Qrenlandiyanın buz təbəqəsi sürətlə kiçilir

01.09.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Danimarka və Qrenlandiyanın Milli Geoloji Xidmətinin (GEUS) məlumatına görə, Qrenlandiyanın ərazisinin təxminən 80 faizini əhatə edən buz təbəqəsi ardıcıl 30-cu ildir ki, kiçilir.

Bakıvaxtı.az xəbər verir ki, tədqiqatçılar buz təbəqəsinin əriməsini “iqlim siqnalı” kimi qiymətləndirirlər. Məlumata görə, Qrenlandiya buz təbəqəsinin kütləsi sonuncu dəfə 1995–1996-cı illərin ərimə mövsümündə artıb. Həmin vaxtdan etibarən buz təbəqəsinin kütləsi davamlı olaraq azalıb.

GEUS-un son hesablamalarına əsasən, Qrenlandiya buz təbəqəsi 2025–2026-cı illər mövsümündə təxminən 173 milyard ton, 2024–2025-ci illər mövsümündə isə 130 milyard ton buz itirib. Bununla belə, bu göstəricilər rekord səviyyədən uzaqdır. 2012-ci ildə buz itkisi 458 milyard tona çatıb.

GEUS-un Buzlaqologiya və İqlim Departamentinin tədqiqatçısı Signe Hillerup Larsen bildirib ki, ayrı-ayrı illərdə hava şəraiti buz itkisinə ciddi təsir göstərə bilər. Buna görə də uzunmüddətli iqlim tendensiyalarını müəyyənləşdirmək üçün adətən 30 illik dövrə nəzər salınır.

Onun sözlərinə görə, Qrenlandiya buz təbəqəsinin ardıcıl 30 il ərzində kiçilməsi qlobal istiləşmənin buzların əriməsini sürətləndirdiyini göstərir.

Əriyən buz təbəqələri qlobal dəniz səviyyəsinin yüksəlməsinə səbəb olur. Buzun şirin sudan ibarət olması isə okeanlardakı duz balansına və qlobal okean dövranına təsir göstərə bilər. 

Murad İsmayıl 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью