnəmə döndərirlər? Sonra da deyirlər "cənnət o biri dünyadadır”. Dünyada səfil, ac-yalavac, evsiz-eşiksiz bu qədər insan varsa, nəhəng, demokratik dövlətlər niyə silaha bu qədər pul xərcləyir? Öz nəhəngliyini qorumaq üçünmü? Əgər insanlar silah düzəldirsə, deməli, sevgi ölür. Müharibə sevginin məğlubiyyətidir.
Müharibə – insanlığın faciəsi, fəlakəti,
Müharibə – insanların bir-birinə xəyanəti.
Müharibə – ölüm yağışı – göz yaşı, göz yaşı, göz yaşı...
Bircə damcı göz yaşına dəyməz vallah, min cür silah.
Bircə damcı göz yaşıdı, insan qanıdı
edə biləcəyimiz ən böyük günah.
Əgər bu günahdan qoruna bilsək...
Əslində insan həyat uğruna, xoşbəxtlik uğruna savaşmalı, yaşamalıdır. Xoşbəxt günləri qeyd etməliyik biz. Təntənə ilə qeyd etməliyik; Uşaqların Beynəlxalq Müdafiə Günü kimi. Sadəcə bir bayram günü kimi. Qorxuyla, göz yaşıyla deyil, bayram kimi. Sevinclə.
Bu il də bu gün qeyd olunacaq müxtəlif ölkələrdə. Şənliklər olacaq, mahnılar oxunacaq, uşaqlara hədiyyələr alınacaq...
Uşaqlar xoşbəxt olacaqlarmı?
Dünyamızın qaynar qazana bənzədiyi bir vaxtda nə arzulamaq olar? Rahat, güllə səsi eşidilməyən günlər, sülh içində yaşamaq. Mən də bütün dünyamıza bunu arzulayıram.