Qrip olanlar bu çayları içir, amma… Həkimdən mühüm AÇIQLAMA KONKRET

13.11.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Qripə yoluxan zaman bir çox insan dərman preparatları ilə yanaşı, müxtəlif bitkilərdən hazırlanmış çaylara da üstünlük verir. Cökə, zəncəfil, adaçayı, kəklikotu və çobanyastığı kimi bitki dəmləmələrinin immuniteti gücləndirdiyi, virusla mübarizəyə kömək etdiyi və sağalma prosesini sürətləndirdiyi düşünülür.

Bəs bu çayların qrip zamanı həqiqətən müalicəvi təsiri varmı, yoxsa onların istifadəsi sadəcə köməkçi vasitə hesab olunmalıdır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan terapevt Rasif Bağırov bildirib ki, bitki çaylarının qripin müalicəsində ciddi və birbaşa təsiri yoxdur.

“Bu vasitələr əsasən köməkçi rol oynayır və xəstəliyin aradan qaldırılmasında həlledici əhəmiyyət daşımır.

Bitki dəmləmələri müəyyən qədər qan dövranına və orqanizmdə maddələr mübadiləsinə müsbət təsir göstərə bilər. Lakin onların virusu məhv etdiyini və ya qripin sağalmasını əhəmiyyətli dərəcədə sürətləndirdiyini söyləmək düzgün deyil.

Qrip zamanı əsas diqqət orqanizmin kifayət qədər maye qəbul etməsinə yönəldilməlidir. Xəstəlik dövründə su içmək, xüsusilə də qızdırma və tərləmə nəticəsində itirilən mayenin bərpası baxımından vacibdir.

“bəzi bitki çayları sidikqovucu təsir göstərə bilər. Belə hallarda, xüsusilə kifayət qədər maye qəbul edilmədikdə, orqanizmin susuzlaşması riski artır və bu da xəstənin vəziyyətini ağırlaşdıra bilər”.

Həkim vurğulayıb ki, qripdən sonra bəzən müxtəlif fəsadlar da meydana çıxır. Onun fikrincə, xəstəliyin gedişatına diqqət yetirmək, vəziyyət ağırlaşdıqda vaxtında tibbi yardıma müraciət etmək vacibdir.

Beləliklə, bitki çayları qrip zamanı maye qəbulunu təmin edən və bəzi simptomları yüngülləşdirən köməkçi vasitə ola bilər. Ancaq onları virusəleyhinə müalicə kimi qəbul etmək olmaz. Qrip zamanı əsas məsələ kifayət qədər maye qəbul etmək, istirahət etmək və zərurət yarandıqda həkim məsləhəti ilə müalicə aparmaqdır.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью